SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin bir hissəsi bu gün təyyarə ilə Adana hava limanından Bakı şəhərinə yola düşüb.

Bu barədə BAKU.WS-ə nazirlikdən məlumat verilib.

Qüvvələri hava limanından Adana valisi Süleyman Elban, Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) Mersin vilayəti Fövqəladə Halların İdarə olunması Bölməsinin rəhbəri Cenk Yıldız, fövqəladə və səlahiyyətli səfirlər Murat Salim Esenli və Ayşe Saraç və Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin idarə rəhbəri Hatice Tugba İkizler yola salıblar.

Türkiyəli rəsmilər Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin qardaş ölkədəki dağıdıcı zəlzələ ilə əlaqədar axtarış-xilasetmə əməliyyatlarını yüksək peşəkarlıq və fədakarlıqla yerinə yetirdiklərini qeyd edərək, onların hər birinin bir qəhrəman olduğunu bildiriblər.

Rəsmilər göstərilən dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür ediblər.

***14:31

Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ ilə əlaqədar qardaş ölkəyə gedən Azərbaycanın 760 axtarış-xilasetmə heyətindən 238 nəfəri Bakıya yola salınıb.

BAKU.WS xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb. 

Kahramanmaraş AFAD Koordinasiya Mərkəzinin bağçasında keçirilən mərasimdən sonra Azərbaycan fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Anadolu Agentliyinə bildirib ki, zəlzələlərdən dərhal sonra Azərbaycan Prezidentinin göstərişi ilə 760 nəfərdən ibarət xilasetmə qrupu yaradılıb:

“Axtarış-xilasetmə işləri çərçivəsində qruplarımız 17-si uşaq olmaqla 53 nəfəri dağıntılar altından sağ çıxarıb, 174-ü uşaq olmaqla 755 meyit tapıb. Bundan başqa, Kahramanmaraşda iki səhra xəstəxanamız var, 2 mindən çox insan orada müalicə olundu. Buraya gələrkən qarşılaşdığımız mənzərə dəhşətli idi. Türkiyə xalqı qəhrəman xalqdır”.

BAKU.WS
QALEREYA