Türkiyəyə təyin olunan yeni səfir kimdir? - DOSYE
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Rəşad Eynəddin oğlu Məmmədovu Azərbaycan Respublikasının Türkiyədə fövqəladə və səlahiyyətli səfiri təyin edib.
BAKU.WS yeni vəzifəyə təyin edilən səfirin dosyesini təqdim edir.
Rəşad Eynəddin oğlu Məmmədov 1973-cü ildə Gəncə şəhərində anadan olub.
1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində, 2002–2004-cü illərdə G.Plexanov adına Rusiya Dövlət İqtisad Akademiyasının magistratura, 2017-2020-ci illərdə isə Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində doktorantura təhsili alıb.
R.Məmmədov Azərbaycan Respublikası Birinci Qarabağ müharibəsi veteranıdır. Goranboy ikinci ərazi batalyonunda və Müdafiə Nazirliyinin Murov istiqamətində döyüş şəraitində olan “N” saylı hərbi hissəsində döyüş yolu keçib. 1995-1996-cı illərdə Bakı Hərbi Prokurorluğunda Mühafizə bölməsinin rəisi olub.
1996-2000-ci illərdə Bakı Hərbi Prokurorunun köməkçisi, 2000-2001-ci illərdə Xarici İşlər Nazirliyi MDB idarəsində attaşe, 2001-2006-cı ildə Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyində üçüncü katib, ikinci katib, 2006-2008-ci illərdə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində Konsulluq Hüquq məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.
O, 2008-2010-cu illərdə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunda Baş Konsulun vəzifəsini icra edib. 2010-cu ildə Prezidentin Sərəncamı ilə Birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilib.
2010-2015-ci illərdə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau Şəhərindəki Baş Konsulu olub, 2015-2021-ci illər ərzində Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində çalışıb.
R.Məmmədov İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Qazaxıstan Respublikasının Prezidenti N.Nazarbayevin Sərəncamı ilə “Qazaxıstanın müstəqilliyinin 25 illiyi” və bir sıra medallarla təltif olunub.
Səfir ingilis və rus dillərini bilir.
Evlidir, üç övladı var.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...