2 il 40 gün erməni əsirliyində qalan Atilla haradadır? - "Evimi satdım…"

2 il 40 gün erməni əsirliyində qalan Atilla haradadır? - Evimi satdım…
Foto
Sosial 127

Atilla Yumak Birinci Qarabağ müharibəsində döyüşmək üçün Türkiyədən Azərbaycana gəlib və döyüşlər zamanı ermənilərə əsir düşüb. O, 2 il 40 gün əsirlikdə olub və gördüyü işgəncələrin nəticəsində görmə qabiliyyətini itirib.

Atilla Yumak həmin günləri xatırlayarkən bildirir ki, Qarabağın işğalının ilk günlərində Kiprdə yuxuda görüb ki, ağsaqqal bir kişi ona "Qardaşların Xocalıda qətlə yetirilərkən burada necə rahat yata bilirsən?"- deyə sual edib.

Yuxudan sonra A. Yumak vaxt itirmədən İğdıra gedib. Oradan Gəncəyə, daha sonra qatarla Bakıya gəlib.

Cəmi 32 yaşı olan Yumak birbaşa Azərbaycan vətəndaşlığı üçün müraciət edib və könüllü orduya yazılıb.

O, bir ildən artıq Xocalı, Füzuli və Qubadlı cəbhələrində döyüşüb. Qazi ön cəbhədə olarkən 1993-cü ilin avqustunda Topağacı məntəqəsində 2200 metr hündürlükdə yanına düşən topun qəlpələrinə tuş gələrək, huşunu itirib və ermənilərə əsir düşüb.

Həmin illəri xatırlayan A. Yumak belə deyib:

"Əvvəla, öz torpağımda məhbus olmaq ölümdən də pis idi. Şuşa həbsxanasındakı 112 saylı hücrə son dayanacağım oldu. Mənə çox ağır fiziki işgəncələr verildi. Gözümə şiş soxmağa çalışdılar. Yeməyim bir stəkan suya atılan bir neçə arpa və ya buğda dənindən ibarət idi. Əsir düşəndə 70, əsirlikdən qayıdarkən isə 36 kilo idim".

Deyir ki, sonsuz psixoloji və fiziki işgəncələr onu canlı ölüyə çevirmişdi:

"Mən 6 ay Şuşa həbsxanasındakı ölüm düşərgəsində qaldım. Orada əsirlərə odun doğratdırırdılar. Mən də orada odun doğrayırdım. İki erməni gəlib soruşdu ki, burada türk kimdir? Məni göstərdilər. Ermənilər dedilər ki, səni doğrayacağıq.

Mən də öz içimdə sevindim ki, öləcəm, canım bu işgəncədən qurtulacaq. Başımı kötüyə qoyub böyük odun mişarını boynuma dirədilər. Mişarın dişləri yavaş-yavaş boynuma batırdı, amma hələ kəsmirdilər. Birdən başqa bir erməni bağırıb nəsə dedi. Ondan sonra mişarı boynumdan çəkdilər, kəsmədilər. Sonra orada erməni dili bilən əsirlərdən onların nə danışdığını soruşdum. Dedilər ki, səni Andronikin məzarında doğrayacaqlar, ona görə indi buraxdılar. Belə bir vəziyyət yaranmışdı, amma Allah onlara bunu qismət etmədi. Sonra məni məhkəməyə verdilər və haqqımda edam qərarı çıxarıldı. Amma xəstə olduğuma görə, ölüm hökmünü icra edə bilmədilər".

Kayserili Atilla Yumak indi 65 yaşındadır və görmə qabiliyyəti çox azdır. O, 2 il 40 gündən sonra azadlığa çıxanda Türkiyə hökumətinin və Azərbaycan hakimiyyətinin gərgin səyi nəticəsində yarıiflic vəziyyətdə Türkiyə hökumətinə təhvil verilib.

BAKU.WS xəbər verir ki, müsavat.com A. Yumakla əlaqə saxlayıb və onun vəziyyəti ilə maraqlanıb. Qazi bildirib ki, indi Bakıda yaşayır.

"Döyüşlərdən qayıdandan sonra Türkiyəyə qayıtmadım, burada evləndim, bir oğlum oldu. Sonradan xanımımdan ayrıldım. Türkiyədəki evliliyimdən isə bir qızım, bir oğlum var. Azərbaycanda doğulan oğlum hazırda Türkiyədə təhsil alır.

Dövlət mənə 2000-ci ildə ev vermişdi. Həmin evi 2003-cü ildə satdım. İndi Azərbaycanda dostumun evində qalıram. Bəzən isə Türkiyəyə gedirəm. Dövlətin verdiyi pensiya ilə dolanıram. Türkiyədə nəvələrim də var. Gözlərim dumanlı görür. Mənim ən böyük arzum yenidən Türkiyə bayrağının dalğalandığı Xocalıya getməkdir".

Atilla bəyi həkim-oftalmoloq Paşa Qəlbinur müalicə edir. Onun sözlərinə görə əsirlikdən sonra qazinin səhhəti çox təhlükəli vəziyyətdə olub və mərhələli şəkildə gözündən müalicə olunub.

Son xəbərlər