Səbuhi Xanlarov od püskürdü: "Kənan MM-ə görə vətəndaşlıqdan imtina edərəm"
PrimeTime.Az-ın "Tet-a-Tet" rubrikasının bu dəfəki qonağı aktyor Səbuhi Xanlarovdur.
"Maşın Şou"nun iştirakçısı olan aktyorla yarışmanın gizli məqamları barədə söhbət etdik. Yarışmaçılar haqda kəskin fikirlərini gülə-gülə ifadə edən Səbuhi Xanlarovun ciddi danışığında belə yumor gizlənirdi. Sözügdən müsahibəni oxucularımız üçün yayımlayırıq:
- Qalmaqallı "Maşın şou" sizin üçün bitsə də, qarşıdurma haqda fikirləriniz bitmir. Elcan Rəsulov barəsində sosial şəbəkədə video paylaşmışdınız. Ona Elcan Dalsoy deyərək müraciət edib, təhqir etmişdiniz. Lakin az keçmədi ki, efirə çıxaraq dostum adlandırdınız...
- Elcanla biz dostuq. Səmimi dostluq münasibətlərimiz var. Sadəcə olaraq Elcan məni hardan vurmaq lazım olduğunu yaxşı bilir. Axşam məni otağına çağırdı və dedi ki, Pərvinin qardaşını (Kənan MM-i nəzərdə tutur-red) bu yarışmadan uzaqlaşdıraq. Bütün yarışmaçılar da inanırdı ki, mən mütləq səs toplayacağam. Ola bilər ki, həyasızlığım, bicliyim və murdar hərəkətlərim yoxdur. Fikrimcə, saflığımın badına getdim. Elcan sadəcə olaraq məndən istifadə etdi. Bir də ki, mən Elcana sənin böyüklərinin də böyükləri var demişəm. Həmin vaxt rejissor Aqil M.Quliyevi nəzərdə tuturdum.
- Narazı olmadığınız iştirakçılar kimlər idi?
- Ən çox bəyəndiyim 3 nəfər idi, Üzeyir Mehtizadə, Tarix Əliyev və Azər Zahid. Onlar yaxşı oğlanlardır.
-Şouda ən çox maskalanmış yarışmaçı kim idi?
-Təbii ki, Pərvinin qardaşı. O, özünü xalqın gözündə yaxşı biri kimi göstərmək istəyir. Amma onun özü kimi axırıncı adam yoxdur. Mən hər zaman sözümün arxasında dayanıram. Hətta Pərvinin qardaşı orada bir kəlmə işlətdi. O, dedi ki, nişanlı qızlar, gəlinlər evdən icazəsiz səs yollamasın. Əgər sənin şəxsiyyətin varsa, elə söz deməzsən. Həmin vaxt Murad müəllim bəzi şeylərin efirə getməsini istəmədi. Mənim səsimi də kəsdilər. Reklam fasiləsində isə Kənanı başa saldı ki, adamı apararlar, geri gətirməzlər. Əgər onun dediyini olduğu kimi ictimaiyyətə təqdim etsəydilər onun elə yerindən qırardılar ki...
-Kənanın bu qədər aqressiv olması nə ilə əlaqədardır? Səidəyə bir cür, Nadirə başqa cür sərt reaksiya verdi.
-Gəlin Nadir və Pərvinin qardaşını tərəziyə qoyaq və səviyyəyə baxaq. Cəmiyyətdə bu adam gic-gic videolar çəkməklə yadda qalıb. O, özündən razı, insanları alçaldan biridir. Səbuhi Xanlarov olaraq deyirəm ki, hər kəsin adı üstündədir. Hamı bir-birini yaxşı tanıyır. Sadəcə olaraq insanlar öz abırlarına sığınaraq səssizcə kənarda oturub. Bilirsiniz ki, qalsın və getsin səsləri arasında 8 faiz fərq var idi. Kənan həmin vaxt dedi ki, Səbuhi məni çıxaracaqsa indidən əlimi çəkirəm maşından. Bəs niyə etmədi? Hüseyn Dərya ola bilər ki, reper olub, amma sonunda nə oldu? Narkoman. Onu yenidən Hüseyn Dərya olaraq ictimaiyyətə təqdim edən şəxs Murad Dadaşov olub. Demək olar ki, mövcud olmayan birini yenidən həyata qaytardı. Buna görə Murad bəyə xüsusi təşəkkür etmək lazımdır. Amma Pərvinin qardaşı Hüseynin keçmiş həyat yoldaşı və övladını efirə gətirib, özünə səs istədi. Sən özünü kimə göstərirsən?
