Bakı Metropolitenində sərnişinlərin sıxlığı zamanı eskalatorlardan biri işləmir.


Bu barədə sərnişinlər BAKU.WS şikayətlərində bildiriblər. Onların sözlərinə görə. "28 may” stansiyasında PİK saatlarında metroya giriş üçün eskalatorlardan yalnız biri işləyir. Halbuki metroya girən sərnişinlərin sayı çox olur. Lakin yuxarı qalxan sərnişinlər az olduğu halda 2 eskalator işləyir. Sərnişinlər bunu elektrik enerjisinə az qənaət edilməsilə izah edirlər.

Məsələni aydınlaşdırmaq üçün Bakı Metropolitenilə əlaqə saxladıq. Qurumun rəsmisi Nəsimi Paşayev BAKU.WS-ə açıqlamasında bildirdi ki, görünlən işlərin hamısı sərnişinlərin təhlükəsizliyini qorumaq məqsədi daşıyır.

Metro rəsmisi bildirdi ki, "28 may” stansiyası 1967-ci ildə tikilib və platformanın uzunluğu 45 metrdir. Üstəlik stansiyaya bir neçə girişin olması və Cəfər Cabbarlı ilə keçidin məhz "28 may”da dəyişməsi sərnişin sıxlığı ilə nəticələnir.


"Digər stansiyaların geniş və platformaların 104 metr olması basabasın qarşısını alır. Lakin "28 may” stansiyasında isə daha çox basabas olur. Bu zaman sərnişinlərin təhlükəsizliyini qorumaq, panikanın qarşısını almaq üçün bu tədbirlərə əl atılır. Burada elektrik enerjisinə qənaət etmək kimi fərziyələr isə əsassızdır”, - deyə Nəsimi Paşayev bildirib.

Metro rəsmisi bildirib ki, bəzi stansiyalarda da sərnişin sıxlığı yaranan zaman bəzi tədbirlər görülür: "Tofiq Bəhrəmov adına stadionda futbol oyunu keçirilərkən "Gənclik” stansiyasına girişi qismən məhdudlaşdırırıq ki, basabas yaranmasın. Bütün bu tədbirlər sərnişin axınını nizamlamaq üçündür”.

Ziya Səccad

BAKU.WS