SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan musiqi tarixində Qarabağ mühiti özünəməxsusluğu ilə seçilir.

Bu qədim torpaq Azərbaycan musiqi tarixinə bir çox sənətkarlar bəxş edib və bu gün də bir çox sənətçilərimiz yetişməkdədir. Onların bir çoxu isə Ermənistanın torpaqlarımıza hərbi təcavüzü nəticəsində məcburi köçkün və qaçqın həyatı yaşayıb.

BAKU.WS xəbər verir ki, Qarabağın erməni işğalından azad edilməsi nəticəsində orada doğulan, böyüyüb boya-başa çatan məşhurlarımız da qaçqınlıq statusundan xilas olub.

Onlar bu münasibətlə sevinclərini BAKU.WS saytı ilə bölüşüb, Qarabağla bağlı gələcək planlarından söz açıblar:

“Allah xalqımızın oğullarını qorusun. Onlar bizim dar günümüzün çəpəridir, arxasıdır. Biz bu gün o şəhidlərin səbəbinə bir-birimizi təbrik edirik. Hər bir metr məsafəyə bir oğul vermişik torpağa. O torpaq onlarındır. Planlarımızı həyata keçirmək üçün zaman lazımdır. Bunu zaman göstərəcək”, - deyə Xatirə İslam bildirib.

Tunar Rəhmanoğlu: “Mən Ağdamda doğulmuşam. Torpaqlarımızın işğaldan azad olunması bütün azərbaycanlılar kimi bir qarabağlı olaraq məni də sevindirir. Xalqımızın gözü aydın olsun. Bizi gözəl günlər gözləyir. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Ən böyük arzum elə gedib evimə Ağdamda ailəmlə yaşamaqdır. Mən müharibə başlamamışdan qabaq Azərbaycana gəldim. Müharibə gedən zaman da əlimdən gələn dəstəyi əsgərlərimizə göstərdim. Planlarım çoxdur. Orada konsertlər verəcəyik. Bundan sonra qalan ömrümü orada yaşamaq istəyirəm. Prezidentimizə təşəkkür edirəm. Şərəfsiz düşmənlə, nəhayət ki, dil tapdıq. Əhd eləmişdim ki, Qarabağ alınsın, İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın fotosunu evimdən asım”.

Xuraman Şuşalı: “Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Ailəsinə səbr arzu edirəm. Onların sayəsində biz Qarabağa qovuşmuşuq. Həyat yoldaşım televiziyada rejissor kimi çalışır. Mən indidən ona demişəm, biz burada qeydiyyatda olsaq da, köçüb Şuşada yaşayacağıq. Orada el məclislərində iştirak edəcəm”.

Zamiq Hüseynov: “Torpaqlarımızın işğaldan azad edilməsi xəbərləri Azərbaycan xalqının hər bir nümayəndəsi kimi məni də çox sevindirir. Sevincimin həddi-hüdudu, hisslərimin izahı yoxdur. Mən Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində doğulmuşam. Biz kənddən çıxanda 7 yaşım var idi. O qədər də çox xatirəm qalmayıb. Amma böyüklərimiz artıq indidən qayıdanda kəndimizdə nələr edəcəkləri ilə bağlı planlar qururlar. Mən də gedəndə ilk olaraq həyətimizin meyvələrindən dadmaq istərdim. O zamanlar balaca da olsam, yadımda qalıb. Amma inanmıram, indi o ağaclardan əsər-əlamət qalsın. Bilirəm ki, məktəbimiz, evlərimiz hamısı yanıb kül olub”.

Şahidə Tapdıq
BAKU.WS