SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS
-in budəfəki müsahibi aparıcı, rejissor Ranar Musayevdir. 

- Ranar Musayev özünü necə təqdim edərdi? 

-  Mən özümü necə təqdim edə bilərəm ki... Rejissor Ranar Musayev.  Aparıcı deməyəcəm, çünki özümü aparıcı kimi qəbul etmirəm, bəyənmirəm, bir rejissor kimi qəbul etmirəm. Ona görə də sadəcə rejissor Ranar Musayev.

- Nəhayət ki, "Maşın şou" bitdi. Mənə sizin bu layihəyə gəlişiniz maraqlıdır. Necə oldu ki, bu şouya qatılmağa razılıq verdiniz?

- Ola bilər ki, həyatımın elə bir məqamını yaşayırdım ki, hər şey mənə artıq çox monoton görünürdü. Ev-iş, ev-iş, hətta dəlicəsinə sevdiyim səyahətlər artıq mənim üçün yenilik gətirmirdi. Tez-tez xarici ölkələrə səfərə gedirəm və artıq gördüm ki, o da mənim üçün adiləşib. Mənə yeni emosiyalar çatışmırdı. Elə bu səbəbdən "Maşın şou"dan təklif gələndə düşündüm ki, əsl məqamıdır. Deyir, "Niyyətin hara, mənzilin də ora". Yəqin ki, niyyətim də elə yeni bir hisslər keçirmək olub ki, "Maşın şou"dan təklif aldım və yanılmadım.


- Ağıllı insan düşdüyü hər hadisədən, yaşadıqlarından sonra bir nəticəyə gəlir, nəyisə öyrənir. "Maşın şou" sizə nəyi öyrətdi?

- Mən, ümumiyyətlə, həyatım boyu həmişə ədalətli, dürüst, düzgün olmaq istəmişəm. Çalışmışam ki, heç vaxt heç kimi aldatmayım, müəyyən xırda yalanlar bir qırağa. Məktəbdən, özümü tanıyandan belə olmuşam. Həmişə zəifin, təklənən insanın yanında olmuşam və həmişə düz yaşamağa çalışmışam. Amma son zamanlar nəzər salırdım ki, düz yaşamayanlar həyatda daha çox nailiyyətlər əldə ediblər. Başlayırdım şübhələnməyə ki, bəlkə, mən nəyisə düzgün etmirəm, axı həyat bir dəfə verilir. Bəlkə, mən düzgün yaşamaqla düz etməmişəm. Ona görə tale belə gətirdi ki, "Maşın şou"ya gəlib düşdüm.

"Maşın şou"da oyun əsnasında anladım ki, yox, mən elə düz etmişəm ki, düzgün yaşamışam. Sonda ədalət onsuz da öz yerini tapır. "Maşın şou"da da elə oldu. Düşündüm ki, strategiya qurum, qruplaşmada iştirak edim, necə edim... Sonra düşündüm ki, həyatda strategiya qurardım - yox, qruplaşardım - yox, güclü ilə zəifi vurardım - yox, zıiflərlə birləşib güclünü vurardım - yox. Bəs niyə oyunda elə olmalıyam? Ona görə də qərar qəbul etdim ki, oyunda da həyatda olduğum kimi olum. Eləcə də gəlib çatdım finala və başa düşdüm ki, bəli, düzgün olmaqla, heç kimə pislik etməməklə insan həyatda da finalçı ola bilər. "Maşın"ı udmasam da, bu, o demək deyil ki, uduzdum. Mən özümü qalib hiss edirəm, çünki əgər qarşımda maşın udmaq məqsədi olsaydı və bunun üçün şouya getsəydim, əlbəttə ki, onu uda bilərdim. Sadəcə bu məqsəd yox idi. "Maşın şou"dakı final rəqibimin maşın istəyi mənim qalib olmaq istəyimdən daha üstün idi.


