Erotik filmlərə dəvət alan Nigar: "Sevdiyim insan mənə dəstəkdir"

Erotik filmlərə dəvət alan Nigar: Sevdiyim insan mənə dəstəkdir
Şou-biznes 12645

 

Ölkə kinematoqrafiyasının inkişafında tərəqqi müşahidə olunur. İki ay ərzində 16 kommersiya filminin çəkilməsi bu inkişafın göstəricisidir.Təbii ki, filmlərin sayının artması həm də aktyor və aktrisaların peşəkarlığının artması deməkdir. Kommersiya filmlərində yer alan gənc və istedadlı aktrisalardan biri də Bakı Bələdiyyə Teatrının aktrisası Nigar Babayevadır.

BAKU.WS Cebhe.info-ya istinadən bildirir ki, Nigar xanım "Cümhuriyət" qəzetini suallarını cavablandırıb.

-Nigar xanım, aktrisalıq necə peşədir? 

-Əlbəttə ki, çətin peşədir. Cəmiyyətin qəbul etməsi baxımından da çox çətin peşədir. Hər kəs evində oturub televiziyadan bizi izləyəndə bilmir ki, onun səhnəarxası kadrlarında aktrisa nə qədər əziyyət çəkir. İnsanlar hələ də mental dəyərlərdən kənara çıxa bilmirlər.Həmişə bu sənətdə tənqidlərlə rastlaşırıq.

-Aktrisa olmamışdan öncə bunları düşünmüşdünüzmü? Yəni bu kimi şeylərin baş verəcəyini öncədən təxmin etmişdinizmi?

-Bilirdim hansı sənəti seçirəm və mən bunların hər birini gözə almışdım. Bu sənəti özüm öz xoşumla, istəyimlə seçmişəm. Ancaq evdə buna qarşı çıxmışdılar. Mən öz sözümün üstündə durdum və Mədəniyyət və İncəsənət Universitetinə daxil oldum.

-Necə oldu ki, aktrisa olmaq qərarına gəldiniz? 

-Ürəyimdə bu sənətə maraq vardı. Bu sahədə istedadımın olduğunun fərqinə vardım və qəti qərar verdim. Aktrisa olmaq qərarını verəndə mən 7-8-ci sinifdə oxuyurdum.

-Yerli aktrisalardan, yaxud da xarici aktrisalardan, aktyorlardan rəğbət bəslədiyiniz kimlər var? 

-Mənim 3 sevdiyim aktyor var. Üçü də Hollivud aktyorudur. Bunlar Tom Henks, Leonardo di Kaprio və Cim Kerridir. Həmin aktyorlar verilən bütün mənfi və müsbət rolların öhdəsindən çox böyük məharətlə gəlirlər.

-Mənfi obrazda çəkilmək istərdinizmi? Bilirsiniz, mənfi rolu ifa edənlərə təpkilər də az deyil. 

-Çəkildiyim obrazların bir çoxu elə mənfidir. Müsbət obrazları çox nadir hallarda ifa edirəm. Ən çətin və həm də ən maraqlı olan elə məhz mənfi obrazlardır. Müsbət obrazı ifa etməyə nə var ki? Dram janrında özümü daha yaxşı hiss edirəm.

-Bu gün Nigar xanım sənətində istədiyi pillədədirmi? 

-Xeyr, istədiyim pillədə deyiləm. Məqsədim yüksək zirvələri fəth etməkdir. Amma bizim işimiz təklifə bağlıdır. Elə bir təklif gələ bilər ki, qəfil parlaya bilərik.Ya da elə təklif gələ bilər ki, bütün ümidlərimiz puça dönər.

-Canlandırdığınız hansı obrazın təsirinə düşmüsünüz? 

-Bakı Bələdiyyə Teatrında çalışıram, teatrımıza Amalya xanım Pənahova rəhbərlik edir. Teatrda Fridrix Şillerin "Məkr və məhəbbət" əsərini oynamışdıq. Orada da mən mənfi obrazı- Ledi Milfordu canlandırmışdım. O obraz məni çox təsirləndirmişdi. Hətta o obrazı ifa etdikdən sonra mən bir neçə gün özümə gələ bilmədim. Hətta oturub ağlamışam. Baxmayaraq ki, tamaşaçılar məni komediya janrından tanıyırlar, amma mən drama daha yaxın olan bir aktrisayam. Dram janrında özümü daha rahat hiss edirəm. 

