SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda Daun sindromlu uşaqlar köməkçi müalicə üsulu olan və onların emosional vəziyyətinə müsbət təsir göstərən art-terapiya dərslərinə cəlb olunacaqlar.

Dərslər 21 Mart - Beynəlxalq Daun Sindromu Günü ərəfəsində “McDonald's Azərbaycan” şirkətinin “Care Group” ilə birgə həyata keçirdiyi "Günəşli ürəklər" xeyriyyə layihəsi çərçivəsində baş tutacaq.

Belə ki, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzindən 50 nəfər uşaq üçün 10 ay ərzində art-terapiya, təsviri incəsənət, eləcə də ünsiyyət bacarıqlarının inkişafı üzrə qrup dərsləri keçiriləcək. Bundan əlavə, uşaqlar üçün valideynləri ilə birlikdə art-terapiya seansları təşkil ediləcək.

Dərslər mərkəzin müəllimləri tərəfindən aparılacaq. Onlarla birlikdə tanınmış rəssam Mehriban Şəmsəddinskaya da dərslər keçəcək. Layihə xeyriyyə aksiyası ilə başa çatacaq. Aksiya çərçivəsində uşaqların art-terapiya dərslərində yaratdıqları əsərlər geniş ictimaiyyətə təqdim olunacaq.

Qeyd etmək lazımdır ki, xüsusi uşaqlarla işləməkdə art-terapiyanın effektivliyi və müalicəvi xüsusiyyətləri dəfələrlə təsdiqini tapıb.

Belə ki, yaradıcılıq prosesi uşaqlarda gərginliyi və aqressivliyi azaltmağa kömək edir, onların sosial və psixoloji adaptasiya bacarıqlarını təkmilləşdirir, özünüqiymətləndirmə qabiliyyətini artırır.

Bununla yanaşı, art-terapiya uşaqlarda kiçik motorika bacarıqlarını inkişaf etdirir, onların yaradıcılıq potensialını üzə çıxarır və problemləri həll etməyin ən münasib yollarını tapmağa kömək edir. Art-terapiyada əsas diqqət nəticəyə deyil, prosesin özünə yönəldiyindən, bu cür yaradıcılıq müəyyən bədii bacarıqlar tələb etmədən tamamilə hər kəs üçün uyğundur.

“McDonald’s” şirkəti korporativ sosial məsuliyyətə hər zaman böyük əhəmiyyət verib. Azərbaycanda fəaliyyət göstərdiyi illər ərzində şirkət müxtəlif xeyriyyə layihələri həyata keçirib, uşaq evlərinə, tibbi yardım fondlarına və idman tədbirlərinə yardım göstərib.

BAKU.WS
QALEREYA