177 min əcnəbi Azərbaycanda qeydiyyata düşmək üçün müraciət edib

177 min əcnəbi Azərbaycanda qeydiyyata düşmək üçün müraciət edib
Sosial 65

Cari ilin ilk 9 ayında 176 873 əcnəbi Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınmaq üçün müraciət edib.

Bu barədə məlumat Dövlət Miqrasiya Xidmətinin hesabatında yer alıb.

Eyni dövrdə digər fəaliyyət istiqamətləri üzrə müraciətlərin sayı belə olub:

- Azərbaycan ərazisində yaşama icazələrinin alınması və müddətinin uzadılması - 58 930 müraciət.

- Vətəndaşlıq məsələləri - 947 müraciət.

- Azərbaycan vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi - 11 054 müraciət.

- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti üçün iş icazəsinin alınması və müddətinin uzadılması - 7 068 müraciət.

Hesabat dövrü ərzində Xidmətə ümumilikdə 352 386 müraciət daxil olub. Onlardan 59 405 zəng çağrı mərkəzinə, 12 044 müraciət isə Xidmətin sosial şəbəkə hesabları və "onlayn bələdçi" xidməti vasitəsilə qeydə alınıb. 9 146 müraciət isə vətəndaşlardan, əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən müxtəlif ərizə, şikayət və təkliflər formasında daxil olub.

Hesabat dövründə 364 007 müraciət elektron platformalar vasitəsilə qeydə alınıb. Ən çox müraciət Dövlət Miqrasiya Xidmətinə göndərilmiş müraciətlərin izlənməsi (175 594), Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınma (109 721) və miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədən gedişinə və ölkəyə gəlişinə tətbiq edilmiş məhdudiyyətlərin yoxlanılması (53 740) üzrə olub.

Bundan başqa, hesabat dövründə tənzimlənməyən miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Miqrasiya Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulmasına görə 17 446 qərar qəbul edilib.

Son xəbərlər