Bu gün daha bir avtobus xətti bağlanıb.

BAKU.WS
-in məlumatına görə, bu gün 100 saylı avtobus xətti ləğv edilib. Bununla yanaşı 132 saylı avtobus xətti də ləğv edilib.


Nəqliyyat Departamentindən marşrutların bağlanmasına səbəb kimi orada işləyən avtobusların istismara yararsız olması göstərilir. Elə bundan əvvəlki marşrut xətlərinin bağlanmasında da eyni problemlər önə çəkilmişdi. Eyni problem üzündən 1, 14, 20, 25, 40, 59, 69, 90, 95 və s. marşrut xətləri ləğv edilmişdi. Nazirlikdən isə həmin xətlərin gah nəqliyyatda optimallaşdırma sistemi üzrə bağlandığını, gah da marşrut üzrə çalışan avtobusların istismar müddətinin keçdiyini bildirmişdilər.


Lakin maraqlı burasıdır ki, bağlanan həmin marşrut xətlərinin hamısı tanınmış "Transqeyt” şirkətinə aiddir.


Elə bu gün bağlanan iki avtobus xətti də "Transqeyt” şirkətinindir. Hansı ki, bir vaxtlar Bakının 50 faizdən çox avtobus xətləri həmin şirkətin rəhbərliyi altında işlədilirdi. Hətta vaxt vardı həmin şirkət digər kiçik avtobus sahibkarlarına meydan oxuyur, onlara marşrutlarının hansı istiqamətdən keçib-keçməmələri barədə göstərişlər verirdi.

Məsələni araşdırmaq istədik və "Transqeyt” şirkətinin bir neçə əməkdaşı ilə əlaqə saxladıq. Öyrəndik ki, həmin şəxslər artıq şirkətdə çalışmırlar. Şirkətin keçmiş işçilərindən biri bildirdi ki, artıq "Transqeyt”də işçilərin əksəriyyəti çıxıb. Şirkətin marşrut xətlərinin bağlanma səbəbini isə maliyyə böhranı ilə izah edirlər.

"Nazirlik deyir ki, yeni avtobuslar alın. Şirkətin isə yeni avtobus almağa imkanı yoxdur. Şirkət məcburdur ki, avtobus xəttini bağlasın”, - deyə şirkətin keçmiş işçisi məsələyə belə aydınlıq gətirdi.


BAKU.WS-in əldə etdiyi bəzi məlumatlara görə, adı çəkilən şirkətin hazırda işləyən marşrut xətlərinin də yaxın günlərdə bağlanma ehtimalı var. Hazırda bu məsələ barədə danışıqlar aparılır.

Ziya Səccad
BAKU.WS