Azərbaycanlı aktrisa: "25 ildi güzgüyə baxıb, görürəm ki, bu bədən məndə var" (VİDEO)

Azərbaycanlı aktrisa: 25 ildi güzgüyə baxıb, görürəm ki, bu bədən məndə var (VİDEO)
Video
Şou-biznes 3555

Gözəlliyi və istedadı ilə hər kəsi özünə heyran edən məşhur aktrisa Gülşən Hüseynli GoldNews.az saytına müsahibə verib.

BAKU.WS həmin müsahibəni sizə təqdim edir:

Gülşən xanım necə oldu ki, aktrisa olmağa qərar verdiniz?

- Aktrisa olmaq üçün insan doğuşdan istedadlı olmalıdır. Uşaqlıqdan həvəsim olub. Hətta anamın paltarlarını geyinib, güzgünün qarşısında rəqs edirdim. Rəqsə də böyük marağım olub. Həmişə xarici filmlərə baxanda, özümü onların qəhrəmanları kimi hiss edirdim. İllər keçdikdən sonra idmanla daha peşəkar məşğul olmağa başladım. Universitetə isə tamamilə başqa bir ixtisasa qəbul oldum. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almağa başladım. Oranı bitirdikdən sonra Azərbaycan Pedoqoji Universitetinin Pedaqogika fakültəsini bitirdim. Heç ağlıma da gəlməzdi ki, bitirdiyim ixtisaslar üzrə deyil, aktrisa kimi işləyəcəyəm. İlk dəfə 12 yaşım olanda məni Elxan Cəfərov kəşf etdi. Universitetimizdə fəaliyyət göstərən "KVN" teatrının rəhbəri idim. Dilbər Axunzadənin roluna 16-17 yaşlı, məsum üzlü bir xanım tələb olunurdu. Elə oldu ki, bu rol mənə təklif olundu. Boyum hündür olduğuna görə heç kim mənim 13 yaşım olduğunu anlamadı. Bu rolu ifa etdikdən sonra mənə çox təkliflər gəldi. Məktəbin ən tanınmış qızı idim. Bir müddət sonra jurnalların üz qabıqlarında şəkillərim çıxdı. Azərbaycanı xarici ölkələrdə keçirilən müsabiqələrdə təmsil etməyə başladım. Universiteti bitirdikdən sonra isə serial təklifləri aldım. "Bir ailəm var” serialında Safurə obrazını canlandırdım. Mən elə bu obrazla da tanındım və çox uğurlu olduğunu söylədilər. Daha sonra "Best model of Azerbaijan”,  "Miss Georgia” və s titullar qazanmışam.

Modellik istədiyiniz sizə şöhrəti, yoxsa qazancı vermədi? Niyə aktrisalığı seçdiniz?

- Azərbaycanda modellik deyə bir şey yoxdur. Mən bunu dəfələrlə demişəm. Hazırda mənə model agentliklərində, müsabiqələrdə juri olmaq təklif edilir. Mən qəbul etmirəm. Çünki bizim müsabiqələr hamısı pulladır. Hansısa model ilk yeri tutmaq istəyirsə, bunun üçün pul ödəməlidir. Amma düzgünlük çox yaxşı şeydir. Mən xaricdə müsabiqələrdə iştirak edəndə, orda hər şey səsvermə yolu ilə keçirilirdi. Gözəlliyə önəm verilirdi. Daha bizdəki kimi " Sən 3 min ver, yer tut" yox. Bu dəqiqə hətta "ən yaxşı aktrisa” titulunu belə  pul müqabilində verirlər. Mənim özümə də təklif ediblər. Min manata bu titulu almaq mümkündür.

Siz pul ödəmisiniz?

- Yox, mən Azərbaycanda heç bir müsabiqədə iştirak etməmişəm. Yalnız "Best model of Azerbaijan”a qatılmışam. Xaricdə keçirilən müsabiqələrdəki düzgünlüyü görən insan buradakı müsabiqələrdə iştirak etmək istəmir.

Bu yaxınlarda filmlərdən birinin qalasına geyindiyiniz libasla gündəmə gəlmişdiniz. Bu cür geyinməkdə məqsədiniz gündəmə gəlmək idi, yoxsa hər zaman bu cür geyinirsiz?

- Qalada hamı elə bilirdi ki, filmin aktrisası mənəm, ancaq məndən danışırdılar. Əslində, mənim geyimim sadə bir parçadan tikilmiş kombinzon idi. Biz səhnə adamlarıyıq. İnsan içinə çıxanda başqalarından seçilməliyik. Geyimimə çox önəm verirəm və çox pul xərcləyirəm. Gözəl görünüşüm və boyum var. Allah məni gözəl yardıb. Mən özümü tanıyıram. 25 ildi güzgüyə baxıb, görürəm ki, bu bədən məndə var. Özümə yaraşanı da geyinirəm.

Müsahibələrinizdən birində vurğulamısınız ki, heç vaxt filmlərdə açıq-saçıq və yataq səhnələrinə çəkilməzsiniz. Bu, Azərbaycan mentaliteti ilə əlaqəli bir şeydir?