-Bu gün sizin həyatınızdan bəhs edən bir film çəkilsə, hansı janrda olardı? Komediya?

-Xeyr, komediya olmayacaq. Romantik dram filmi olar. Mənim həyatımdan bəhs edən filmə bənzəyən bir film, demək olar ki, yoxdur. Yəni münaqisə üçün deyəcəyim bir film yoxdur.

-Haqqınızda internetdə axtarış etdim, daha çox qarşıma açıq-saçıq şəkilləriniz, haqqınızda bəzi xəbərlər çıxdı. Bilirsiniz, belə şeylər birmənalı qarşılanmır...

-Elədir, birmənalı qarşılanmır. Bu təpkilər artıq uzun illərdir ki, baş verir. Qınaqlar, tənqidlər. Mən artıq normal qəbul etməyə başlamışam.Amma əvvəl mən həm müğənni olmuşam, həm də aktrisa, o zamanlar həmin dediyiniz təpkilər, yaxud sosial mediadan sərt tənqidlər gəlirdi.Mən seçim etdim və aktrisalıqla yolumuzu davam etdirdik.

-Deyirsiniz, müğənni olmuşam. Niyə hər ikisini paralel aparmadınız? Həm müğənni, həm də aktrisa.

-Müğənnilik hər zaman mənim hobbim olub. Çox vaxt ikisinin ortasında qalmışdım. İstəmədim mənə müğənni-aktrisa desinlər. Fikirləşdim, götür-qoy etdim, qərara gəldim ki, aktrisalıq müğənnilikdən daha üstündür və aktrisa kimi davam etmək qərarına gəldim. İki-üç mahnım vardı, ingilis dilində idi, sözlərini də özüm yazmışdım. Adətən, rus və ingilis dilində, pop janrında oxuyurdum.Düşünürdüm ki, mən ancaq Avroviziya yarışında oxuya bilərəm.Oraya da iki dəfə qatıldım, yarımfinala qədər yüksəldim, amma oradan o tərəfə keçə bilmədim.

-Aktrisasınız, çox güman ki, sizə açıq səhnələrdə çəkilmək dəvətləri də gəlir. 

-Bəli, mənə də erotik səhnələrə çəkilmək dəvətləri gəlir. Təbii ki, mən bu dəvətləri qəbul etmirəm, heç vaxt da etmərəm. Hətta qonorarı belə nə qədər yüksək olsa da qəbul etmərəm. Təzəlikcə də mənə bir dəvət gəldi. Erotik film idi. Orada konkret olaraq açıq səhnələr vardı, müəyyən bədən orqanları açıq şəkildə görünməli, hətta öpüş səhnələri də aşkar şəkildə çəkilməli idi və mən bu təklifi rədd etdim. İmkan belə vermədim ki, mənə həmin filmin ssenarisini danışsınlar.

-Niyə rədd etdiniz? 

-Hər şeyi düşündüm, ilk növbədə özümü, ailəmi düşündüm, heç vaxt onların başını aşağı etməyi istəmərəm. Həmin film ümumiyyətlə Azərbaycana yaraşmayan bir filmdir.

-O filmə çəkilsəniz, nə baş verərdi? 

-İnanın nələrin baş verəcəyini deməyə belə qorxuram. Həyatım 180 dərəcə dəyişəcəkdi o filmə çəkilsəydim.

-Bu gün tamaşaçı kimi öz çəkildiyiniz filmə baxsaydınız, nə düşünərdiniz? 

-Təzə-təzə səhnəyə çıxan, bu sənətə başlayan vaxtlarıma baxanda kifayət qədər tənqid edəsi məqamlar var. Amma mən hər dəfə çəkilişlərə baxanda da səhvlərimi görüb çalışmışam ki, onları düzəldim. Tamaşaçı kimi özümə baxanda özümdən razıyam.

-Gənc bir aktrisanın parlaması, önə çıxması üçün öncə nə lazımdır? 

-Onun istedadlı olması lazımdır. Amma hərdən görürəm ki, heç aktyor, aktrisa olmayanlar, başqa peşənin sahibləri də gəlib bu sahəyə girirlər. Mən buna da yaxşı baxmıram. Hər bir sahənin öz adamı var. Amma ən birinci insanın irəli getməsi, inkişaf etməsi üçün istedadı olması mütləqdir.

-"İnkişaf edənlər" istedadlıdır, sizcə?