-Keçək "Maşın Şou"dakı iştirakçılara. Nadir Qafarzadə haqda nə deyə bilərsiz?
-Nadirdə yaxşı xüsusiyyətlər olduğu kimi, ikiüzlülük də var. Bu adam fikirlərini çox tez dəyişir.
-Bəs Təranə Qumral?
-Bu xanım efirdə deyir ki, tədbirlərə adam aparmışam. Ona demək istəyirəm ki, sən kimsən axı tədbirlərə də birini aparasan? Təranə Qumral, cəmiyyət sizi yaxşı tanıyır.
-Eşitdiyimizə görə, Musa Musayev hər gün Təranə xanımı görmək üçün otelə gəlir...
-Musa müəllim orada idi. O, çox canfəşanlıq edirdi ki, Təranə xanımla otağa getsin. Amma mən Murad Dadaşova yaxınlaşaraq iradımı bildirdim. Dedim ki, niyə onlara ayrıseçkilik edilir ki, biz də onlar kimiyik. Təranə ola bilər ki, özü üçün nə isə edib, amma xalq üçün heç nə etməyib.
- Müəyyən vaxt olub ki, Təranə və Musa cütlüyü çox məşhur olublar və kifayət qədər seviliblər....
-Gəlin sizə bir söz deyim. Ona qalsa Azərbaycanda ilk "Vine" çəkən mən olmuşam. Digər video çəkənlərin hamısı məndən sonra gəldi. Mən onların ağsaqqalıyam. Amma bunu ilk dəfədir dilimə gətirirəm. Təranə Qumral isə özünü az tərifləsin. Onu da deyim ki, "Maşın Şou" tarixində açıq oyun aparan ilk adam mən olmuşam. Əvvəlcədən hədəfimin Pərvinin qardaşı olduğunu demişdim.
-Bəyənmədiyin Kənana uduzmaq necə hiss idi?
-Mən bunu uduzmaq kimi qəbul etmirəm. Murad müəllimin "Maşın əldən getdi" kəlməsini eşidəndə dedim ki, yaxşı ki, kişiliyim əldən getmədi. Orada bəzi oyunçular şəxsiyyətdirlər. Amma elələri də var ki, şəxsiyyətsiz şəxsiyyətdirlər. Bilirsiniz ki, ali təhsilliyəm və 6 dil bilirəm. 65 ölkədə olmuşam, amma bu şoudan sonra yenidən dərk etdim ki, insanları aldatmaq çox asandır. Fikrimcə, "Maşın Şou"su Murad Dadaşovun yaratdığı universitetdir və o da həmin yerin rektorudur.
-Pərvin yoxsa Səidə?
-Mənim üçün onların bir-birindən fərqi yoxdur. Oturub fikirləşsəm də Pərvini o cür təsəvvür edə bilməzdim. Amma açığı bu durumda Səidə! Səidə yaxşı qızdır, amma ikiüzlüdür.
-Murad Dadaşov Pərvinin ağzını əli ilə tutanda o nə deyirdi?
-Pərvin orda söyüşdən istifadə etdi və artıq-əskik danışdı. Sadəcə olaraq Murad Dadaşova səbr arzu edirəm.
-Oyunda saxtakarlıq varmı? Çünki Təranə Qumral və Kənan MM-in əllərini maşından götürdüyü kadrlar yayılıb.
-Qəti şəkildə saxtakarlıq yoxdur. Əgər Murad Dadaşov bundan xəbərdar olsaydı bir tədbir görərdi. Çünki Pərvinin qardaşım dediyi həmin şəxs Murad müəllim üçün o qədər də vacib fiqur deyildi. Keçmiş mövsümlərə nəzər salaq. Hansı buraxılışda olduğu dəqiq yadımda deyil, amma Teymur əmi əllərini maşından çəkərək eynəyini silmişdi. Bununla da o proqramdan uzaqlaşdırıldı.
-Bacı-qardaş mövzusuna münasibətiniz...
-Bilirsiniz, kiməsə bacı demək çox ağır yükdür. Qeyrəti və arı olan biri tanımadığı birinə bacı deməz. Başa düşmürəm, adını da çəkmək istəmədiyim şəxs Pərvini Azərbaycanın özünə hörmət edən xalqına nəyə görə bacı kimi yedizdirir?
-Amma Pərvin açıqlamasında "istənilən oğlana özümə bacı dedizdirə bilərəm" deyib.
-Ola bilər, amma dəyərli Azərbaycan xalqına müraciət etmək istəyirəm. Mənim xalqım pisi yaxşıdan ayırmağı bacarır. Azərbaycanda heç bir oğlan Pərvinə bacı demək yükünü öz boynuna götürə bilməz. Çünki onu hamı yaxşı tanıyır.
-İştirakçıları xarakteristika etməyə davam edək. Sərxan necə adamdır?
-Sərxanın 5 üzü var. Bu adama güvənmək, sirr vermək, yanında söz danışmaq olmaz. Bəlkə də özünə də dediklərimi çatdıracaqlar, amma o, qadınlığa meyillidir. Dediklərimin də arxasında dayanıram. Çünki gördüklərimi görmüşəm.
-Aqil M Quliyev haqda nə demək olar?
-Aqil çox ağıllı və dərin dərrakəli biridir. Amma onun strategiyasını öncədən bilmək olmur. Həmin adam Pərvinin qardaşına dəstək olsa da sonda elə addım atdı ki, həmkarı öz istəyi ilə əlini avtomobildən çəkdi. İnanırsız ki, Eltonun yarışdan uzaqlaşdırılmasında məhz Aqilin əli oldu? Mən Eltona A hərfini yazdım ki, Aqil sənin torbanı tikir. O da kürsüyə çıxıb deyir ki, Vüqarı çıxaracam.
-İslam Mehrəliyevdən danışaq...
-İslam çox yaxşı biridir. Həm də şah nəslindəndir (gülür). 10 milyonluq Azərbaycan əhalisinin ola bilməz ki, şahlara, xanlara və ya padşahlara qohumluğu çatmasın. Biz hamımız demək olar ki, bir-bizimizlə qohumuq. Buna görə də deyirlər ki, Bakı balaca şəhərdir. Xəbərin yayılması maksimum 40 gün çəkir. Hamı hamını tanıyır və zəncirvari əlaqəsi var. İslam deyirsə ki, onun şahlarla qohumluğu var, mən də onun şah nəslini salamlayıram (gülür).
-Amma çox emosional adamdır.
-Bəli əsəbi və emosionaldır. Həm də bu şoudur. Onların özlərini göstərməsi üçün bir şansdır. Hərə özünü cəmiyyətə bir cür təqdim etməyə çalışır. Sadəcə olaraq heyiflər olsun ki, bu şoudan məni çox tez uzaqlaşdırdılar. Orada qalsaydım cəmiyyətə yenilik gətirərdim. İnanıram ki, Murad Dadaşov növbəti yarışmada yenidən məni dəvət edəcək.
-Kənan da yarışmada olsa qatılarsız?
- Qatılmaram. Sizə tam səmimi bir söz deyim. Pərvinin qardaşım dediyi o şəxsə görə Azərbaycan vətəndaşlığından imtina edərəm. Yəni, onun hərəkətləri məni o dərəcədə qıcıqlandırır. O artistdir. Ancaq tamaşaçıya oynayır. Səmimi heç nə yoxdir.
-Bir az da Oksanadan danışaq...
-Oksana xanım yaxşı dostdur. Lazım olanda elə qılığa girməyə bacarır ki, bundan yaxşısı yoxdur deyirsən. Düşünürsən ki, hacı xanımdır. Misal üçün, oyunda oruc tuturdu, zikr edirdi. Adama da maraqlı gəlirdi.
-Azər Zahid...
-Azər Zahidi həqiqətən də çox istəyirəm. Çox yaxşı dost və dürüst oğlandır. Maddi və mənəvi hər zaman qulluğunda hazıram. İşlərində uğur arzu edirəm.
-Fərda Xudaverdiyevdən söz açaq...
-Təqdimata ehtiyacı olmayan Fərda. O hansı təşkilata işləyir bir Allahı, bir də özü bilir. O insan məni kənara çəkib Pərvinin qardaşına qarşı bu hərəkəti etmə deyirdi. Amma həmin adam yarışdan çıxanda Fərda ilə görüşmədi. Fərda da onun arxasınca "Buna bax bir, bizimlə niyə sağollaşmadı?" dedi.
-Vüqar Vüqarlı barədə nə demək olar?
- Mən ona güclü rəqib kimi baxmırdım. Vüqar artıq oyundan çıxmış kimi idi. Çatana da yaxınlaşırdı ki, balanın canı məni çıxartmayacaqsan ki? Mənə deyirdi ki, eşitmişəm papa rəhmətə gedib. Sən papanın goru məni çıxartmayacaqsan?
-Bəs Cavad Rəcəbov?
-Onunla bağlı maraqlı bir şey danışım. Mənə zəng vurub səhər yeməyinə çağırmaq istəyirdi, amma kəkələyirdi. Onu artıq yarım sözdən anlayırdım. Danışıqlarımıza görə, mobil rabitə şirkətinə 1500 AZN borcum var (gülür).
-Siz bilərsiz, avtomobili qazanacağı təqdirdə uşaqlar evinə verəcəyini doğru deyirdi?
-Həmin söhbət yalan idi. Hətta otaqda da dedi ki, Allah mənə bu maşını qismət etsin Cavidimə verim (Oğlunu nəzərdə tutur-red). Bilirsiniz, yenə də Murad müəllimə xüsusi təşəkkür düşür. Çünki bu şounun sayəsində insanların maskalanmasına şərait yaratdı. Orada iştirak edənlər məhz o maska altında gizlənir. Mən elə irgəncliklər gördüm ki...
-Misal üçün nə gördünüz?
-Əsasən iştirakçılarla bağlı idi. Mənə bir söz, digərinə başqa söz deyir. Daha sonra Pərvinin qardaşı Nadirlə biabrçı şəkildə söyüşdü. Hətta həmin şəxs Nadirə əl atdı. Amma o anlamırdı ki, N.Qafarzadənin arxasında olan dostları onun qabırğasını bir-bir qırar, özünə yedizdirər. Bu hadisələrə görə o qədər əsəbi idim ki, yarışdan çıxan kimi Londona getdim. Hətta Pərvinin getməsində də mənim bir başa rolum var. Çünki bütün dostlarımdan Səidənin qalmasına səs vermələrini istədim. Heç özüm üçün istəmədiyim səsi, Səidə üçün istədim. İnandırım sizi, mən efirdə olanlardan daha çox tanınıram və hörmətliyəm. Çünki səmimiyəm.
-Tolikdən danışaq. Dostunuzdur deyirsiniz, amma ad gününə sizi dəvət etməmişdi. Məclisdə Kənan və Pərvin iştirak edirdi.
-Tolik məni dəvət etməmişdi. Amma Pərvinin qardaşı ilə aramda fərq var. Fikrimcə, sabun çimmək üçündür. Oyunda Tolikin ardınca 50 min söz deyilirdi, amma mənim ona hər zaman böyük hörmətim olub. İnsan kimi onu çox istəyirəm və heç bir yerdə onun haqda mənfi fikir söyləməmişəm. Tolikə şəxsiyyət kimi hörmət edirəm. Çünki yaxşı oğlandır. Yetim-yesirə əl tutur. Mübarizəyə gəldikdə isə ən gözəlini Tolik etdi.
-Bəlkə də səbri çatmadı...
-İnandırım sizi, Elton çıxan gün Murad Dadaşov Toliki güclə saxladı. Əlini götürüb gedirdi. O kövrək və əsəbidir. Bu yarışmada Toliki ağlatdılar.
-Sizcə, maşını kim aparacaq?
-Əgər Elcan aparacaqsa, mən buna razı deyiləm. Çünki o mənim haqqıma girib. Amma çox istəyirdim ki, Vüqar Vüqarlı qalib olsun. Kasıb oğlandır. Maraqlı oyunçu idi.
-Təranə Qumral iddia edir ki, yarışmaçıların hamısından güclüdür. Səhər yuxudan tez oyanır, daha çox ayaq üstə durur.
-Təranə xanım həm də yaxşı nəticələrinin olduğunu deyib. Amma mənim fikrimcə, onun bir nəticəsi var, o da Musa Musayev.
-Sizcə, iştirakçıların ağlında necə qaldınız? Səbuhi Xanlarov deyilsə, nə cavab verərlər?
