SİZİN REKLAM BURADA!
055 213 76 73


Son illər Azərbaycanda maşınların sayında hiss olunacaq dərəcədə artım müşahidə edilir.

Dövlət Statistika Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, 2019-cu ildə ölkədə 1,418,404 avtomobil qeydiyyatda olub. Bu, 2018-ci illə müqayisədə 50 min artıq avtomobil deməkdir. Statistikaya görə, hər 1000 nəfərə 143 avtomobil düşür.

Bunların da içərisində kifayət qədər köhnə avtomobillər var. Xüsusən də bölgələrimizdə köhnə avtomobillərin sayı çoxluq təşkil edir.

Qeydiyyatda olan köhnə avtomobillərin içərisində elələri də var ki, artıq istifadəyə yararsızdır. Vətəndaşlar həmin avtomobili ya tullamalıdır, yaxud da "metalalom"a verməlidir.

Elə maşınlar da var ki, istehsal ili yeni olsa da, artıq istifadəyə yaramır. Ya qəza, yaxud hansısa deformasiya nəticəsində sıradan çıxıb. Həmin maşınlar da sahibinə artıq yük olur.

Bütün bunları nəzərə alaraq Azərbaycanda avtomobillərin utilizasiya edilməsi üçün yeni qurum yaradılacaq. Artıq bu istiqamətdə bir neçə nazirlik və dövlət qurumları müzakirələr aparır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə BAKU.WS-ə bildirib.

Onun sözlərinə görə, hazırda bu proqramın icrası üçün hazırlıq işləri görülür:

“Azərbaycanda köhnə avtomobillər utilizasiya ediləcək. Lakin bu proses məcburi olmayacaq. 

Bunun qarşılığında isə həmin köhnə avtomobillərin sahiblərinə yeni maşınlar almaq üçün güzəşt ediləcək və ya onlara ödənişlər ediləcək.

Bunu stimullaşdırıcı tədbir kimi həyata keçirəcəklər. Məsələn, kiminsə həyətində köhnə maşın var və o, istifadə edilmir. İllərdir həmin maşın qalıb orada. Bir var onu "metalalom"a verirlər, bir də var, həmin proqram çərçivəsində utilizasiya edirlər. Həmin maşının şüşəsi, plastik hissəsi, dəmir parçası və s. hissəsindən təkrar emalda istifadə ediləcək.

Həmin maşını utilizasiyaya verən şəxs sonradan təzə avtomobil almalıdır. Utilizasiya prosesi zamanı avtomobilin istehsal tarixi konkret göstərilmir. Elə maşın var ki, 20 ildir istifadə edilir, lakin təzə qalıb. Eləsi də var ki, istehsal tarixi təzədir, lakin bərbad vəziyyətdədir”.

Qeyd edək ki, qiymətləndirmə prosesi avtomobilin mühərrikinin həcminə və vəziyyətinə uyğun aparılacaq. Rasim Səttarzadə bununla bağlı vurğulayıb ki, maşının vəziyyətindən asılı olaraq onun qiyməti hesablanacaq:

“Bu, 1000 manat da ola bilər, 1500 manat və daha çox da hesablana bilər. Minik avtomobilləri daha ucuz hesablanacaq. Yük avtomobilləri, avtobuslar, qoşqulu maşınlara və s. nisbətən baha qiymət qoyulacaq.

Yerli maşın alanlara güzəştlər ediləcək. Hazırda proqram çərçivəsində razılaşma prosesi gedir. Proses təsdiqlənəndən sonra utilizasiyanın həyata keçirilməsi üçün müvafiq qurum yaradılacaq.

Həmin qurumun tərkibində komissiya yaradılacaq və həmin komissiyada müxtəlif dövlət qurumlarından nümayəndələr iştirak edəcəklər. Vətəndaş köhnə maşınını həmin quruma təqdim edəcək və qiymətləndirmə aparılacaq”, - deyə qurum rəsmisi bildirib.

Nazirliyin şöbə müdirinin sözlərinə görə, vətəndaş ona təqdim edilən vauçerlə yerli istehsal olan avtomobilləri daha ucuz qiymətə ala biləcək. Xarici istehsal olan yeni avtomobillərin alınmasına görə isə daha az məbləğ veriləcək.

Utilizasiya proqramının əsas məqsədi köhnə avtomobillərdən çıxan zərərli qazlarla ekologiyanın çirklənməsinin qarşısını almaqdır. Proqramın hazırlanması sonuncu mərhədə olsa da, nə zamandan etibarən tətbiq ediləcəyi və dəqiq olaraq hansı göstəricidə olan avtomobillərə şamil ediləcəyi hələ ki dəqiq deyil.

Qeyd edək ki, hazırda proqram Nazirlər Kabinetində müzakirədədir.

İlk öncə yararsız avtomobillərdən başlanılacaq. Proses uğurla nəticələnərsə, daha sonra digər köhnə avtomobil sahibləri üçün də tətbiq edilə bilər.

Burada da məqsəd vətəndaşların rifahını artırmaq, ekoloji tarazlığı təmin etmək, atmosferə çox zəhər buraxan maşınları mərhələli şəkildə istismardan çıxartmaq və yerli istehsalı yüksəltməkdir.

Ziya SƏCCAD
BAKU.WS