SİZİN REKLAM BURADA!
055 213 76 73


Hazırda Türkiyədə milli valyuta olan lirə ABŞ dolları qarşısında dəyər itirməkdə davam edir. Ötən gün axşam saatlarında USD/TRY cütlüyünün qiyməti 13.46 həddinə çatıb. Bu səbəbdən də Türkiyədə bəzi super market və mağazalarda alıcılara təqdim edilən məhsulların satışına limit qoyulub. Sosial şəbəkələrdə bu görüntünü əks etdirən fotolar yer alıb.

Ölkəmizin Türkiyə ilə ticarət dövriyyəsinin illik həcmi milyardlarla dollar təşkil edir. Bura əsasən yüngül sənaye məhsulları, geyim və qida sənayesi məhsulları, o cümlədən xammal məqsədi ilə istifadə edilə bilən yarımfabrikatlar daxildir.

Bu dövriyyədə qida məhsullarının da kifayət qədər payının olması yerli alıcılarda narahatlıq yaradıb. Bəzi istehlakçılar lirənin ucuzlaşması fonunda Türkiyədən idxal olunan məhsulların qiymətində dəyişiklik olacağından və bunun da onların maddi rifahına təsir edəcəyindən ehtiyatlanırlar. Bəs, görəsən, naratlığa əsas varmı? Türk lirəsinin ucuzlaşması Azərbaycana idxal edilən məhsulların qiymətinə təsir edəcək? Təsir edəcəksə də, bu, istehlakçılıq qabiliyyətində hansı dəyişikliyi yaradacaq?

Məsələ ilə bağlı BAKU.WS-ə müsahibə verən iqtisadçı ekspert Rəşad Həsənov istehlakçıların narahatlığına heç bir əsas olmadığını və Türkiyədən ölkəmizə idxal olunan məhsulların qiymətinin bahalaşmayacağını bildirib:

“Bunun Azərbaycanın aldığı məhsulların qiymətinə birbaşa təsiri olmayacaq. Çünki idxal prosesi pərakəndə satışdan fərqlidir. Yəni pərakəndə satış Türkiyənin milli valyutası ilə, ixrac isə xarici valyuta ilə tənzimlənir. TL-nin sürətlə dəyərsizləşməsi fonunda Azərbaycana idxal olunan məhsullar bahalaşmayacaq.

Türkiyədə bəzi məhsulların satışına mədudiyyətin qoyulmasının səbəbi milli valyutanın məzənnəsinin dəyişməsidir. Belə ki bu, alınacaq növbəti partiya məhsulların qiymətlərinə təsir göstərəcək. Pərakəndə satışla məşğul olan sahibkarlar qərar verə bilmirlər. Çünki onlar məhsullarını satacaqları qiymətdən baha qiymətə alacaqlar. Buna görə də onlar Türkiyə daxili bazarlarının ümumi qiymət reaksiyasını gözləyirlər. Amma ixracda məsələ fərqlidir. Çünki burada ticarət xarici valyuta ilə həyata keçirilir. Xarici valyuta isə lirəyə çevriləndə bu, türk sahibkarlara sərf edir”.

Ekspert onu da qeyd edib ki, əgər ölkə bazarı bu istiqamətdə liberal olsa və oyunçuların sayı çox olub inhisarçılıq zəif olsaydı, qısamüddətli dövr üçün Azərbaycana gətirilən türk məhsullarında az da olsa qiymət azalması gözlənilə bilərdi. 

Qeyd edək ki, bu il ölkəmizin Türkiyə ilə illik ticarət dövriyyəsi 3,248 milyard ABŞ dolları təşkil edib. Bunun 60%-i Azərbaycandan Türkiyəyə ixrac, 1,5-1,8 milyardı isə Türkiyədən Azərbaycana idxaldır.

BAKU.WS
QALEREYA