-Orada heç kim mənə dəstək olmadı. Məni istəyəni Allah, istəməyəni əzrayıl istəsin. Mənim heç kimə pisliyim dəyməyib. Mənə tək dəstək Azərdən gəlib. Hamısı məndən qorxurdu. Anlayırdılar ki, mən onlardan güclüyəm. Çünki olduğum kimi idim. Verilişdə heç kimə yaxınlaşıb hansısa təklif irəli sürmürdüm. Əksinə iştirakçılar özləri mənə təkliflər edirdilər. Mən isə otelə çatan kimi otağıma gedib qapını bağlayırdım. Amma yenə eyni mövzuya dönürəm. Özüm səs toplamasam da, Pərvinin getməsində dostlarımın böyük rolu olub. Hazırda bir strategiyam da var. Bir adamı gözləyirəm ki, sms-ə çıxsın və onu uzaqlaşdırım.
-Pullara heyifin gəlmir?
-Pulu mən yox, dostlarım xərcləyir.
-"Maşın Şou"dakı iştirakınızdan sonra tamaşaçının qarşısına hansı layihə ilə çıxacaqsınız?
-Murad müəllim söz verib ki, "MGP"nın tərkibində veriliş açacaq. Mən də həmin layihənin aparıcısı olacağam. Düşünürəm ki, mənim aparıcısı olduğum veriliş maraqlı olar. Çünki insanları yaxşı başa düşürəm.
-Kadr arxasında daha hansı məqamlar sizi şoka saldı?
-Məni şoka salan məqamlar əsasən bir-birinə söyüş söyüb daha sonra heçnə olmamış kimi mehriban olmaqları idi. Misal üçün, Nadir Qafarzadənin yerinə olsam maşından əlimi götürüb Pərvinin qardaşını boğardım. Çünki Kənan öz yerini bilmədi və Nadiri pis söydü. Daha sonra Toliklə Sərxan Kərəmoğlu arasında gərginlik yarandı. Səbəbkarı demək olar ki, mən idim. Deməli, Sərxan Tolik üçün "Allah vurub onu. Mən Toliki çıxaracam" dedi. Mən isə bu sözləri Tolikə çatdırdım. Otelin foyesində dava etdilər. Daha sonra onların arasında olan gərginlik avtobusda davam etdi. Bilirsiniz, Sərxan necə qarğışlar edir? Etdikləri də tutur.
-Sizi səmimi biri kimi tanıyıram. Amma hiss edirəm ki, gah nala, gah mıxa vurursunuz.
-Mən həm yaxşı, həm də mənfi tərəfləri vurğulayıram. Əgər kiminsə xətrinə dəyməyə haqqım çatırsa, bunu edirəm.
-"Maşın şou"da finala qalsaydınız, qalib olmaq üçün fiziki gücünüz yetərdi?
-Təbii ki, qalib gələ bilərdim. Fiziki cəhətdən çox güclü insanam. Misal üçün, 2 gündür yatmıram. Hətta Amerikaya getdikdə saat rejimi dəyişdiyi üçün 4 gün yuxusuz qalıram. Onu da qeyd edim ki, hər ay həkim müayinəsində oluram və "Check-up" etdirirəm.
-Nəyə görə layihələrdə sizdən istifadə etmirlər? Çox az dəvət alırsınız.
-Yəqin ki, istedadımdan qorxurlar. Amma Murad Dadaşov mənə söz verib.
-Qonorarınız nə qədərdir?
-Mənim maddiyyata ehtiyacım yoxdur. Hətta "Bayram axşamı" filmində də ödəniş tələb etmədim. Hər zaman insanlara hörmət etməyə çalışmışam.
-Rəsmi olaraq hansı işlə məşğulsunuz?
-Mən Türkiyədə yaşayıram və yaxşı dostlarım var. Şükür Allaha ki, maddi tərəfdən çətinlik çəkmirəm.
BAKU.WS
Oxşar xəbərlər
"Maşın" şoudan çıxan məşhurdan ŞOK sözlər: "Ən pis odur ki, kişi fahişəsi olmasın" (VİDEO)
"Maşın" şoudan çıxan Səbuhi Xanlarovun qalmaqallı açıqlaması sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub. BAKU.WS xəbər verir ki, Youtube fenomeni olan Səbuh...