- "V element"ə qədər Ranar Musayevin adı gələndə "Bura Bakıdır" yada düşürdü. Həmin layihəni mən də çox gözəl xatırlayıram. Dəyərli məlumatlar, məsləhətlərlə bol olan "Bura Bakıdır" indi də davam etsəydi, kimlərə hansı məsləhətləri vermək istərdiniz?

- Əslində, deyiləsi çox söz var. Tamaşaçıya sadəcə keyfiyyətli verilişlərə, filmlərə baxmağı tövsiyə edərdim. Düzgün insanları düzgün olmayanlardan seçib ayırıb onlara reytinq qazandırardım, çünki təəssüflər olsun ki, "Bura Bakıdır"ın vaxtında başqa cür idi. Biz o vaxt reytinqə bağlı deyildik. O vaxt reytinq - küçəyə çıxanda insanların baxışı, onların sənə dediyi sözləri idi. İndiki zamanda elə deyil, hər şey əksinə olub. İstərdim ki, bu, düzəlsin. Tamaşaçılara bu məsləhəti verərdim ki, çalışın keyfiyyətliyə baxın.


- 2018-ci ilin oktyabr ayında "Səviyyəsizliyə stop" adlı kampaniyaya başladınız...

- Bəli, "Səviyyəsizliyə stop" boykot kampaniyası keçirtdim. Bəzi verilişlər, aparıcılar var ki, onları tamaşaçılar sosial şəbəkələrdə söyürlər, haqlarında pis rəylər yazırlar, gülmək üçün paylaşırlar. İnanın ki, o verilişlərin, aparıcıların səviyyəsi o dərəcədədir ki, onları nə qədər söysən də onlara xoşdur, onlar baxırlar və ləzzət alırlar. Nəyə görə? Çünki bu insanların üzü "padoş"dur. Onları nə qədər çox söyürsən, o qədər də onlara çox reytinq, məşhurluq gətirirsən. Onlar deyir ki, tüpür üzümə, söy məni, amma mənim haqqımda danış, paylaş, mən də inkişaf edim. Həmin o söyüşlər, paylaşımlar onlara məşhurluq gətirir və onların da səviyyəsində olan şirkətlər öz reklamlarını həmin o səviyyəsizlərin siması ilə tamaşaçılara çatdırırlar. Bu, hamısı bir mexanizmdir, bu, belə işləyir. Onun üçün də əgər hər bir tamaşaçı, sosial şəbəkə istifadəçisi bu şeyləri bəyənmirsə, öz-özünə "Stop" deməlidir. Məsələn, hansısa videonun cəlbedici görüntüsünü görürsənsə, iqnor et, baxma! Bu fürsətdən istifadə etməyəkcəsinizsə, onda gələcəyinizi unudun.

Düzdür, elə tamaşaçılar, sosial şəbəkə istifadəçiləri də var ki, onlar elə özü bu tipdə insanlardır. Məsələn, mən baxıram ki, faciə nəticəsində rəhmətə getmiş qıza "Allah rəhmət eləsin" yox, deyirlər ki, qızın klubda nə işi var, yəqin əxlaqsız idi. Hansısa başında problem olan insan öz xanımınının, övladlarının anasının saçlarını qırxır, internətdə biabır edir. İnsanlar heç bilmədən ki, buna səbəb nədir, deyirlər ki, yəqin xəyanət edib.

Bir aktrisanın şəkli paylaşılır. Hamı o şəklə qarşı çıxış edir, amma, yarım il sonra bilirik ki, sən demə, həmin xanım xərçəng xəstəliyindən əziyyət çəkirdi və bir an düşünürsən ki, yarım il bundan öncə həyatının çətin günlərini yaşayan həmin insan o şəkli, müzakirələri görəndə bilmir ki, xəstəliyi ilə mübarizə aparsın, yoxsa kommentləri, insanların fikirlərini oxusun. Çox ağrılı bir mövzudur. Danışıram, inanırsınız, özüm də pis oluram. Heç danışılası mövzu deyil. Ümumiyyətlə, bu, elə bir mövzudur ki, hər bir insan özü bunu başa düşməlidir. Düşünürsən ki, ay Allah, biz bu qədərmi aciz qaldıq ki, insanlar öz səhifələrini populyarlaşdırsın deyə, reytinq xətrinə hətta insanları sui-qəsdə də itələyə bilər, belə cinayət işi törədə bilər. Məncə, bütün bu paylaşımlar, insanların şəxsi həyatına qarışmaq hamısı cinayət işidir. Nə bilim, ola bilsin ki, bir az dolayı danışdım, amma hər halda, məncə, başa düşən başa düşdü.