-İstedad onların çox hissəsində olsa da, bir hissəsində yoxdur. Nəyinsə hesabına, başqa yollarla onlar o pilləyə yüksəliblər.

-Həmkarlarınız çox narazıdır, deyirlər bu sahədə pul yoxdur. 

-Elə mən də o narazı olanlardan biriyəm. Əlbəttə ki, bu sahədə pul yoxdur. Demək olar ki, ölkəmizdə ən az maaşı elə məhz aktyor və aktrisalarımız alır. Mən yenə teatrda çalışıram, heç olmasa aylıq maaş alıram. Amma onu almayan aktyorlarımız da var ki, oturub aylarla film, serial təklifi gözləyirlər. Düzdür, filmdən, serialdan da elə pul vermirlər. Amma yoxdan yaxşıdır.

-Son aylar ərzində 10-dan çox kommersiya filmi təqdim olundu. Hamısı da komediya janrında. Azərbaycan tamaşaçısı dramı qəbul edə bilmir bəyəm?

-Xeyr, elə deməzdim. Bu gün rejissorlar kommersiya filmi ərsəyə gətirərkən qazancı düşünürlər.Yəni dram çəksələr, o filmdən gəlir götürə bilməyəcəklər. İnsanlar o filmə baxmağa gəlməyəcəklər. Ona görə də onlar buna etiraz edirlər ki, dram çəksəm pulu çıxara bilməyəcəm. Amma mən sizə deyim ki, teatrda dram olanda izləyicilərin sayı hesabı olmur. Komediyadan daha çox insanlar teatra drama baxmağa gəlirlər.

-Hə, bir də tənqidlərlə yanaşı təhqirlər də ünvanlanır aktyor və aktrisalarımıza. Yəqin ki, sosial şəbəkələrdə ünvanınıza belə rəylər gəlir. Bu yaxında elə məhz təhqirə görə müğənni bir gənci həbs etdirdi. Siz necə, hüquqi addım atmaq haqqında düşünmüsünüzmü?

-Mən, adətən, elə rəyləri silirəm. Düzünü desəm ki, elə rəylər çox nadir hallarda gəlir.Mən silirəm, bloka atıram və heç vaxt da fikir vermirəm o rəylərə. Amma elə həmkarlarımız, elə müğənnilərimiz var ki, fikir verirəm rəylərdə bir-birlərini qırırlar.

-Mətbuatı izləyirsinizmi? Ən çox hansı xəbərləri oxuyursunuz?

-Bəli, izləyirəm. Sosial şəbəkələrdə qarşıma çıxan xəbərləri oxuyuram. Daha doğrusu, mədəniyyət və şou-biznes xəbərlərini daha çox oxuyuram. Sosial və siyasi xəbərlər də qarşıma çıxanda oxuyuram. Amma mən siyasətdən uzaq insanam.

-Son iqtisadi böhran sizə necə təsir göstərdi? 

-Heç onsuz da vəziyyət yaxşı deyildi, böhrandan sonra da çətinləşdi vəziyyət. Dolların məzənnəsinin qalxması tək mənə pis təsir etməyib, yaxud da kimsə deyə bilməz ki, mənə yaxşı təsir göstərib. 

-Bu gün Nigar xanıma qadağa qoyulubmu? 

-Düzünü desəm, mən vəziyyəti o həddə çatdırmıram ki, mənə qadağa qoyulsun. Amma qadağalar var, bəli. Ailəm tərəfindən müəyyən qadağalar var. Adi bir vaxtda dostlarımla, rəfiqələrimlə harasa gedirəmsə, valideynlərim o dəqiqə deyir ki, evə gec gəlmə, vaxtında gəl. Amma işimlə bağlı harasa gedəndə qarışmırlar. Məsələn, "3 badam, 1 qoz" filmi ancaq gecələr çəkilib. Saat 11-dən səhər saat 5-6-ya qədər çəkilişlərimiz olurdu. Həmin vaxtlar ailəm də bilirdi ki, mən işimlə bağlı getmişəm və qarışmırdılar.

- Ailəniz də narazı idi sizin aktrisa olmağınıza. Bəs kim razı idi, kim dəstək oldu? 

