VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası cari ilin altı ayı ərzində 2016-cı ilin İş planına aid 42 nəzarət tədbirinin başlanılması və 19 tədbirin nəticələri ilə bağlı qərar qəbul edib. 

BAKU.WS məlumat verir ki, nəticələrinə baxılmış nəzarət tədbirlərinin 17-si audit, 2-si isə analitik təhlil işləri olub, eyni zamanda, hesabat dövründə 2015-ci ilin İş Planına aid 2 audit tədbirinin nəticələri üzrə qərarlar təsdiq edilib.

Cari ilin İş planına əsasən dövlət büdcəsi xərcləri üzrə 15, dövlət zəmanəti ilə alınmış kreditlər üzrə cəlb olunmuş vəsaitlərlə bağlı 1, büdcədənkənar dövlət fondlarının vəsaitlərinin istifadəsi ilə bağlı 1 audit tədbirinin nəticəsi üzrə qərar qəbul olunub.

Hesabat dövründə "Rayon (şəhər) xəstəxanalarında mövcud çarpayılardan istifadənin səmərəliliyinin, çarpayı günlərinin icrasının, ərzaq məhsullarının, dərman və sarğı ləvazimatlarının alınması üçün vəsaitin proqnozlaşdırılması və icrasının, rayon (şəhər) səhiyyə müəssisələrinin struktur vahidlərinin ərzaq və dərman vasitələri ilə təmin edilməsi vəziyyətinin təhlili” və "Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin vəsaitlərinin formalaşması və istifadəsinin təhlili” mövzusunda analitik təhlil işləri də aparılıb.

Hesabat dövründə dövlət büdcəsinin xərcləri üzrə aparılmış 15 audit tədbirinin əhatə dairəsi 1178,6 mln. manat təşkil edib, həmin məbləğin 6,7%-i 2013-cü ildə, 33,6%-i 2014-cü ildə 53,3%-i 2015-ci ildə və 6,3%-i 2016-cı ildə xərclənmiş vəsaitlərdir.

Nəticələri ilə bağlı qərar qəbul edilmiş auditlərin əhatə etdiyi vəsaitlərin 75,6%-ni cari və 24,4%-ni əsaslı xərclər təşkil edib. Qeyd edək ki, əməktutumlu xərclərin cari xərclərdə xüsusi çəkisi 52,1% olub. Həmin nəzarət tədbirləri ilə əhatə olunmuş cəmi vəsaitin 74,5%-i dövlət büdcəsinin mərkəzləşdirilmiş, 25,5%-i isə yerli xərcləri üzrə olub.

Audit tədbirlərinin 9-u Bakı şəhərində, 8-i isə respublikanın ayrı-ayrı şəhər və rayonlarında aparılıb.

Həyata keçirilmiş nəzarət tədbirlərinin əhatə etdiyi dövlət büdcəsi vəsaitlərinin 51,4%-i mərkəzi icra hakimiyyəti orqanları, 34,9%-i yerli icra hakimiyyəti orqanları və 13,7%-i digər dövlət qurumları tərəfindən icra edilib.

Hesabat ilində büdcədənkənar dövlət fondlarının (təsisatlarının) gəlir və xərcləri ilə bağlı aparılmış nəzarət tədbirləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon şöbəsi üzrə 1 tədbirdən ibarət olmuş və bu nəzarət tədbiri ilə 97,3 mln. manat vəsait əhatə olunub.
Hesabat dövründə beynəlxalq və yerli maliyyə təşkilatlarından dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə keçirilmiş nəzarət tədbiri isə 2,2 mln. manat və 63,8 mln. ABŞ dolları məbləğində vəsaiti əhatə edib.

Nəticəsi ilə bağlı Kollegiya Qərarı qəbul olunmuş auditlərdə əsasən 2014-2015-ci illər üzrə olmaqla müxtəlif nöqsanlar müəyyən olunub. Nöqsanların təsnifatı üzrə qruplaşdırdıqda həmin nöqsanların 50,2%-i büdcə qanunvericiliyinin, 13,4%-i dövlət satınalmaları, 11,5%-i mühasibat uçotunun təşkili və maliyyə hesabatlarının hazırlanması, 8,8%-i sosial müdafiə və sosial təminat, 6,9%-i dövlət investisiya xərcləri, 2,7%-i vergi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulması ilə bağlı olmuş, nöqsanların 6,5%-ni ayrı-ayrı istiqamətlər üzrə müxtəlif xarakterli nöqsanlar təşkil edib.

Büdcə sahəsində qanunvericilik aktlarının tələblərinə riayət edilməməsi ilə bağlı nöqsanların tərkibində iki əsas nöqsan qrupunun xüsusi çəkisi daha yüksək olub. Birinci qrup nöqsanlara vəsaitin icrası prosesində Azərbaycan Respublikasının Vahid Büdcə Təsnifatı ilə müəyyən edilmiş iqtisadi təsnifat kodunun və funksional istiqamətinin dəyişdirlməsi, həmçinin xərclər smetasında nəzərdə tutulmayan və funksional fəaliyyətə aid olmayan istiqamətlərə vəsaitin yönəldilməsi ilə bağlı nöqsanlar aid edilib və bu, 33,7 mln. manat, o cümlədən 2013-cü ildə 1,6 mln. manat, 2014-cü ildə 4,1 mln. manat, 2015-ci ildə 27,6 mln. manat və 2016-cı ilin birinci rübündə 0,4 mln. manat təşkil edib. Həmin vəsaitin 1,8 mln. manatı və ya 25,5%-i iqtisadi təsnifat kodunun, 17,9 mln. manatı və ya 53,1%-i funksional istiqamətin dəyişdirilməsi ilə icra edilib, 7,1 mln. manat məbləğində vəsait isə xərclər smetasında nəzərdə tutulmayan və funksional fəaliyyətə aid olmayan istiqamətlərə yönəldilib.

