İsti yay günlərində sakinlərin üz tutduğu əsas məkanlardan biri də Dənizkənarı Milli Parkdır. Daha çox axşam saatlarında insanlarla dolu olan bu məkanda özlərini etikadan kənar aparanlar da tapılır. Əllərindəki zibili dənizə, ətrafa  atan insanların bu hərəkətinin əvəzini bu yaşlı insanlar ödəyir. Onlar beş ildən çoxdur ki, səhər tezdən axşam saatlarına qədər dənizdəki zibilləri toplayırlar. Bu gün onlar üçün adi, növbəti iş günlərindən biridir. Gündəlik iş isə kapitanla çay süfrəsi arxasında kiçik planlaşma ilə başlayır.

 
Nurəddin Səbzəliyev hər gün saat 7-də planlaşma keçirdiklərini deyir: "Səhər saat 7-dən gündəlik görəcəyimiz işləri planlaşdırmağa başlayırıq. Hara gedəcəyimizi müəyyənləşdiririk. Bizim baş dispetçer idarəmiz var, nəticəni onlara məruzə edirəm. Bu gün bulvar istiqamətinə gedəcəyik. Çünki elə də güclü külək yoxdur. Çayınızı için, başlayaq. Ona qədər də bizim matroslar gəmini hazırlasınlar. Matroslar bizimlə çoxdan işləyirlər, hər biri öz vəzifəsini yaxşı bilir”.
 
Beləcə "Bulvar-1” gəmisi işə salınır. İşçilər ərazini diqqətlə müşahidə edir, gördükləri tullantıları torla qaba yığırlar.
 
"Biz hazırda Bakı buxtasının bulvar ərazisində olan hissəsində təmizlik işlərini müşahidə edirik. Gördüyünüz "Bulvar-1” gəmisi  səhər saatlarından başlayaraq Xəzəri tullantılardan təmizləyir”.
 
Təmizləmə işləri davamlı aparıldığı üçün zibil tullantılarının sayı müşahidə olunacaq qədər azalıb. Matrosumuz diqqətlə ərazini nəzərdən keçirir, zibil tullantısı gördükdə kapitana gəmini həmin istiqamətə yönəltməyə işarə edir. Yığdıqları tullantılar arasında isə nələr yoxdur, nələr...
 
"Gördüyünüz kimi su üzərində tez-tez zibil müşahidə olunur. İşçilər tullantıları bu tor vasitəsi ilə təmizləyirlər”.
 
Gəmidə çalışanlar yığılan tullantılar arasında maraqlı əşyaların da olduğunu deyir: "Həmişə dənizi beləcə təmizləyirik. Mən matrosam, gəminin təmizliyinə də baxıram. İşin axırında həmişə gəmini yuyub təmizləyirik. Yığdığımız tullantılar arasında əsasən butulka, kağız, taxta qırıntıları olur. Cadunu bağlayıb atırlar dənizə. Açar da, kukla da, kağızlar da tapırıq. Mən onların hamısını açıram, kağızları da cırıram. Dəfələrlə olub görmüşəm ki, cadudur, dərhal da götürmüşəm”.
 
Dəniz təkcə məişət tullantıları ilə  deyil, həm də çirkin əməllər nəticəsində pislənir.
 
"Bəzi adamlar dənizi bu cür şeylərlə çirkləndirirlər. Üstü yazılmış kağızlar, qıfıl, yumurta və cadu dedikləri nələrsə... Biz isə caduları çıxararaq onların planlarını puç edirik”.
 
Bu qayda ilə gəmi Bayraq meydanından Ağ şəhər istiqamətində hərəkət edir. Xəzəri 5 ildir ki, bu üsulla təmizlədiklərini deyən Baba Əliyev əvvəllər çirklənmənin daha çox olduğunu deyir: "İndi insanlarımız da mədəniləşib, az zibil atırlar. Zibil daha çox cənub-şərq küləyi əsəndə olur. Hər gün işimizin öhdəsindən gəlirik. Dəniz səviyyəsində olan mazutu isə xüsusi nasoslar vasitəsilə yığırıq”.
 
40 ildir ki, dənizdə işləyən Nurəddin dayı deyir ki, bu işin olduqca çətin tərəfləri var: "Yayın qızmar vaxtları, küləkli hava, olduqca soyuq hava bizim üçün çətin vaxtlardır. Çünki gəmi sahil ərazisində, qapalı zonada işləyir. Gəminin dayanmaq üçün yeri az olduğu üçün, başqa tip gəmilər burada işləyə bilmir”.
 
Nurəddin dayı deyir ki, hər atılan zibili onlara, şəhərə və dənizə qarşı edilən hörmətsizlikdir: "İnsanlara tövsiyə edərdim ki, öz şəxsi təmizliklərinə fikir verdikləri kimi ətraf mühitin də təmizliyinə fikir versinlər. Əllərinə keçəni ayaqlarına atmasınlar. Çünki onların tökdükləri zibili hər gün təmizləyən adamlar var. Onlara hörmət etsinlər”.
 
Bir neçə saatlıq təmizlik işlərindən sonra gəmi sahilə yan alır. Ancaq bu yanalma cəmi bir neçə dəqiqəlikdir: "Biz isti havada axıra qədər tab gətirə bilmədik. Qayıdırıq sərin otağımıza. Bu işçilər isə axşam saatlarına qədər zibilləri təmizləyəcəklər”.
 
Səhər tezdən bulvar ərazisinə gələn sakinlər təmizlik işlərini izləyirlər. Onlar da dənizin təmizlənməsi sahəsində xeyli irəliləyiş olduğunu deyirlər: "Bu gün təmizləyirlər, ona görə dəniz çox gözəldir. Amma xalqımız dənizə zibil tullamasa, daha gözəl olar. Çünki biz bura gəlirik, nəfəs alırıq. Təmizlik əladır”.
 
Bakı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyir ki, dənizin təmizlənməsinə birbaşa bu idarə cavabdeh olmasa da, təmizlik işləri Xəzər Dəniz Donanması ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bu prosesə 5 il öncə başladıqlarını deyən rəis müavininin sözlərinə görə, dənizi çirkləndirən əsasən gənclərdir: "Axşam saatlarında dəniz kənarında oturan gənclər əllərindəki zibili 3 metr aralıdakı zibil qabına atmaqdansa dənizə atmağa üstünlük verir. Sakinlər bulvar idarəsinin rəisinin, müavinlərinin əməyini yüksək qiymətləndirməsə olar, bu, başa düşüləndir. Ancaq orada çalışan bağbanların, xadimələrin zəhmətini qiymətləndirsinlər. Onların zəhməti böyükdür. Onlar gecə-gündüz qar, yağış demədən əziyyət çəkirlər. Onların gördükləri işləri bizim evdə analarımız, qızlarımız, atalarımız görür. Sizin efir vasitəsilə bir daha müraciət edirəm ki, şəhər sakinləri bu işdə əziyyət çəkən insanlara hörmətlə yanaşsınlar”.
 
Biz vaxtımızı səmərəli keçirmək üçün Dənizkənarı Milli Parka üz tuturuqsa, əyləniriksə, buranın təmizliyinə də birbaşa özümüz cavabdehik. Paytaxtda gözəl məkanların olmasını tələb edən biz sakinlər deyilikmi? O zaman gəlin belə məkanları təmiz saxlamaqla, Bakının gözəlliyinə hər birimiz kiçik bir töhfə vermiş olaq.  
 

 
APA TV
BAKU.WS