Rusiyanın Qarabağ təklifi: 5 rayon qaytarılacaq
Rusiyadakı "News Media" media-holdinqinə daxil olan "İzvestiya" qəzetində "Vladimir Putin Qarabağ düyününü boşaltmağa çalışacaq" başlıqlı məqalə dərc olunub.
Məqalədə deyilir ki, "İzvestiya"nın Rusiyanın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Rusiya Federasiyası və şəxsən prezident Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlar prosesində kompromislərin əldə olunmasına çalışacaq. Danışıqlar yaxın günlərdə başlamalıdır.
"Rusiyanın dövlət başçısı münaqişə tərəflərindən olan siyasətçiləri kompromislərin zəruriliyinə şəxsən inandırmağa çalışacaq. "Söhbət hərbi əməliyyatların dayandırılmasından gedən kimi hər iki tərəf danışıqlar masası arxasına əyləşməyə hazır olduqlarını deyirlər. Lakin bu zaman qarşılıqlı iradlar başlanır və ərazi problemini həll etmək müşkülə çevrilir. Danışqılar ağır olacaq. Rusiyanın yardımı olmadan onlar baş tutmayacaq", - mənbə deyib.
Mənbənin sözlərinə görə, Rusiyanın nizamlanma planı hazırda erməni işğalında olan Azərbaycan rayonlarından 5-nin Azərbaycana qaytarılması, münaqişə zonasına sülhməramlı hərbi kontingentin yeridilməsi, qaçqın və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qaytarılması, Dağlıq Qarabağın legitimləşdirilməsi (yəni sərhədlərin açılması və iqtisadi əlaqələrin bərpası), sonra, vəziyyət bir qədər normallaşanda isə Dağlıq Qarabağın statusu ilə bağlı referendumun keçirilməsidir. Lakin referendumun nəticələri Ermənistanı təmin etməyəcəksə, ermənilər bu plana razı deyillər. Ekspertlər hesab edirlər ki, indiki situasiyada hansısa ciddi irəliləyişə bel bağlamaq çətindir. Sadəcə, Dağlıq Qarabağ münaqişəsi zonasında gərginlik həddinin azaldılması və gələcəkdəki konstruktiv dialoqun əsasının qoyulmasından danışıla bilər", - qəzet yazıb.
Rusiyadakı MDB Ölkələri İnstitutunun Qafqaz şöbəsinin rəhbəri Dmitri Medoyevin fikrincə, Dağlıq Qarabağ probleminin hərbi həlli yoxdur, danışıqlar da çox çətin olacaq.
"Ciddi irəliləyişlər və illah da ki, asan həlləri gözləməyə dəyməz. Lakin ümid edək ki, "intensiv diplomatiya" bəhrəsini verəcək. Münaqişə tərəfləri qeyri-müəyyənlikdən yorulublar. Hərbi əməliyyatların bərpası ilə bağlı təhlükənin daimi səciyyə alması isə kimsəyə gərək olmayan gərginlik yaradır", - D.Medoyev söyləyib.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın rolundan danışarkən politoloq bildirib ki, Moskvanın vasitəçiliyi effektiv ola bilər:
"Çünki Bakı da, İrəvan da Rusiya ilə yaxşı münasibətlərdə maraqlıdırlar. Rusiyanın Xarici İşlər Nazirliyi də bölgədə nüfuza malikdir. Azərbaycan da, Ermənistan da Rusiyanın stratateji tərəfdaşlarıdır. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin bütün mərhələlərində Rusiya tərəfləri sülh dialoquna kökləmək və qarşıdurmanın ağırlaşmasına yol verməmək üçün əlindən gələni edib. İndi hər hansı proqnoz vermək çətindir, lakin hərbi əməliyyatların və konfrontasiyanın dayandırılması, qarşılıqlı inamsızlığın aradan qaldırılması, ən başlıcası isə danışıqlar prosesini indiki ətalət nöqtəsindən çıxarmağın özü əhəmiyyətli irəliləyiş olacaq".
Rusiya prezidenti Vladimir Putin "birbaşa xətt" zamanı bəyan etmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Moskva həm beynəlxalq strukturlar çərçivəsində, həm də ikitərəfli qaydada həllə yönəlmiş cəhdlərini gücləndirəcək, səylərini daha da artıracaq.
"Kimin nə deməyindən asılı olmayaraq Rusiya bu münaqişənin nizamlanmasında maraqlıdır, çünki həm Azərbaycan, həm də Ermənistanla tam miqyasda çalışmaq istəyirik", - Vladimir Putin söyləmişdi.
"İzvestiya"nın erməni Aram Qabrelyanovun sahib olduğu media-holdinqinin bir strukturu olduğu və bu səbəbdən də həmin media qurumunun Azərbaycanla münasibətlə komplimentar mövqe tutmadığı bəllidir. Elə bu səbəbdən də Rusiyanın Dağlıq Qarabağ münaqişəsində oynadığı rol və bundan sonra atmaq fikrində olduğu addımlarla bağlı açıqlamasının aşkar ermənipərəst motivlərin yer almadığı rəsmi Moskvanın nizamlanma prosesində fəallaşmaq niyyətinin ciddi olduğunu göstərən amillərdən sayıla bilər.
Bundan başqa, Rusiya Cənubi Qafqazda hadisələrə təsir rıçaqlarını itirməmək, mövqelərini qorumaq üçün forpost və quberniya qismində gördüyü Ermənistana aşkar yarınmaq siyasətinin fəsadlı olduğunu anladığından Azərbaycanla münasibətlərdə maksimum dərəcədə ehtiyatlı davranmaq, bununla da nizamlanma prosesində ABŞ və Avropa Birliyinin iştirakının aktivləşməsinə yol verməmək niyyətindədir.
İstənilən halda Rusiyanın təkliflərini dinləmək və təhlil etməyə dəyər. Bir şərtlə ki, Moskvanın İrəvanla strateji tərəfdaş və müttəfiq olduğunu unutmamalıyıq.
Milli.az
BAKU.WS
Oxşar xəbərlər
ABŞ-ın kəşfiyyat peykləri Qarabağdakı döyüşləri çəkibmi?
Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağa görə iki onillikdən çox davam edən münaqişə aprelin əvvəlində alovlandı. Buna cavab olaraq Rusiya prezidenti Vl...