Abşeronda XTQ gizirinin doğum günü qeyd edilib - FOTO

Abşeronda XTQ gizirinin doğum günü qeyd edilib - FOTO
Foto
Şou-biznes 61

44 günlük Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsində ucalan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medallarına layiq görülən Xüsusi Təyinatlı Qüvvələrin şəhid giziri Sahib Musa oğlu Musayevin 38-ci doğum günü qeyd edilib.

BAKU.WS xəbər verir ki, Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən anım tədbirində Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Yeni Azərbaycan Partiyasının(YAP) Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, şəhid gizir Sahib Musayevin ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri və qazilər iştirak ediblər.

Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ümummilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Xüsusi Təyinatlı Qüvvələrin şəhid giziri Sahib Musa oğlu Musayevin həyat və döyüş yolunu əks etdirən sənədli film nümayiş olunub. Qeyd edilib ki, Sahib Musa oğlu Musayev 1984-cü il iyulun 21-də Qax rayonunun Şotavar kəndində anadan olub. Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin "Su Altı Hücum" (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin miçmanı olan "Pələng" ləqəbli Sahib Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Xocavəndin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sahib Musayev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. İki övlad atası olan Sahib Musayev Aprel döyüşlərində də iştirak edib.

Sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova bildirib ki, ölkəmizdə, o cümlədən Abşeron rayonunda şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərilir. Onların xatirəsinin əbədiləşdirilməsi, unudulmaması və daim yaşadılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.

Sonra çıxış edən şəhid Sahib Musayevin həyat yoldaşı Pərvin Musayeva, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, şəhidin döyüş yoldaşı Tural Səlimov, Milli Qəhrəmanlar Birliyinin Abşeron şöbəsinin sədri Tərlan Mahmudov, din xadimi Rasim Xudaverdiyev, şəhidin övladları Sahibə Musayeva və Ülvi Musayev ölkəmizdə şəhid ailələrinə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini qeyd ediblər və bütün bunlara görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.

Anım tədbiri bədii proqramla davam edib.

Son xəbərlər