Burada ikili sual yaranır. Bilmirsən, televiziya günahkardır, yoxsa tamaşaçı. Tamaşaçı günahkardı ki, keyfiyyətsiz məhsul istəyir ki, televiziya bunu təqdim edir, yoxsa televiziya bu keyfiyyətsiz məhsulu təqdim edir ki, tamaşaçı artıq öyrəşib buna baxır. Televiziyada da müzakirə olunursa, əlbəttə ki, hamı baxır ki, niyə də bu sosial şəbəkədə müzakirə olunmasın?


- Hazırda ölkəmizdə kommersiya filmləri çəkilməkdədir. Üstünlük sözsüz ki, komediyaya verilir. Bununla bağlı fikirlərinizi öyrənmək istərdim...

- Komediya filmlərimizi izləmişəm. Ümumiyyətlə, mən öz yerli məhsullarımızı izləmək, istifadə etməyi sevirəm, çünki özümüzündür. Onları istifadə edib, populyarlaşdırıb, infişaf etdirmək lazımdır. Məsələn, İlham Qasımovun "Oğlan evi" filmini çox bəyənmişəm. Eləcə də Ülviyyə Könülün "Vəkil" filmini çox bəyənmişəm, çünki orada incə yumor var. Qurşaqdan aşağı yumoru, əlbəttə ki, sevmirəm. İnanırsınız, elə film olub ki, 10-cu dəqiqədə zalı tərk etmişəm. Orada, ümumiyyətlə, filmə yaraşmayan zarafatlar gedirdi, zal isə gülürdü, ləzzət alırdı. Mən o zala etiraz edərək zalı tərk etdim, filmə yox. Çəkən çəkib də, baxan baxsın ki, nəyə baxır.

Problem ondadır ki, hər biri ağzına gələni çəkir, tamaşaçının zövqü korlanır və sonra o, peşəkarlaşanda, normal bir film çəkəndə onun tamaşaçısı olmur, çünki keçmiş filmləri artıq tamaşaçını məhv edib. Ona görə bu işlə yalnız peşəkarlar məşğul olmalıdır. Mən, məsələn, rejissoram. Mən də durum film çəkim. Çəksəm, heç də o birilərindən geri qalmaz, amma heç vaxt bunu etmərəm, çünki kinorejissor deyiləm. Mən kinorejissor olmaq üçün, yəqin, gərək bir 30 il də yaşayım və bunun təcrübəsini keçim. Məsələn, İlham Qasımov, bildiyimə görə, Ukraynada bunun təhsilini alıb. Ona görə də onun filmləri digərlərindən seçilir. Bu yaxınlarda bir söz eşitmişdim ki, səviyyə haqda danışanlar səviyyəsizdirlər, yəqin, mən də səviyyəsizəm ki, bu haqda çox danışıram.


- Necə oldu ki, "V element" verilişini yaratmaq qərarına gəldiniz? 

