TQDK-nın fəaliyyətində nöqsanlar aşkarlandı - RƏSMİ HESABAT
Keçən il dövlət büdcəsindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) ayrılan vəsaitlərin istifadəsinə dair audit aparılıb. Nəzarət tədbirləri zamanı komissiya tərəfindən xərclər smetasının tərtibi və icrası prosesində bir sıra qanunvericilik aktlarının tələblərinə riayət edilmədiyi, o cümlədən proqnozlaşdırma prosesinə əsaslı yanaşılmadığı, büdcə vəsaitlərinin icrası prosesində bəzi nöqsanlara yol verildiyi müəyyən olunub.
BAK.WS xəbər verir ki, "Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında” hesabatına əsasən komissiya tərəfindən tərtib olunan büdcə təkliflərində müvafiq hesablamalar aparılmadan, bəzi xərclər üzrə real tələbat və keçən illərin icra faizi nəzərə alınmadan artıq vəsait nəzərdə tutulub, bir sıra hallarda vəsait, eləcə də dövlət büdcəsinin Ehtiyat Fondu üzrə ayrılan vəsaitin bir hissəsi təyinatı üzrə icra edilməyib.
Komissiya tərəfindən əməyin ödənilməsi ilə bağlı müvafiq qanunvericilik aktlarının tələblərinə bəzi hallarda riayət edilməyib. Xərclər smetasında dövlət qulluqçusu olmayan işçilərin mükafatlandırılması və məzuniyyətə çıxarkən bir aylıq vəzifə maaşı həcmində müavinətin nəzərdə tutulmadığı halda müavinət ödənilməsi, həmçinin məzuniyyət haqqı hesablanarkən orta aylıq əmək haqqının düzgün hesablanmaması səbəbindən artıq büdcə vəsaiti icra edilib.
"Audit sübutları ilə komissiyada satınalmalarla bağlı qanunvericilik aktlarının bəzi tələblərinə riayət olunmaması halları müəyyən edilib. Ümumilikdə nəzarət tədbirinin əhatə etdiyi dövr ərzində malların (işlərin və xidmətlərin) satın alınmasına yönəldilmiş vəsaitin 98,3 faizi qanunvericiliklə nəzərdə tutulmuş satınalma metodları tətbiq edilməklə, 1,7 faizi isə satınalma prosedurları keçirilmədən icra olunub.
Audit tədbirləri nəticəsində komissiya üzrə bir sıra digər nöqsanlar da aşkar edilib. Bəzi aktivlər uçota düzgün alınmamış, quraşdırılmış avadanlıqlar birbaşa xərcə silinib, beynəlxalq konfransın keçirilməsi üzrə verilən ziyafət zamanı artıq xərcə yol verilib, büdcədənkənar vəsait üzrə bağlanmış müqaviləyə əsasən ƏDV-nin dövlət büdcəsinə köçürülməsi təmin edilməyib, köhnə inzibati binanın söküntüsü zamanı podratçı təşkilata artıq vəsait ödənilib. Həmçinin "Abituriyent” jurnalı redaksiyasının komissiyaya olan borcunun tam ödənilmədiyi müəyyən olunub”, - sənəddə bildirilib.
Hesablama Palatasının kollegiyası auditin nəticələrini müzakirə edərək aşkar olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi və görülən işlərə dair Hesablama Palatasına məlumatın təqdim edilməsi barədə qərar qəbul eidlib, həmin qərar icra üçün TQDK-ya göndərilib. Eyni zamanda, nəticələrlə bağlı Hesablama Palatası Milli Məclisə məlumat verib.
Təqdim edilən məlumatlara görə, həyata keçirilən tədbirlər nəticəsində 264,4 min manat məbləğində vəsait dövlət büdcəsinə və 6,5 min manat məbləğində mallar müvafiq qaydada uçota alınmış 24,8 min manat dəyərində avadanlıqların quraşdırılması təmin olunub.
Qeyd edək ki, hesabat sənədi Milli Məclisə təqdim olunub. Sənəd aprelin 15-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.
BAK.WS
Oxşar xəbərlər
Vəzifəli şəxslərə qarşı yeni cəza gəlir
Azərbaycanda dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda maliyyə pozuntuları ilə bağlı yeni cəza tətbiq olunur. Milli Məclisdən verilən məlumata görə,...