Azərbaycanın aktyor və aktrisalarının çoxu bu problemlə üzləşir. Biz üzdən avropalı kimi görünsək də, daxilən Şərqliyik. Biz avropalılar kimi geyinə bilərik, amma düşüncələrimizi heç vaxt dəyişə bilmərik. Bu gün mən Türkiyədə, Hollivudda çəkilsəm və sonra gəlib Azərbaycanda fəaliyət göstərsəm, yenə deyəcəklər ki, biabır elədi bizi. Bu, gələcəkdə mənim ailə qurmağıma da təsir göstərəcək. Adicə "İnstagram"da nəysə paylaşırsan, pis-pis sözlər yazırlar, boş-boş danışırlar. Bu cür düşüncəsiz adamlar insanları sıxırlar. Mən xaricdə yaşasaydım, öpüşmə səhnəsinə çəkilərdim. Azərbaycanda verilən qonorara görə özünü biabır etməyə dəyməz.

Heç karyeranız ərzində bahalı hədiyyələr almısınız?

- Hədiyyə etmək istətəyənlər olub, amma qəbul etməmişəm. Maşın, ev hədiyyə etmək istəyən olub. Yaşda çox böyük və ailəli insanlar olublar. Bəzi kişilər də olub ki, onlardan hədiyyə qəbul etməyi mən özümə sığışdırmamışam. Çünki bunlar qarşılıq tələb edən hədiyyələr olub. Düşünürəm ki, bu insanla mənim aramda heç vaxt sevgi ola bilməz. Baxmayaraq ki, o, hansısa şirkətin sahibidir. İstəmirəm sabah desin ki, mən filan aktrisaya maşın almışam.

Özümün imkanım var. Atam da yetəri qədər imkanlıdır. Anam isə həkimdir. Mən evin tək qızıyam. İki evim və iki maşınım var. Bu yaxınlarda özümə "İnfiniti" markalı avtomobil aldım.

Heç intriqada olduğunuz, dalaşmaq həddinə çatdığınız həmkarınız olub?

- Elə bir şey olmayıb. Bütün yaxın olduğum həmkarlarım məni çox istəyir. Hamı ilə gözəl münasibətimiz var. Hər zaman özümə hörmət qazanmağı bacarmışam.

Aktrisalıq özünüzü maddi cəhətdən təmin edəcək qədər qazanc gətirir?

- Mənim pulum olmayan vaxtlar olub. Gəlirin olması üçün filmdə, yaxud da serialda çəkilməlisən. Pulumun olmadığı zamanlarda evdən pul alıram. Elə olub ki, aylıq 15 min qazanmışam. Mən rejissorlarla öz qiymətimi normal danışıram. Heç vaxt aşağı qiymət danışmıram. Az pul vermək istəyən insanlarla da işləmirəm. Məni öz filmində görmək istəyən rejissor razılaşır.

Gözəl-göyçək qızsan. Şəxsi həyatında vəziyyət necədir? Ailə qurmağı düşünürsən?

- Sevən insanlar çoxdur. Sevdiyim insan olub, amma hazırda yoxdu. Heç kimi sevmirəm. Həmin insanla ailə həyatı qurmağı düşünürdüm. O, insan çox qısqanc olduğu üçün bizim münasibətimiz davam etmədi. Məni sənətdən uzaqlaşdırırdı. İstəmirdi ki, aktrisa olum. Əgər bir insan səni sevirsə, olduğun kimi sevməlidir. Çünki o məni səhnədə görüb, sevib. Artıq mənim şəxsiyyətimi təhqir etməyə başlamışdı. Biz sevdiyimiz insanları olduğu kimi qəbul etməliyik. Etmirsə, deməli məni alçaldır. Buna görə də mən ondan ayrıldım. Yenə deyirəm, sevən insanlar çoxdur. Onların içindən birini seçib, ailə quracam. Artıq ailə qurmaq vaxtıdır. Amma tələsmirəm. İstəyirəm ki, həyatımın sonuna qədər yaşaya biləcəyim bir insan olsun taleyimdə.

Gülşən üçün pul, yoxsa sevgi önəmlidir. Necə bir insanla ailə qurmaq arzusundasan?

- Öncə ailə quracağım insanın görünüşü mənim xoşuma gəlməlidir. Bir insanla tanış olan zaman ilk 20 dəqiqə görünüş mənim üçün çox önəmlidir. Ola bilər ki, 20 dəqiqədən sonra o insana heç salam belə verməyim. Lakin elə də ola bilər ki, 20 dəqiqədə o insanın daxili gözəlliyi məni özünə cəlb etsin. Görünüş məni çəkməsə, o insana yaxın gedə bilmərəm. Yavaş-yavaş sevən insanlardanam. Bunun üçün də ilk görünüş, 20 dəqiqədən sonra xasiyyəti, daha sonra isə işi və necə bir ailədən gəldiyi mənim üçün önəmlidir. Mən romantik oğlanları çox sevirəm. İstəyərdim ki, həyat yoldaşım romantik olsun.

Gülşən, arzusunda olduğun rol varmı? 

- Döyüş səhnələrində çəkilmək istəyirdim. Bu yaxınlarda "The Game” filmində bu arzumu gerçəkləşdirdim. Saf sevgi qəhrəmanını oynamaq arzum idi. Ona da bu yaxınlarda dəvət almışam. İzzət Bağırov məni bir filmdə baş rola dəvət etdi. Film"Sevginin göz yaşları” adlanır. Çəkilişlərinə də artıq başlamışıq. Film bir ailə dramından bəhs edir. Baş roldakı xanım da elə mənim xasiyyətimdə olan insandır. Bu film oktyabr ayında izləyicilərə təqdim ediləcək. Biz İzzətlə verilişlərdən birində qarşılaşdıq. Məni bu filmə çəkiləməyə dəvət etdi. Daha sonra isə "Şorgöz” adlı filminin çəkilişlərinə başlamışıq.

BAKU.WS 

Son xəbərlər