Qərbi Azərbaycan Xronikası: "Zəngibasar Qərbi Azərbaycanda ən qanlı-qadalı illərin episentri olub"

Qərbi Azərbaycan Xronikası: Zəngibasar Qərbi Azərbaycanda ən qanlı-qadalı illərin episentri olub
Siyasət 11

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Veriliş Zəngibasar mahalının eyniadlı rayonun Dəmirçi kənd sakini Mirfaiq Mirheydərlinin həyat hekayəsinə həsr olunub.

O, kənddə keçən uşaqlıq illərini, gözəl İrəvan şəhərini, Ağrı dağını, ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri, qırğınları, zülmləri, 1988-ci ildə baş verən son deportasiyanı, doğma yurdundan məcburi köçün acı xatirələrini xatırladıb: "Kəndimizdən baxanda Ağrı dağı görünürdü. Ona görə Ağrı dağı bizim üçün bir simvol idi. Zəngi çayı bizim kəndin sol tərəfindən axırdı və Araz çayına qovuşurdu. Zəngi çayının ətrafında kanallar var idi, təsərrüfatları suvarmaq üçün istifadə olunurdu. Biz gedib orada çimirdik".

Onun sözlərinə görə, Zəngibasar bölgəsi tarix boyu erməni təcavüzünün episentri olub: "1905-ci, 1915-ci, 1918-ci, 1920-ci illərdə erməni silahlı dəstələri tərəfindən kütləvi qırğınlar törədilib. Camaatımız dəfələrlə doğma yurdundan didərgin düşüb. Nənələrim danışırdı ki, qaçqınlıq zamanı əhalinin cəmi 30 faizi sağ qalıb. Sovet dövründə də azərbaycanlılara qarşı ayrı-seçkilik, təzyiqlər davam edib. Yarışlarda, olimpiadalarda azərbaycanlının birinci yer tutması ağlasığmaz idi. Ermənilər buna yol vermirdilər, hər cür maneçilik törədirdilər. Nəhayət, Qarabağ hadisələri başlayanda vəziyyət daha da gərginləşib. Hələ müharibə başlamazdan əvvəl Qərbi Azərbaycanda 216 soydaşımız erməni təcavüzünün qurbanı olub".

M.Mirheydərli Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların üzləşdiyi faciələri də dilə gətirir: "1915-1916, 1918-1920, 1929-1932, 1937-1938, 1941-1945-ci illərdə baş verən hadisələr, 1948-1953-cü illərin və nəhayət, sonda özümüzün birbaşa 1988-ci ildə şahidi olduğumuz deportasiya - bunların hamısının qarşısında bir qanlı sözünü yazmaq olar. 1988-ci ildə baş verən son deportasiyada 300 min azərbaycanlıdan biri kimi, bizim də ailəni ermənilər məcburi çıxardılar və Bakı şəhərində məskunlaşdıq".

Dəmirçi kənd sakini onun kimi minlərlə azərbaycanlının bütün çətinliklərə baxmayaraq doğma yurdlarına qayıdacaqlarına inanır: "Tam əminik ki, biz Vətənimizə qayıdacağıq. Biz doğma yurda qayıdış ümidini itirmirik. Bütün bu müsibətlərə, acılara baxmayaraq ürəyimizdə Vətən eşqini, doğma yurda qayıdış arzusunu yaşadırıq. Biz daim geri qayıtmaq barədə düşünürük. Çünki o torpaq bizim dədə-baba yurdumuzdur. İnanırıq ki, ilahi ədalət bir gün bərpa olunacaq. Qayıdış Konsepsiyasını həyata keçirərək mütləq Vətənimizə dönəcəyik".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Son xəbərlər