SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) Kaspian Motor Şou 2024 avtomobil sərgisi barədə rəsmi açıqlama verib.

BAKU.WS xəbər verir ki, sərgi 5-7 İyul 2024-cü il tarixində baş tutacaq. Sərginin daimi tərəfdaşı Azərbaycan Avtomobil Federasiyası (AAF) və Dənizkənarı Bulvar İdarəsidir. Ən yeni modellərdən ibarət ekspozisiya Bakı sakinlərinin və turistlərin sevimli məkanı – Dənizkənarı Bulvarda qurulacaq. 

AADA-nın rəsmi məlumatında bildirilir: «Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» proqramında təmiz ətraf mühitə nail olmaq və “yaşıl artım” ölkəsinə çevrilmək kimi hədəflər təyin edilmişdir. 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmiş və Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyə hazırlaşır.

Bu proqram çərçivəsində ekoloji nəqliyyat vasitələrinin təşviqini gücləndirmək üçün AADA bir sıra tədbirlər həyata keçirir və ya tərəfdaşlıq edir. Belə tədbirlərdən Abşeron Logistika mərkəzində təşkil olunmuş ekoloji avtomobillərin yürüş və sərgisini, Bakı Dövlət Peşə Təhsil Mərkəzində ekoloji avtomobillər mövzusunda konfrans və sərgini, Fövqaladə Hallar Nazirliyinin Akademiyasında «Elektrik avtomobillərində yanğın təhlükəsi» mövsusunda konfransı misal gətirmək olar. Kaspian Motor Şou 2024 sərgisində ekoloji avtomobillərin təşviqinə xüsusi diqqət ayrılacaq və belə modellər üçün xüsusi ayrılmış zona təşkil olunacaq.»

Xatırladaq ki, Kaspian Motor Şou 2003-cü ildən ölkənin müxtəlif bölgələrində keçirilir. Bu sərgilərdə ənənəvi olaraq, müxtəlif yarışmalar, müsabiqələr, əyləncələr və konsert təşkil olunur.

BAKU.WS