-Mənə heç kim dəstək olmayıb bu sahədə. Mənəvi dəstəyim isə hər zaman anam olub.Atam narazı idi, deyirdi ki, yox, olmaz getməyəcəksən sən. Aktrisa olmayacaqsan. Amma həmişə anam mənə dəstək olub, atama da deyirdi ki, qoy istədiyi sahəyə getsin. Hətta bu gün anam mənim oynadığım tamaşalara da gəlir, izləyir daim, dəstək olur. Bir də sevdiyim insan mənə dəstəkdir. Həyatda elə sevgililər var ki, ona oğlan tərəf qadağa qoyur ki, onu etmə, bunu etmə. O olmaz, bu olmaz. Amma mənim sevdiyim şəxs elə bir insandır ki, bu sahədə hər zaman mənə dəstək, dayaq olub.

-Şəxsi həyatınızdan da çox danışmırsınız.

-Mən sonuncu müsahibədən sonra istəmirəm şəxsi həyat haqqında danışım. Təkcə onu deyim ki, sevdiyim şəxs mənə bu gün dayaqdır, dəstəkdir.

- Hansı ölkədə yaşamaq istərdiniz? 

-Uşaqlıqdan böyük arzum İspaniyada yaşamaq olub. Bu gün amma Amerika və İspaniyanı seçərdim gəzmək, görmək üçün. Yaşamaq üçün isə Azərbaycandan başqa yeri seçməzdim. Çünki hər nə əldə etmişəmsə, qazanmışamsa, öz ölkəmdə qazanmışam və burada da davam etmək istəyirəm.Yenidən başqa ölkədə sıfırdan həyat qurmaq o qədər də asan deyil.

- Hər bir insanın arzuladığı və getmək istədiyi bir yol var. Siz arzuladığınız bu yolun hansı hissəsindəsiniz? 

-İnanın ki, mən hələ arzuladığım yolun heç yarısını da qət etməmişəm. Bu yolun zirvəsi çox yüksəklərdədir. Əvvəlcə "əməkdar artist" adı, sonra "xalq artisti" adı.

- Demək, siz ad üçün çalışırsınız?

-Xeyr, ad üçün çalışmıram. Məsələn, elə adamlar var ki, ad üçün çalışır və ad aldıqdan sonra sakitləşir, çəkilir bir küncə, dayanır. Amma mən istəyirəm ki, halal əziyyətimlə, insanların sevgisi ilə bu adı qazanım. Düzünü desək, o adı pulla alanlar da var. Mən elə ad almaq istəmirəm. Mən illərlə, yavaş-yavaş, damla-damla tamaşaçı sevgisi qazanıb, ada sahib olmaq istəyirəm.

-Bu gün ən böyük nailiyyətiniz nə olub həyatınızda? 

-Ən böyük nailiyyətim mənim teatra daxil olmağım olub. Universiteti bitirdikdən sonra gəldim Amalya xanımın yanına, sağ olsun ki, məni qəbul elədi. Mənə hər cür dəstək oldu.Teatra gəldikdən sonra tamaşa quruldu və mənə baş rol verildi.

-Bəzən şirkət açılışlarına, butik açılışlarına dəvətlər alırsınız. Bunun üçün sizə pul ödənilirmi?

-Yox, heç bir ödəniş, pul verilmir. Sadəcə olaraq biz həmin butikdən pulsuz isifadə edirik. Məsələn, nə vaxt getsək, kosmetika, makiyaj, saç kəsimi və s. hamısı bizə pulsuz olur. Həm də bu bir reklamdır. Məsələn, instaqram hesabımızda minlərlə insan var və bir neçə nəfər tanınmış insan həmin butiki reklam edirsə, bütün Azərbaycan görür onu.

-Brend butiklərin açılışında iştirak edirsiniz. Yəqin ki, geyimlərinizdə də brendə önəm verirsiniz...

-Mən son qəpiyimə kimi pulumu geyimə xərcləyən adamam. Çalışıram ki, xüsusi marka olsun, amma o qədər də brend mallar almıram. Cibimizə uyğun olan geyimlər alıram daha çox.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanlı aktrisa "Arka sokaklar" serialında rol aldı (FOTO)

Azərbaycanlı aktrisa "Arka sokaklar" serialında rol aldı (FOTO)

Gənc Tamaşaçılar Teatrının keçmiş aktrisası Nigar Bahadırqızı "Arka Sokaklar” serialına çəkilib. BAKU.WS xəbər verir ki, Türkiyədə yaşayan aktrisa çəkiliş meyd...

7004 Şou-biznes 10:52 06 fevral 2017

Son xəbərlər