Leyla Əliyeva və Emin möhtəşəm festivalda bir araya gəldi (VİDEO)

Leyla Əliyeva və Emin möhtəşəm festivalda bir araya  gəldi (VİDEO)
Video
Şou-biznes 16376

 

İyulun 9-da Xəzər dənizinin sahilindəki "Sea Breeze” istirahət mərkəzində "İsti günlər” Beynəlxalq Musiqi Festivalı başlayıb.

BAKU.WS xəbər verir ki, festival məşhur artistlərin qırmızı xalı üzərindən keçidi ilə başladı. Aparıcılar Slava Nikitin və Yuliya Lısenkonun suallarını cavablandıran festival iştirakçıları Bakıya səfərlərinin təəssüratlarını bölüşdülər, şəhər sakinlərinin qonaqpərvərliyindən, Xəzər sahilində istirahətlərindən, təqdim edəcəkləri proqramdan danışdılar, Azərbaycana gəlmələrindən çox şad olduqlarını söylədilər. Əsl ulduz paradını xatırladan qırmızı xalıda çoxsaylı fotoşəkillər çəkildi, tamaşaçılar Bakıda çoxdan gözlədikləri artistlərlə ünsiyyət qurdular, onların libaslarının özəlliyindən söhbət açdılar. Bakıda keçirilən "Jara” Beynəlxalq Musiqi Festivalının dünyanın ən hərarətli yay festivalı olduğu bildirildi.

Festivalın fəxri qonaqları sırasında olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Bakıda ilk növbədə hansı yerləri ziyarət etməyə dəyər” sualını cavablandıraraq dedi: "Bütün yerləri ziyarət etməyi və qonaqpərvər, səmimi insanlarla tanış olmağı məsləhət görürəm”.

Qırmızı xalı üzərindən keçid başa çatdıqdan sonra "Jara” Beynəlxalq Musiqi Festivalına start verildi. Murad Dadaşov səhnəyə Yana Çurikova və Andrey Malaxovu dəvət etdi, festival "Rast” qrupunun çıxışı ilə başladı.

İki gün davam edəcək festival tamaşaçıları məşhur artistlərin sayı ilə heyrətləndirir. Festivalın birinci günündə səhnəyə Diana D., A-DESSA, Katya Lel, Zülfiyyə Xanbabayeva, Polad Bülbüloğlu, Filip Kirkorov, Aleksandr Revva, Vlad Sokolovski, Artik və Asti dueti, Anita Tsoy, Tomas Nevergreen, "Suxiye” qrupu, Azər Nəsibov, Slava, Loboda, Sati Kazanova, Polina Qaqarina və başqaları çıxdılar.

Festivalın iştirakçıları sırasında Stas Mixaylov, Vladimir Presnyakov, Ani Lorak, Qriqori Leps, Leonid Aqutin, Anna Sedokova, Denis Klyaver, "Arsenium”, Mitya Fomin, Bahhtee, "The Jiggits”, habelə digər nüfuzlu ifaçılar və qruplar da yer alıb.

Azərbaycanın Xalq Artisti Polad Bülbüloğlu səhnədə mahnı ifa etməzdən əvvəl deyib: "Azərbaycanın Rusiya Federasiyasındakı səfiri kimi festivala gələn həmkarlarımı, dostlarımı salamlayıram. Biz Xəzəri xeyirxahlıq, dostluq, mehriban qonşuluq dənizi hesab edirik. Mən bu gün Rusiyanın ən məşhur ulduzlarına uğurlar arzulayıram. Azərbaycana xoş gəlmisiniz”.

Rusiya Federasiyasının Xalq Artisti Filip Kirkorovun qonaqları Azərbaycan dilində salamlaması və ürək sözlərini söyləməsini isə tamaşaçılar hərarətli alqışlarla qarşıladılar. Ümumiyyətlə, konsert boyu çıxış edən ifaçılar, habelə rusiyalı aparıcılar Bakıya, Azərbaycana səmimi hisslərini ifadə etdilər, xalqımızın qonaqpərvərliyini xüsusi vurğuladılar. Festivalın uğurla keçdiyini qeyd edən Andrey Malaxov dedi: "Hər dəfə Bakıya həvəslə və həyəcanla gəlirəm. Bakı dünyanın ən gözəl şəhəridir. Buranın təbiəti, mənzərələri çox gözəldir”.

Tanınmış musiqiçi və müğənni Emin Ağalarov festivalın təşkilində göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin təşəkkürünü bildirərək dedi: "Başlıcası odur ki, festivalda iştirak etmək üçün heç kimi dilə tutmaq lazım gəlmədi. Çünki bizim Prezident və onun komandası Bakını hər kəsin gəlib görmək istədiyi gözəl bir məkana çevirib”. Emin Ağalarov bildirdi ki, bu festivalın doğma şəhəri Bakıda keçirilməsinə, tədbirdə çoxlu sayda insanların iştirakına görə özünü xoşbəxt hiss edir. Bu gün "Sea Breeze” istirahət mərkəzinin fəaliyyətə başlamasının 5 ili tamam olur.

"Qonaqların sırasında sənin üçün xüsusi olan kimdir” sualını cavablandıran Emin Ağalarov dedi: "Bir cümlə ilə cavab vermək çox çətindir. Lakin Filip Kirkorovun səfərini xüsusi qeyd etmək istərdim. O, neçə illərdir ki, Bakıda olmamışdı. Nəhayət, o gəldi və bizi dəstəklədi”. Emin Ağalarov qeyd etdi ki, festival böyük bir komandanın səyi ilə başa gəlib. Tədbirin 5 yüzədək qonağı var. O, festivalın təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Sonra Emin öz mahnıları ilə festivalın qonaqlarına xoş anlar bəxş etdi. Onun ilk dəfə təqdim etdiyi Bakı haqqında mahnı sürəkli alqışlarla qarşılandı.

Daha sonra festivala qatılan müğənnilər "Jara” mahnısını birlikdə ifa etdilər.

Tamaşaçılara maraqlı anlar yaşadan festival gecədən xeyli keçənədək davam etdi.

Festivalın qonaqlarını iki gün ərzində Rusiyanın ən yaxşı artistlərinin maraqlı çıxışları, möhtəşəm qırmızı cığır, çoxsaylı müsahibələr gözləyir. Tədbiri ən yaxşı quruluşçu rejissorlar hazırlayıblar. "İsti günlər” Festivalı elə planlaşdırılıb ki, ifaçılar həm səhnədə, həm də zalda gəzişəcəklər. Beləliklə, qonaqlar interaktiv prosesə və televiziya versiyasına cəlb olunacaqlar.

"İsti günlər”in təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radio”nun və "Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Festival Bakıda hər il keçiriləcək. Əgər builki proqram iki gün üçün nəzərdə tutulubsa, gələn il artıq üç-dörd gün davam edəcək, artistlərin və çıxışların sayı da artacaq.

BAKU.WS

Son xəbərlər