SİZİN REKLAM BURADA!
055 213 76 73



"Əli və Nino” filminin aktyor və yaradıcı heyətinin Bakıya gəlməsi haqda xəbər vermişdik.

BAKU.WS xəbər verir ki, aktyor və yaradıcı heyətin media nümayəndələri ilə görüşü olub.

Mətbuat konfransında Kris Tikyer, Kristofer Hempton, Nino obrazını canlandıran Mariya Valverde, həmçinin Numan Akar, Mehriban Zəki, Pərviz Məmmədrzayev və Cümşüd Zeynalov iştirak edib. 

Filmdə Nino obrazını canlandıran Mariya Valverde Azərbaycan və "Əli və Nino” haqqında təəssüratlarını bölüşüb: 

"İlk dəfədir ki, Qafqaz xanımı obrazında idim. Bir gürcü qızını canlandırmaq mənim üçün şərəf idi. Real həyatda azərbaycanlı kişisi sevməmişəm, amma Azərbaycanın özünə aşiq oldum. Geyimlərin üzərindəki naxışları xüsusilə bəyəndim. Yenidən təklif gəlsə, burada filmə çəkilərəm. Bakı evim kimidir”.
Filmin digər ulduzu Numan Akar isə Xınalıq kəndini çox sevdiyini bildirib: 

"Filmin çəkilişləri zamanı çox məqamlar yadımda qalıb. Ssenaristim zəng vurub dedi ki, Xınalığa 2 metr hündürlüyündə qar yağıb. Bu məqam mənim daha çox yadımda qalıb”.

Aktrisa Mehriban Zəki isə filmdə çəkilməyinə görə rejissor Asif Kapadiaya təşəkkür edib.

"Əvvəlcə mənim yerimə Türkiyədən aktrisa dəvət etmək istədilər, amma Asif mənim üzərimdə təkid etdi”, - deyə aktrisa bildirib.

Qeyd edək ki, yazıçı Qurban Səidin dünyada bestseller olan eyniadlı romanı əsasında ekranlaşdırılan "Əli və Nino”nun çəkilişləri 2015-ci il ərzində aparılıb.
Filmin süjet xətti Azərbaycanın müstəqilliyi uğrunda mübarizədən, 20-ci əsrin əvvəlində ölkəmizin Rusiya tərəfindən işğalı fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgi hekayəsi üzərində qurulub.

Filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə "Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.

Çəkilişlər Bakının müxtəlif məkanlarında, o cümlədən, tarixi İçərişəhərdə, Qobustan, Xınalıq, Gəncə və Gədəbəydə aparılıb.
104 dəqiqəlik ekran əsərində baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkilib. 

Filmdə, həmçinin Halit Ergenç, Mendi Petinkin, Fəxrəddin Manafov, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Əsad Buab, Numan Akar və digər məşhur aktyorlar iştirak ediblər.

"Əli və Nino”nun ilk nümayişi 2016-cı yanvarın 27-də ABŞ-ın nüfuzlu "Sundance”  beynəlxalq film festivalı çərçivəsində olub. Ekran əsəri festivalda 3 gün ərzində "Premyera”  kateqoriyasında təqdim edilib.

Film Azərbaycanda oktyabrın 6-dan etibarən "CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq. 
 
Ekran əsəri Azərbaycan və ingilis dillərindədir.
 
Mətbuat konfransından olan fotoları axşam.az-a istinadla oxuculara təqdim edirik:
 
Aytən Həsənova
BAKU.WS