SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Hər gün mediada avtobusların qəzaya düşməsi, xeyli sayda sərnişinlərin yaralanması ilə bağlı xəbərlər yer alır. Avtobusu təhlükəli idarə edən sürücülər qınaq obyektinə çevrilsə də, onların vaxt intervalını çatdırmaq, daha çox qazanmaq üçün bunu etməsi zaman-zaman müzkairələrə səbəb olub.

Görünür, yaxın müddətdə sürücülərin əllərində bu kimi bəhanələr qalmayacaq. Səbəb isə sadədir: Nəğdsiz ödənişə keçid, sürücülərə təlim, avtobusların yenilənməsi.

Səbəb sadə olsa da, nəticəsini görmək vaxt tələb edir. BAKU.WS Qafqazinfo-ya istibnadən xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Alllahyarova bütün bu işlərin qarşıdakı bir il ərzində mərhələli şəkildə yerinə yetiriləcəyini bildirib.

Yeni sezonda nəqliyyat sistemində bizi nə yeniliklər gözləyir?

N. Allahyarovanın sözlərinə görə, hazırda Bakı Nəqliyyat Agentliyinin ümumi konsepsiyası hazırlanır. Bu proqramın hazırlanmasında yerli mütəxəssislərlə yanaşı əcnəbi işçi qrupu da daxildir:
"Əfsuslar olsun ki, Abşeron yarımadasında nəqliyyatla bağlı ən böyük problem bu günə kimi nəqliyyat axınının öyrənilməməsi olub. Bu səbəbdən də, sərnişin sayı ilə ictimai nəqliyyatda istifadə olunan avtobus sayının mütənasib olmaması bir sıra problemlərə gətirib çıxarıb. Hazırda həmin işçi qrupundan bir hissə məhz sərnişin axınının öyrənilməsi ilə məşğuldur. Sərnişin axının da öyrənilməsinin ən qısa yolu indi bir neçə, gələcəkdə isə bütün avtobuslara tətbiq edəcəyimiz nəğdsiz ödəniş sisteminə keçiddir. Kart ödəməsi sayəsində artıq hər avtobusa nə qədər sərnişinin mindiyi məlum olacaq. Ancaq o rəqəmlərə qədərmüşahidələr aparılacaq və müəyyən bir statistika hazırlanacaq. Xüsusilə də, Bakıətrafı ərazilərdən şəhərə gələn avtobusların sayı sentyabr ayından sonra sərnişin sıxlığına əsasən müəyyən ediləcək. Bu vasitə ilə də Nardaran, Maştağa və s. qəsəbələrdən şəhərə gələn zaman yaranan sıxlıq aradan qaldırılacaq”.

Bütün avtobuslarda kamera olacaq

Mətbuat katibi bildirib ki, sürücülərin davranış qaydalarındakı ciddi problemlər hazırda agentliyin diqqətindədir. Bu problemlərin aradan qaldırılması üçün bir neçə işin görülməsi planlaşdırılıb:
"Hazırda sürücülərin davranış qaydaları ilə bağlı ciddi problemlər var. Bu səbəbdən də agentliyin işçi qrupu şikayət gələn marşrutlarda monitorinqlərə çıxır. Agentlik xidmət səviyyəsinin yüksəldilməsi və cəzaların müəyyənləşdirilməsi üçün oktyabr-noyabr aylarından etibarən avtobuslarda kameraların quraşdırılmasına başlayacaq. Artıq avtobuslarda kameraların olduğunu bilən sürücü və sərnişin öz davranışına xüsusi fikir verəcək. Bundan başqa, paytaxt küçələrində və parklarda maarifləndirmə lövhələri asılacaq”.

Agentlik sürücülərə təlim kursları keçəcək. Bu təlimlərin sonunda imtahanlardan keçə bilməyən sürücülər ictimai nəqliyyatda avtobus idarə edə bilməyəcək:
Avropada 4-cü ən böyük təlim mərkəzi Azərbaycanda yerləşir. Həmin mərkəzdə əvvəlcə ən çox şikayət olunan sürücülər təlimlərə cəlb olunacaq, yoxlamalardan keçəcəklər. Daha sonra digər sürücülər. Yoxlamalardan keçməyən sürücülər yenidən təlimlərə qatılacaq və bu dəfə də imtahandan keçmədikləri təqdirdə bir müddətlik ictimai nəqliyyatda avtobus sürə bilməyəcək”.

Yalnız təmizliyə cavab verən avtobuslar xəttə buraxılacaq

Avtobusların təhlükəli idarə olunması, həmçinin texniki baxış keçirilmədən xəttə buraxılması hazırda ən böyük problemlərdəndir. Bu cür təhlükəli avtobuslar bir il ərzində mərhələli şəkildə xətdən çıxarılacaq. Agentlik daşıyıcı şirkətlərə bununla başlı müvafiq sənədlər göndərib. Yalnız salonları təmizliyə cavab verən, texniki baxışdan keçmiş avtobuslar xəttə buraxılacaq. Bildiyimiz kimi, paytaxtda 2010-a yaxın avtobus, 165 marşrut xətti var. Onların hamısını birdən xətdən çıxarıb yeniləmək mümkün deyil. Həmin proses də 1 il müddətində vaxt tələb edir.

Son olaraq, "Bakubus”ın növbəti avtobuslarının nə vaxt xəttə buraxılacağını xəbər aldıq. N.Allahyarova bildirib ki, "Bakubus” avtobusları sadəcə şəhərin mərkəz küçələri üçün nəzərdə tutulub və 14 marşrut xətti üzrə hərəkət edəcək:
"Hazırda 9 marşrut xətti üzrə hərəkətdədir və yeni açılan digər 3 xətt də mərkəzləri əhatə edəcək. Biz bütün marşrut xətlərini "Bakubus” edə bilmərik. Əsasnaməmizdə də göstərildiyi kimi daşıyıcı şirkətlər arasında rəqabət mühitini qoruyub saxlamalıyıq. Digər 3 xətt isə harada ehtiyac yaransa, orada fəaliyyətə başlayacaq. Əvvəldə də qeyd etdiyim kimi, bütün avtobuslar kart sisteminə keçəcəyi üçün hazırda küçələrdə terminallar quraşdırılır”.
 
BAKU.WS