- Ümumiyyətlə, efirə baxıb görəndə ki, kimlər aparıcılıq edir, düşündüm ki, heç mən özüm də pis aparıcı deyiləm, özümü bəyənmirəm, amma gör indi kimlər var... Onun üçün də dostlarımızı yığdıq. Nə Hüsniyə, nə Rüfət, nə Kamilə həmin an layihə etmirdi. Düşündüm ki, uşaqlar, çəkilib durmuşuq qıraqda, amma baxanda da bəzilərini bəyənmirik. Bəyənmiriksə, yığışaq və sübut edək ki, necə olmalıdır, necə etmək lazımdır. Mən demirəm ki, "V element" super bir verilişdir, bizdən yoxdur, çünki rəqabət yoxdur, bilmirsən ki, kiminlə müqayisə edəsən. Verilişlərin çoxu elə vəziyyətdədir ki, ona görə "V element" super verilişə oxşayır, amma hər şey başqa cür də ola bilərdi.


- Arzuladığınız, lakin maddi imkanlara görə həyata keçirə bilmədiyiniz layihə varmı?

- Məndə elədir ki, qarşıma hanısa bir məqsəd qoydumsa, heç bir maddi problem və yaxud mane olan insan faktoru və s. amillər təhsil göstərə bilməz. Məqsədi qoydumsa, bunu edəcəyəm. Sadəcə, hələ ki, hansısa yeni televiziya layihəsi etmək məqsədi qoymuram, çünki, ilk növbədə, düşünürəm ki, tamaşaçını dəyişmək lazımdır. Ona görə də o "Səviyyəsizliyə stop" boykot kampaniyası və yaxud bu gün, öz verilişimdə dediyim hansısa sözlər, hətta "Maşın şou"nun reytinqindən istifadə edib tamaşaçıya göndərdiyim hansısa mesaj ona görədir ki, heç olmasa 10,100,1000 nəfərin düşüncəsini dəyişim. Çalışım onlara öz sözümlə problemimizi çatdırım ki, tamaşaçımız əvvəl dəyişsin, hansısa bir auditoriya yığışsın ki, sonra onlar üçün hansısa böyük bir layihə edim. Mən bu dəqiqə kimin üçün o layihəni edim?

Ümumiyyətlə, siz gedin "V element"in baxış sayına baxın və yaxud da ən bayağı verilişin, bağışlayın məni, baxanda adamın ürəyi bulanır... Mən axı iki yüz nəfərə görə hansısa böyük kommersiya layihəsi edə bilmərəm. Rahib Azəri verilişimizdə qonaq idi. O, yaxşı bir söz dedi ki, mənə o bir milyon yox, iki yüz nəfər lazımdır. Hansı ki, baxır, hansına ki, bu, lazımdır. İki yüz nəfər tamaşaçı auditoriyası üçün kommersiya layihəsi etmək mümkün deyil. Məsələn, "V element" kommersiya layihəsi deyil, ona görə də artıq dörd-beş ildir davam edir.


- İş prosesində tapşırıq, xahiş məsələsinə münasibətiniz...

- Mənə görə kiməsə zəng edib xahiş ediblər, yox. Hətta olub ki, insanlar müraciət edib ki, sənin rəhbərin bizim yaxın dostumuzdur, gəl zəng edib səni tapşıraq, maaşını qaldıraq və yaxud da sənə daha yaxşı vəzifə verək. Dedim ki, yox. Bağışlayın, mən bu sahəyə özüm gəlmişəm, axıradək də özüm addımlamaq istəyirəm. Heç bir tapşırıq, xahiş istəmirəm. Onda özüm özümə inanmaram. Nəyə nail olacağamsa, ona özüm nail olmaq istəyirəm. Hətta "Instagram" səhifəmdə də elədir. Mənə yazırlar ki, "follower"lərin sayını artırmaq istəyirsinizsə, 20-30 min vuraq, filan aparıcı üçün etdik, sizin üçün də edək... Deyirəm ki, yox. Əgər mən bunu edərəmsə, artıq "Instagram"a marağım qalmayacaq, çünki orada nə qədər izləyicim varsa, mənim olmalıdır. Pulla alınmış yox, xahişlə yox... İşdə də, bu həyatda da buna eyni yanaşıram. 100 min izləyicini nə edirəm, biləndə ki, 90 mini yalançıdır. 20 mindir, amma mənimdir, bəsimdir. Hamını da öpürəm.