İkinci qrup nöqsanlara əməyin ödənilməsi ilə bağlı müəyyən olunmuş nöqsanlar aid edilib və 31,3% xüsusi çəkiyə malik olub. Əməyin ödənilməsi sahəsində əsasən tarif və ixtisas dərəcələrinin, həmçinin əlavələrin düzgün hesablanılmaması, dövlət qulluğu sahəsində mövcud normativ-hüquqi aktlara tələblərinə riayət olunmaması kimi nöqsanlara yol verilmiş, həmin nöqsanların müəyyən hissəsi artıq saxlanılmış ştatlar, dərs saatları, həmçinin artıq və paralel siniflərin saxlanılması ilə bağlı olmuşdur.

Bu ilin altı ayı ərzində aparılmış nəzarət tədbirlərinin əhatəsinə daxil olmuş satınalmaların ümumi məbləği 217,7 mln. manat təşkil edib. Cari ilin ötən dövründə auditlərlə ilə əhatə olunan və satınalma prosedurları tətbiq edilməklə keçirilmiş satınalmalar 212,5 mln. manat olmaqla 851 satınalma müqaviləsini əhatə edib. Bu məbləğin 106,3 mln. manatı və ya 50,1%-i bir mənbədən satınalma, 51,2 mln. manatı və ya 24,1%-i tender, 43,0 mln. manatı və ya 20,2%-i təkliflər sorğusu və 12,0 mln. manatı və ya 5,6%-i isə kotirovka sorğusu metodları tətbiq edilməklə həyata keçirilmiş satınalma müqavilələrini təşkil edib.

Bundan əlavə, hesabat dövründə beynəlxalq və yerli maliyyə təşkilatlarından alınmış kreditlər hesabına həyata keçirilən layihələr üzrə aparılmış nəzarət tədbiri isə malların (işlərin və xidmətlərin) satın alınmasına yönəldilmiş 73,3 mln. manat, 17,8 mln. ABŞ dolları məbləğində vəsait əhatə olunub.

Ümumi məbləğdən 5,2 mln. manat satınalma prosedurları tətbiq edilmədən, 7,5 mln. manat isə təsdiq edilmiş məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə ayrı-ayrı müqavilələrə bölünməklə həyata keçirilib.

Hesabat dövründə malların (işlərin və xidmətlərin) satınalınması ilə bağlı müəyyən edilmiş nöqsanlar bir neçə istiqamətdə fəaliyyəti əhatə edib, o cümlədən 69 halda ehtimal olunan qiymətin müəyyən düzgün müəyyən olunmaması, 116 halda malgöndərəndən (podratçılardan) ixtisas dərəcəsinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi ilə bağlı zəruri məlumatların, o cümlədən maliyyə vəziyyəti ilə bağlı məlumatların alınmaması, 31 halda satınalma üzrə elanların və nəticələrin, habelə bağlanmış satınalmaların rəsmi internet saytında yerləşdirilməməsi, 6 halda müvafiq qanunvericiliklə müəyyən edilmiş meyarlara uyğun gəlməyən iddiaçılarla müqavilələrin bağlanılması, 37 halda müqavilə üzrə tenderin əsas şərtlər toplusunda göstərilməyən hallarda satınalma müqaviləsi ilə nəzərdə tutulmuş şərtlərin (o cümlədən qiymətin və müddətin) dəyişdirilməsi hallarına rast gəlinib.

Həmçinin nəzarət tədbirləri ilə büdcə vəsaiti hesabına alınmış müxtəlif inventar və avadanlıqlar anbarda uzun müddət istifadəsiz saxlanılması, əvəzsiz verilmiş məhsulların alınmasına vəsait yönəldilməsi, zərurət olmadan və qısa müddət ərzində xidmətlərin təkrarlanması, müxtəlif xidmətlər üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edilməməsi, real tələbata, həmçinin faktiki xərcə uyğun olmayan alış və xidmətlərə görə xərclərin aparılması kimi hallara yol verilməklə ümumilikdə 4,1 mln. manat və 2,9 mln. ABŞ dolları büdcə vəsaitinin səmərəli istifadə olunmadığı müəyyən edilib.
Cari ilin 6 ayı ərzində Hesablama Palatası tərəfindən nəzarət tədbirlərinin nəticələri üzrə 21, o cümlədən 2015-ci ilin İş planı üzrə müəyyən edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi məqsədilə 1 Təqdimat, həmçinin ötən ildə həyata keçirilmiş auditin nəticələri əsasında xəzinə hesablarının bağlanılması ilə bağlı 1 Təqdimat verilib.

Bu ilin İş planına uyğun nəticələri ilə bağlı qərar qəbul edilmiş nəzarət tədbirləri, həmçinin 2015-ci ildə fəaliyyətlə bağlı Hesabata daxil edilməmiş audit tədbirləri üzrə Hesablama Palatasına təqdim edilmiş məlumatlara görə dövlət büdcəsinin gəlirləri və xərcləri ilə bağlı aparılmış tədbirlərin nəticəsi olaraq müvafiq olaraq 2,5 mln. manat və 3,8 mln. manat məbləğində, ümumilikdə isə 6,3 mln. manat məbləğində vəsait dövlət büdcəsinə, 23,5 min manat məbləğində vəsait büdcədənkənar fondun büdcəsinə bərpa edilib.

Nöqsanlara yol vermiş vəzifəli şəxslərlə bağlı göndərilmiş təqdimatların icrası olaraq 111 vəzifəli şəxslə bağlı müxtəlif intizam-tənbeh tədbirləri tətbiq edilib, o cümlədən 4 nəfər işdən azad edilib.