VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Aşıq o demək deyil ki, yalnız sazda çalmalıdır. Sözün əsl mənası odur ki, aşıq öz xalqının musiqisinə aşiqdir. Özü yazıb, çalıb-oxuyan hər musiqiçi aşıq ola bilər. Biz də özümüz yazıb, çalıb-oxuduğumuza görə qrupun adını belə qoyduq”.

Bu sözlərin müəllifi Əməkdar artist Elxan Şıxəliyevdir. Hansı ki, o, 1970-ci illərdə ölkədə ən populyar musiqi qruplarından olan "Aşıqlar"ı yaradıb. Özfəaliyyət məqsədilə əsası qoyulan bu qrup daha sonra Azərbaycan hüdudlarından kənarda da tanınmağa başlayıb.

BAKU.WS mahnıları dillər əzbəri olan "Aşıqlar" qrupu haqqında bəzi faktları oxuculara təqdim edir:

1973-ci ildə SSRİ miqyasında tanınan ifaçı Polad Bülbüloğlunun məsləhəti ilə Əməkdar artist Elxan Şıxəliyev 10 nəfərdən ibarət "Aşıqlar" qrupunu yaradır. "Aşıqlar"ın yaranmasında əsas məqsəd musiqimizin dünyada təbliği idi. Çünki bu ağır missiyanı uzun illər çiyinlərində daşıyan "Qaya" vokal kvarteti parçalanmaq ərəfəsində idi. Qrupun ilk üzvləri Əməkdar artist Elxan Şıxəliyev (saksofon), Rauf Bünyətov (zərb aləti), Hüseyn Hüseynov (saksofon), Eldar Şıxəliyev (gitara), Muxtar Yəhyayev (pianino), Zaur (truba), Yura Zaqarulka (trombon), Albert (klavişnik) olublar.

"Aşıqlar"ın ilk bass gitaraçısı Ramiz Ağayevdir. O, hərbi xidmətlə əlaqədar qrupdan ayrıldıqdan sonra gitaraçı Emil Həsənov onu əvəzləyir. Daha sonra qrupda Əli Rəsulov gitaraçı olur. Qrup elə əsası qoyulduğu ildə ilk dəfə 100 musiqi qrupunun qatıldığı festivalda birincilik qazanır.

1981-ci ildə Polad Bülbüloğlu Azərbaycanı təmsil edəcək yeni qrup yaratmaq istəyir. Bunun üçün Elxan Şıxəliyevlə danışıb razılığa gəlir. Yeni yaranan qrup “Aşıqlar” dövlət vokal instrumental ansamblı adlandırılır. Polad Bülbüloğlunun rəhbərliyi altında iki ay müddətində ölkədə konsert proqramları ilə çıxış edən qrup daha sonra xarici ölkələrə səfərlər edir.

İkinci güc kimi yaradılan "Aşıqlar" qaynar nöqtələrdə, hətta Əfqanıstanda konsert proqramı ilə də çıxış edirdi. Elxan Şıxəliyev qrupun bu ölkəyə səfərini belə xatırlayır: “Biz o vaxt müharibə dövründə əsgərlər üçün gündə 3 dəfə konsert verirdik. Qunduzda olarkən biz hətta reanimasiyada da konsert vermişik. Orada minaya düşən üç əsgər yatırdı. Biz onları sevindirmək üçün yarım saatlıq çıxış etdik”.

Qarabağ münaqişəsinin başlanması və Polad Bülbüloğlunun mədəniyyət naziri təyin edilməsindən sonra “Aşıqlar” 1989-cu ildə dağıldı. Amma Elxan Şıxəliyev 1997-ci ildə köhnə heyətin bəzi üzvlərini bir araya yığaraq, kollektivi bərpa etdi. Lakin nə zaman əvvəlki zaman idi, nə də "Aşıqlar" əvvəlki "Aşıqlar" idi. Qrup özünün ikinci baharını yaşaya bilmədi.

“Aşıqlar”dan biri Rauf Bünyadov bildirib ki, qrupun fəaliyyətinin dayanmasının səbəbi maddi problemlər olub. Əvvəlki üzvlər və bir neçə yeni musiqiçi ilə yenidən bərpa olunan qrup sadəcə 2001 və 2002-ci illərdə Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edə bildi. “Aşıqlar” ən yadda qalan ifaları "Aya baxıram aya", "Ay bəri bax", "Qönçə", "Buta", "Sevə-sevə", "Sənin bir təbəssümün" kimi kompozisiyalardır.

Qrup üzvlərindən olan Elxan Şıxəliyev 2006-cı ildə “Əməkdar artist” fəxri adına layiq görülüb. 70 yaşlı sənətçi sonuncu dəfə “Simurq -2021” mükafatı ilə təltif edilib.

BAKU.WS