- Sizi mükafatlandırma mərasimlərində də görmürük...

- Yəqin ki, elə onunla bağlıdır ki, mən özüm heç kəsin qapısını döymürəm ki, mənə mükafat verin və yaxud da mükafat verənlər başa düşür ki, elələrinə mükafat verəcəklər ki, Ranar heç gəlib o mükafatı götürməz. Amma yadımdadır ki, "Fort Boyard" layihəsinə görə Gənclər və İdman Nazirliyinin mükafat təqdimetmə mərasimində mükafat almışdım.


- Neçə illik fəaliyyətiniz dövründə bir çox müsahibləriniz olub. Kimdən müsahibə almağa çatdırmamısınız və bu günə kimi təəssüflənirsiniz? 

- Nəsibə Zeynalovadan müsahibə almalı idik. Hətta bir həftə öncə bunun danışıqları gedirdi. Deyirdilər ki, vəziyyəti ağırdır, amma çalışacağıq ki, bunu edək, çünki o zaman bir layihə edirdim və alınmadı... Yenə də deyirəm, bu gün televiziyada olmağım hardasa Gülşən Qurbanova ilə bağlıdır deyə, həmişə onunla nəsə etmək istəyirdim, amma o zaman elə bir layihəm yox idi ki, ondan müsahibə götürüm. Amma bir layihədə aktyor Fəridbəy Kərimovla Gülşən Qurbanovanı parodiya etmişdik. O, aktyor idi, mən rejissor. Parodiya efirə gedən kimi bir də gördüm ki, Gülşən Qurbanova mənə zəng edir. İnanırsınız, əlim əsirdi, çünki elə parodiya etmişdik ki, o gərək telefonda məni məhv edərdi. Telefonu götürüb dedim ki, bəli, Gülya xala. Gülşən xanım dedi ki, Ranar, səni öpürəm, bu, nə idi? Mən gülməkdən yerə yıxıldım. Sonra bir gün ona zəng etdim ki, Gülşən xanım böyük bir layihə edirik, bütün 1 saatı sizə həsr edəcəyik, verilişinizi parodiya edəcəyik. O da çox sevindi. Danışdıq, hər şeyi müzakirə etdik, sağollaşdıq. Əhvalı da çox gözəl idi. Telefonu qoydum, ofisdən çıxıb evə gəldim. Televizoru yandırıram, bir də görürəm ki, xəbərlərdə göstərirlər ki, Gülşən Qurbanova rəhmətə gedib. Şokda idim. Evdəkilərə deyirəm ki, bu, ola bilməz, bu, yalandır, şayiədir. Heç iki saat keçməyib ki, telefonla danışmışıq.

Ranar Musayev və BAKU.WS-in müxbiri Hüseyn Məmmədsalahov

- Kimdən müsahibə almaq arzusundasınız? 

- Bu, bizim çox gözəl aktrisamız, "Bizim Cəbiş müəllim" filmində baş rolda çəkilən Şəfiqə xanım Məmmədovadır. Onunla nə qədər telefonla danışmışıq, hətta gizlin gedib onu iş yerində yaxalamışıq. Çox gözəl bir görüşümüz oldu. Əlbəttə ki, bu, efirə getməyib. Sadəcə qonaq kimi onu verilişimizə dəvət etməyə getmişdik. Şəfiqə xanımla yarım saat söhbət etdik və bu yarım saat ərzində mənə həyat dərsi keçdi. İndi təsəvvür edəm ki, "V element"də bir saat ərzində tamaşaçılara necə dərs verə bilər.

- Və sonda deyəcəkləriniz...

- Sonda isə bu müsahibəyə görə təşəkkürümü bildirmək istəyirəm, çünki həqiqətən də bu suallara cavab vermək mənə çox maraqlı oldu. Hamını öpürəm!

Hüseyn Məmmədsalahov
BAKU.WS

Məkan: Coffee Point