Ukraynada bir ailəni xilas edən azərbaycanlı qardaşlara mükafat verildi - FOTO

25
yan
2019
08:24
Nikolayev vilayət şurasının başçısı Viktoriya Moskalenko Ukraynada yanan avtomobildən bir ailəni xilas edən azərbaycanlı qardaşlar – Ümid və Sabir Şirinovları “Müqəddəs Nikolay Xaçı” ordeni ilə mükafatlandırıb.“Qafqazinfo” xəbər verir ki, bu barədə şuranın mətbuat xidməti məlumat yayıb. Yanan avtomobildən 3 yaşlı Maksimi və onun valideynlərini xilas edən Şirinovlar ailənin bütün xəstəxana xərclərini də özləri qarşılayır. Ukrayna Azərbaycanlıları Konqresinin üzvləri olan qardaşların mükafatlandırma mərasimi zamanı Moskalenko onlara minnətdarlığını bildirib: “Hörmətli Ümid və Sabir! Mən sizə ürəkdən təşəkkürümü bildirmək istəyirəm. Bütün Nikolayev sizin necə qəhrəmanlıq göstərdiyinizdən danışır. Mən fəxr edirəm ki, siz Nikolayevdə yaşayırsınız və bizim həmyerlimiz, cəmiyyətimizin bir üzvüsünüz. Regionumuzda yaşayan bütün milli azlıqların dostluğunu dəstəkləyirəm”. Ümid və Sabir isə özlərini qəhrəman hesab etmədiklərini, sadəcə həmin anda atılmalı olan addımı atdıqlarını deyiblər: “Yanan maşından çıxardığımız qadın ərini xilas etməyimizi istədi. O, avtomobildə sıxılıb qalmışdı. Alov isə qaz balonuna doğru gəlirdi. Biz onun ərini qaldırıb avtomobildən çıxaran kimi partlayış oldu”. Qeyd edək ki, hadisə yanvarın 19-da baş verib. Ailə hazırda xəstəxanada müalicə olunur.BAKU.WS






Oxşar xəbərlər
Azərbaycanlı qardaşların Ukraynada qəhrəmanlığı: Alovlanan CİP-dən bir ailəni çıxartdılar - VİDEO
Ukraynanın Nikolayev şəhərində yaşayan Ümid və Sabir Şirinov qardaşları həyatlarını təhlükəyə ataraq alovlanan avtomobilin içindən azyaşlını, qadını və bir kişi...
