Biləcəridə Dəmiryolu Stansiyasındə yenidənqurma işlərinə başlanılsa da, təmir-tikinti prosesi müvəqqəti olaraq dayandırılıb.

 

Bu barədə qəsəbə sakinləri BAKU.WS-ə şikayətlərindən bildiriblər. Sakinlərin sözlərinə görə, artıq bir aya yaxındır ki, təmir işlərinə ara verilib.

Sakinlər Biləcəri Dəmiryolu Stansiyası yaxınlığında tikinti getdiyindən ətrafda rahat hərəkət etmək mümkün olmadığından narahatdırlar. Bildirilir ki, yollara tökülən qum, daş və zibillər insanları narahat edir.

BAKU.WS olaraq məsələyə aydınlıq gətirmək üçün əraziyə yollandıq. Araşdırmalar zamanı məlum oldu ki, həqiqətən də, Biləcəridən rayonlara gedən istiqamətdə dəmiryolu stansiyasındə təmir işləri dayandırılıb.


Ərazidəki dəmiryolçulardan aldığımız məlumata görə, tikinti işləri maliyyə problemilə əlaqədar müvəqqəti olaraq dayandırılıb. Deyilənlərə görə, tikinti işləri yekunlaşıb. İndi qalıb əraziyə yeni avadanlıqların, turniketlərin və digər vasitələrin quraşdırılması. Hələlik maddi problemlər olduğu üçün yenidənqurma işlərinə ara verilib.

Rəsmi olaraq "Azərbaycan Dəmir Yollar” QSC-dən isə bu sahədə heç bir problem olmadığını bildirdilər. Qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun BAKU.WS-ə verdiyi məlumata görə, tikinti işləri plana uyğun aparılır. Bu sahədə heç bir maddi sıxıntı yoxdur.  

Ziya Səccad
BAKU.WS