Azərbaycanlı müğənnilər Röyaya dəstək oldular: Nuşirəvan Məhərrəmliyə müraciət etdilər

Azərbaycanlı müğənnilər Röyaya dəstək oldular: Nuşirəvan Məhərrəmliyə müraciət etdilər
Şou-biznes 5979
Əməkdar artist Röya Ayxanın radio və televiziya kanalları ilə bağlı alovlu çıxışı geniş rezonans doğurub. Klip kanalının və televiziyalarda klip saatlarının olmamasından şikayətlənən müğənniyə sənət yoldaşları dəstək durub.BAKU.WS Publika.az-a istinadən xəbər verir ki, onlar da həmkarları Röya kimi Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmliyə müraciət edərək yaranan vəziyyətə əncam çəkilməsinin zəruri olduğunu bildiriblər.Müğənni İradə İbrahimova: “Bizdə bu qədər mahnılar oxunur, onlara əziyyətlər çəkirik, ancaq heç biri “raskrutka” olunmur. Çox mahnılarımız səsləndirilmir və ortaqlıqda batıb gedir. Ancaq hit olan mahnılarımıza maraq olur, onlar da az səsləndirilir. Bizdə türk və xarici mahnılara daha çox üstünlük verilir. Tamam, biz də sevirik, ancaq nə qədər olar? Gəlin, çox uzağa yox, elə Türkiyəyə baxaq. Görək onlar bizim mahnılarımızı radiolarında səsləndirirlərmi? Orada sənətçilərimizin mahnıları yalnız ödənişli şəkildə verilir. Bizim klip kanalımız, televiziyalarda klip saatları olan verilişlərimiz olmalıdır. Demirəm ki, sırf elə bizim mahnıları səsləndirsinlər. Bizim klassiklərimiz var, onların bəstələrindən versinlər ki, gənclərimiz maariflənsin. Mən də Röyaya dəstək verib, Nuşirəvan müəllimdən bu işi nəzarətə götürməsini xahiş edirəm”.Əməkdar artist Lalə Məmmədova: “Düzdür, mənim radiolarla problemim yoxdur. Həmişə mahnılarım efirlərə verilir. Ancaq bu başqa sənətçilərimizdə belə deyil. Klip kanalımız yoxdur, ona görə kliplər az çəkilir. Ya ayrıca klip saatları ayrılsın, ya da klip kanalı yaradılsın. Düşünürəm ki, müğənnilər efirdə yalnız sənətlərini göstərməlidir. Buna da şərait yaratmaq üçün qalmaqallı verilişləri azaldıb, onlara dəstək olmaq lazımdır. Mən də Röyanın fikirləri ilə razıyam. Onun Nuşirəvan müəllimə olan müraciətinə mən də qoşuluram”.Aparıcı və müğənni Murad Arif: “Axır ki, ölkədə kimsə səsimə səs verir. Yoxsa, hər müsahibədə bu barədə deyinərək, özümü "pis kişi" çıxartmaqdan yorulmuşdum. Sağ olsun... Röyanın özüylə bunu dəfələrlə müzakirə etmişəm. İki il öncə təklif etdim ki, bütün radio müdirlərini dəyirmi masaya çağıraq, problemlərimizi danışaq.Baxın, ölkədə milli pop meydanı məhduddur. Bizdəki şərtlər sektorun inkişafına şərait yaratmır. "Kral Pop", "Russkoe Radio" formatlı, sırf milli pop janrına xidmət edən dalğalarımız olsun, radiolar müğənninin gəlib onların toyunda oxumasını düşünməsin...Öz sənətçilərimizə stimul olsunlar. Sektor üçün, milli şou-biznes üçün bunu etsinlər. Biz də mahnı yazmağa, klip çəkməyə həvəsli olaq...Reallıq budur ki, bu gün milli pop məhdud imkanlarla yayımlanır, yeni ifaçılardan ödəniş tələb olunur, klip saatları ya yoxdur, ya da "bozbaş" janrına xidmət edir, klip kanalımız yoxdur.Bu məsələləri ciddi müzakirəyə çıxaracaqdıq. İndi bir daha sənət dostlarımıza səslənirəm. Biz ancaq yutub və instaqram üçün mahnılar yazdırır, 5-10-20 min manatlıq klip çəkdiririk. Bizim şou-biznesimizin sistemi, musiqi gündəmi yoxdur. Mahnılar xaotik çıxır, pis yayımlanır! Televiziyaların əyləncəli verilişləri də, "toyxana" əhvalındadır. Gəlin, birləşək və kanalları, dostlarımızı dialoqa çağıraq! Ermənistan və Gürcüstanda musiqi sektoruna baxın. Neft ölkəsiyik, Bakı inkişaf edir, amma Qafqazın ən geridəqalmış şou-biznesi bizdədir. Səbəb də odur ki, şou-biznesi idarə edəcək bir ocaq, mahnı və kliplərin yayılmasında sistem yoxdur. Bizə meydan lazımdır. Murad Arifdən pul umub, minnətlə günə bir dəfə mahnım verilməsin. Dima Bilanlar, Murat Bozlar özümüzdən üstün tutulmasın... Özümüzü sevək və dəstəkləyək...Biz zatən işimizin fanatıyıq. Hər klipimə 10 minə yaxın pul xərcləyirəm. Amma, mənim efirim sosial şəbəkələrdir. Nə vaxtadək belə olacaq? Mahnılarımı Ozan Doğulu, Nil Karaibrahimgil, Enbe Orkestrası, Ziynet Sali, Nilufer bəh-bəhlə alıb, oxuyur. Öz vətənimdə isə ya pul umulur, ya da ki, əskik tutuluruq”.Müğənni Nura Suri: “Röyanın dedikləri ilə tamamilə razıyam, o, müğənnilərə bir çağırış etdi. Müğənniləri qalmaqalla, şəxsi həyatla tanıtmaq yerinə klip saatları yaradıb, onları həvəsləndirə, yeni kliplərə çəkdirməyə sövq edə bilərlər. Azərbaycanda yalnız 106.3 FM milli musiqilərimizə yetərincə vaxt ayırır. Qalan radiolar da yaxşı olar ki, yeni çıxardığımız mahnıları “raskrutka” etsinlər. Gündə ən azı beş dəfə dinləyiciyə çatdırsınlar. Bütün bunlar müğənnini daha keyfiyyətli işlər dalınca qaçmağa məcbur edəcək. Beləliklə, rəqabət yaranacaq. Mən sənətimə az vaxt ayırıram, ancaq sənətinə can qoyan sənətkarlar var ki, bu hal onlar üçün də keçərlidir. Onlar da diqqətdən kənarda qalıb. Röyanı dəstəkləyib, Nuşirəvana müəllimə müraciət edirəm ki, bu qalmaqalları efirlərdən azaldıb, daha çox kliplərin yayımlandığı proqramlara üstünlük versinlər.Müğənni Nigar Camal: “Radiolarda 100 ilin əcnəbi mahnılarını verirlər. Hansı ki, heç bir Avropa radiolarında həmin mahnıları eşidə bilməzsiniz. Ya da onların repertuarı toy mahnılarından ibarətdir. Xarici ölkələrdə hər proqramın öz diceyi var, onların müxtəlif janrdan olan mahnıları efirlərdə səsləndirirlər. Bizimkilər qarışdırır bir-birinə, bilmirsən ki, nəyə qulaq asırsan. Elə radiolar var ki, hətta məndən pul istəyiblər. Bütün günü radioda mahnını eşitmək istəyirsənsə, pul verməlisən. Ancaq belə şeylərə heç vaxt pul verməmişəm. Bu işlərdə yanımda mənə dəstək olan yeganə radio 106.3 FM olub. Röyanın çağırışına qatılıram, normal klip kanalımız da yoxdur. Bunlar yaranmalıdır ki, keyfiyyətli işlərə tələbat da artsın”.Xalq artisti Faiq Ağayev: "Mən bu barədə illərdir danışıram. Bu haqda həm məqalələr, həm televiya müsahibələrim olub . Misal və nümunə kimi də Rusiya və Türkiyəni gətirmişəm ki, onlarda radiolarda yerli və əcnəbi musiqi nisbəti var. Bu, hər iki tərəf üçün 50% təşkil edir. Kliplərin televiziyalarımızda yayımlanmaması ucbatından yeni klip çəkmədiyimi də dilə gətirmişəm. Yəni, müstəqil olaraq 9-10 ildir bu barədə danışıram. Həmkarlarım da bu barədə yenicə gileylənməyə başlayıbsa, lap yaxşı. Tək əldən səs çıxmaz".106.3 FM radiosunun diceyi Kazım Sübhan isə məsələyə belə münasibət bildirib:“Əminəm ki, o sözlərin bizim radioya heç bir aidiyyəti yoxdur, çünki bizim adımız üstümüzdədir – “Milli musiqi, milli radioda”. Röyanın sözləri ilə razıyam ki, bəzi radiolar sanki bizim mahnıları verməkdə xəsislik edirlər, heç öz ölkəsində tanınmayan türk və xarici mahnılar səsləndirirlər. Amma, bir məqamda var: əgər bizim ölkədə radiolar çox olsaydı, onlar ayrı-ayrı janrlara, kateqoriyalara bölünsəydi (Türkiyədəki kimi), belə problemlər olmazdı. Lakin, biz hələ ki, azıq. Ona görə də, daha çox milli musiqi verməliyik. Azərbaycanın o qədər istedadlı gəncləri var ki... Keçən dəfə qeyd etmişdim, yenə də edirəm. Media və məşhurlar, "Ayə, hara gedirsən" qədər yaxşı, keyfiyyətli işləri paylaşsanız inanın çox yaxşı olar”.BAKU.WS

Son xəbərlər