"Ulayır, amma 4-5 milyon da dinləyicisi var"
"Tamaşaçıların tələbatını düşünüb bu filmi çəkmişik. Türkiyədən, eləcə də digər ölkələrdən komediyalar ölkəmizə ayaq açmışdılar və bizim filmlərə, demək olar, baxmırdılar. Dövlətin çəkdiyi filmləri demirəm, söhbət kommersiya filmlərindən gedir. Bu səbəbdən biz də bu işlərə başladıq. İnanıram ki, illər keçdikcə bizdən sonra da bu ənənəyə qoşulanlar olacaq və böyük bir kino industriyası formalaşacaq".
BAKU.WS axşam.az-a istinadən bildirir ki, bu sözləri açıqlamasında zamanında "Soy" kompaniyasının rəhbəri olan Oqtay Əliyev deyib. O, dünən həyat yoldaşı, əməkdar artist Dilarə Əliyevanın rol aldığı "Hoqqa" filminin qalasında iştirak edib.
Layihə rəhbəri "Soy" prodakşının fəaliyyətindən və "Yeni ulduz"dan danışıb:
"Televiziya kanallarında verilişlərimiz efirə gedir. Reklam işləri ilə yanaşı, həmçinin qısametrajlı filmlər də çəkirik. "Yeni ulduz"u yenidən qaytarmaq fikrimiz yoxdur. Onun dövrü gedib artıq. Amma tələbat yaranarsa, həmin layihəni davam etdirə bilərik".
O, gənclərimizin "O səs Türkiyə"yə getməsinə münasibət bildirib:
"Oranın imkanları daha genişdir. Azərbaycanda da elə bir müsabiqə təşkil etdik, oraya da gedə bilərdilər. Amma 80 milyonluq auditoriya hara, 9 milyon hara? Çox təəssüf ki, bizim gənclər "Yeni ulduz"a gəlirdilər, lakin parlayandan sonra bunun bir yolu qalırdı - toy. Çünki maddi tərəfdən çox böyük əziyyətlər çəkirdilər. Kimsə bu əziyyətləri dəf edə bilsə də, çoxu öhdəsindən gələ bilmirdi".
O.Əliyev müğənnilərin toydan başqa gəlir yerlərinin olmadığını deyib:
"Bizim ən böyük problemimiz tamaşaçıdır. Bir müğənnini tanıtmaq üçün külli miqdarda pul xərclənilir. Həmin müğənninin yayda Antalyada 1 aylıq konsertini təşkil etsən, bu, onun 1 illik büdcəsinə bəs edər. Bu gün Azərbaycanda hansı bir müğənni ilə belə layihə təşkil etmək olar? Bizdəkilərin maksimum Nabranda bir-iki konsertini təşkil etmək olar. Çünki onun nə diskindən 1 manat xeyri var, nə klipindən. Gəlir yeri ancaq toydur. İlhamə Qasımova, Elvin Abdullayev, Zamiq Hüseynov, Ayaz Qasımov və bu kimi bir çox gənclərimiz Türkiyənin orta pop oxuyanlarından qat-qat istedadlıdırlar. Lakin bir atalar sözü var: "Ləzgi yazıq deyil, sadəcə yeri balacadır". Yəni, bunların imkanları azdır. Bir də ki, bu gün mahnı yazdırırlar, artıq sabah "youtube"da var. Kimdi onların konsertinə gələn?"
O.Əliyev bir çox ifaçıları savadsızlıqda günahlandırıb:
"Bu gün bir müğənni var ki, onun oxuduğunu, bəlkə, heç özü də başa düşmür. Amma 4-5 milyon adam dinləyib, hamının telefonunda var. Axı bunun nə musiqi anlayışı, nə ritmi, nə xarizması var. Ancaq subton oxuyur. Hətta oxumur da, sözün əsl mənasında ulayır. Buna görə də tamaşaçı baxır. Bu birilər ulamırlar, ona görə baxılmırlar. Təmiz, keyfiyyətli musiqini dinləyənlər çox azdır.
Türkiyədə edilən hər hansı bir layihəni türklər edir deyə bizimkilər heç bir irad bildirmirlər. Həmin layihəni dekorasiyasından tutmuş hər şeyi ilə gətirib Azərbaycanda edirik. Orada bir şey var, filan yerdə oxumalısan, filan yerdə hoppanmalısan, filan yerdə də dayanmalısan. Bunu türk də, ingilis də, biz də edirik. Amma bizi lağa qoyurlar, irad bildirirlər. Biz özümüzü sevə bilmirik, problemimiz budur. Əgər özümüzü sevə bilsək, müğənnimiz də inkişaf edəcək, kinomuz da, hər şeyimiz də".
BAKU.WS
Oxşar xəbərlər
"Facebook-da tanış olur və deyir məni qaçırt" — FOTO + VİDEO
2017-ci ildə yayımlanacaq filmlərdən biri də "Hoqqa" filmidir. Filmin 3 gün sonra Nizami kino mərkəzində qala gecəsi baş tutacaq. Bununla bağlı filmin prodüsse...