Xronika: "Ölən erməni qızın nənəsi məhkəmədə tələb etdi ki, yunan yox, türk tutulmalıdır"

Xronika: Ölən erməni qızın nənəsi məhkəmədə tələb etdi ki, yunan yox, türk tutulmalıdır
Siyasət 105

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Kəndimizdən 5 cavan oğlanı erməni sürücü maşınla qayadan atdı" adlı veriliş Loru mahalının Allahverdi rayonunun Aşağı Ayrım kənd sakini Məcid Həsənovun həyat hekayəsinə həsr olunub.

O, 1965-ci ildə doğulduğunu, ailədə 4 bacı, 2 qardaş olduqlarını deyib, uşaqlıq, orta məktəb illərini, yer-yurd adlarını xatırladıb, rayonun bəzi kəndlərində azərbaycanlılarla erməni və yunanların qarışıq yaşadığını söyləyib: "Oradakı bütün xoş xatirələr yaddaşımdadır. Biz səbirsizliklə yay tətilini gözləyirdik. Gözəl mənzərəli Ləlvər dağına köç edərdik, adət-ənənələrimizi qoruyub saxlayırdıq. Dağdan arana köçəndə nənələrimiz fəsəli bişirər, quymaq çalardılar".

Onun sözlərinə görə, orada azərbaycanlılara qadağalar qoyulur, vəhşiliklər edilirdi: "Bizə aprelin 24-də rayona getməyə qoymurdular. Kəndimiz Axtala İstirahat Mərkəzinə bitişik yerdə yerləşirdi. 1970-ci illərdə əmim orada direktor müavini işləyəndə "Ararat"-"Neftçi" futbol oyununa baxmağa gedib. "Neftçi" qol vuranda onları alqışlayan zaman ermənilər onu vurmuşdular. Onu 1988-ci il hadisəsində ermənilər qətlə yetirdilər. Konserv zavodunda işləyən xalam oğlunu ermənilər şərləyərək tutmaq istəyirdilər. 1980-ci ildə erməni sürücü içərisində kəndimizdən 5 cavan oğlan olan maşını qayadan uçurmuşdu. Belə hadisələr çox olurdu".

Aşağı Ayrım kənd sakini deportasiya həyatından da danışıb: "Vəziyyət get-gedə çətinləşirdi. Moskvada tələbə idim, 1988-ci ildə Novruz bayramında evimizə çox çətinliklə gəldim. İnsanlar mağazanın qarşısında toplaşmışdılar. Camaatla birgə 15 gün kəndi ov tüfəngləri ilə qoruduq. Moskvaya qaydandan sonra noyabr ayında Gəncədə yaşayan qohumlardan zəng gəldi ki, kənddə heç kim qalmayıb, iki nəfər qətlə yetirilib. Nəhayət, 1988-ci il noyabrın 30-da valideynlərim və nənəm Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndinə, oradan da Gəncəyə gəldilər. Ermənilər bütün əşyalarımızı maşın qarışıq sürüb rayona aparmışdırlar".

Vətənin ata-babalarımızın uyuduğu torpaqlardan başladığını vurğulayan M.Həsənov doğma yurda qayıtmaq istəyini belə ifadə edib: "Vətən həsrəti bizim qəlbimizdədir. Orada babalarımızın qəbirləri var. Oralar bizim ata-baba yurdlarımız olub. Biz oraya qayıtmalıyıq. Əgər o torpaqlara qayıtmasaq, babalarımızın ruhu bizi rahat buraxmaz. Biz o torpaqlara mütləq qayıtmalıyıq. Biz bunları unuda bilmərik. Bunları unutsaq, gələcək nəsillər bizi bağışlamaz".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüzminlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər