SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Mendeleyevin "Elementlərin Dövri Sistemi”ndə 80-ci element, civə ağır metal, birləşmələri olduqca təhlükəli maddələr olub atmosferi, suyu, qida məhsullarını çirkləndirir. Tərkibində civə olan üzvi birləşmələr, xüsusən metal-civə daha təhlükəlidir.

Civə ətraf mühitə civə tərkibli filizlərin çıxarılması və əridilməsi, sulfid filizlərindən əridib əlvan metalların alınması, filizdən qızıl əldə edildiyi, sellülozun ağardılması, xlor, kaustik, vinilxlorid, elektrik avadanlıqlarının (lampa, müxtəlif cərəyan mənbələri), ölçü və nəzarət cihazlarının (termometr, monometr), civətərkibli tibb preparatlarının, sementin istehsalı, civətərkibli pestisidlərin istifadəsi, daş kömür və mazutun yandırılması zamanı daxil olur. Tullantıların yandırılması zamanı da ətraf mühitə xeyli miqdarda civə daxil olur. Civənin təhlükəli olduğuna baxmayaraq hələ də sosial şəbəkələrdə civənin açıq aşkar satışının və tərkibində civə olan cihazların, avadanlıqların xüsusi baha qiymətlərə təklif edilməsinin şahidi oluruq.

Belə ki, sosial şəbəkələrdə yaradılmış alış-satış qruplarında ZİL soyuducuları və Singer paltartikən maşınları baha qiymətlərə, 15-20 min AZN civarında satışa çıxarılır. Belə elanlardan birində 1968-ci il buraxılışı olan soyuducu 17 min manata təklif edilir. Bəzi elanlarda isə soyuducunun buzluğunda hətta mobil telefona zəng çatmadığı xüsusi vurğulanır və bu məhsulun keyfiyyətinə zəmanət kimi qeyd olunur.

Bu soyuducuların baha qiymətə təklif edilməsinin başlıca səbəbi kimi onların tərkibində xeyli miqdarda civə olması göstərilir. Sosial şəbəkə istifadəçilərinin bir qismi isə bunun qanunvericiliklə qadağan edildiyini, civənin satışı aşkarlanarsa, hüquq-mühafizə orqanları tərəfindən ciddi tədbirlərin görüləcəyinə dair xəbərdarlıq edərək elanı verən şəxsi ehtiyatlı olmağa çağırır.

Cebhe.info olaraq araşdırmağa çalışdıq, civənin satışının qanunvericilikdə necə tənzimləndiyini öyrənib. Bununla bağlı danışan sabiq polis rəisi Şəmsəddin Əliyev bu sahədə qanunvericilikdə boşluğun olduğunu bildirdi: "Bu sahədə boşluq var və bundan başqa da bu sahədə maarifləndirmə demək olar ki, aparılmayıb. Təsəvvür edin, mən uzun illər polis rəisi çalışmışam və hüquq sahəsində mütəxəssisəm, bu barədə köklü, əsaslı mənbələrə istinadən məlumatım yoxdur. Amma civə zəhərli kimyəvi maddələr siyahısına daxildir. Həm də Mendeleyev cədvəlində 80-ci elementdir. Ətraf mühitin çirklənməsində onun rolu müstəsnadır. O ki qaldı onun alınıb-satılması, bu, qanunvericiliklə tənzimlənmir. Onun satışı və alışı ilə bağlı qanunvericilikdə konkret müddəalar olmasa da, leqal bir şey olduğu da göstərilmir.

Radioaktiv maddələrin hədə-qorxu və tələb etmə qaydaları məsuliyyət törədir, bu məntiqlə yanaşsaq, onun alışı və satışı da leqal deyil. Ancaq qara bazarda açıq -aşkar satılır, əldə edilir, hətta reklam çarxlarında da rast gəlinir, civə alış-satışı ilə bağlı elanlar verilir. Mülki vətəndaşların civənin alışı-satışı ilə bağlı mən indiyə qədər razılıq əlaməti olacaq bir qanuna rast gəlməmişəm amma qadağa ola biləcək qanuna da rast gəlməmişəm. Amma məntiqlə yanaşsaq, əgər bu ictimai təhlükəli bir maddədirsə, onun satışı təbii ki, qadağandır. Cinayət Məcəlləsində ətraf mühitin mühafizəsi ilə bağlı qadağan edilmiş radioaktiv, kimyəvi maddələrin əldə edilməsi, saxlanması qaydaları məsuliyyət törədir. Amma konkret olaraq heç yerdə civənin adı çəkilmir. 2016-cı ilin 18 mart tarixli Nazirlər Kabinetinin qərarına əsasən zəhərli maddələrin siyahısı dərc edilib. Mən həmin siyahıya da baxdım, orada civənin adı göstərilmir. Ona görə də bu sahədə ciddi boşluğun olduğunu düşünürəm. Hesab edirəm ki, bu barədə Milli Məclis ciddi addımlar atmalıdır”.
 
BAKU.WS