Qərbi Azərbaycan Xronikası: "Olimpiadalarda Paşinyanın doğulduğu kəndin komandasını udurduq"
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
"Polad camaatı kənddə 16-cı əsrin əvvəllərindən yaşayır" adlı veriliş əslən Şəmşəddil mahalı, Qaraqoyunlu dərəsi, Karvansara rayonunun, Polad kənd sakini Sabir Mirzəyevin həyat hekayəsinə həsr olunub.
O, 1946-cı ildə ziyalı ailəsində doğulduğunu, orada keçirdiyi xoş günlərdən danışıb: "O günlər yada düşdükcə kövrəlirəm və dönə-dönə xatırlayıram. Polad və Tərsi çaylarının qovşaqında yerləşən kəndimizin təbiəti çox mənzərəli idi. Kəndin əhalisi 16-cı əsrin əvvəllərindən orada yaşayıb. 1905-1906, 1915-1917, 1948-ci illərdə camaat erməni deportasiyasına məruz qalsa da, doğma yurda qayıdıblar".
Onun sözlərinə görə, ermənilər həmişə ayrı-seçkilik ediblər: "İdman olimpiadalarında erməniləri udanda onlar qəbul edə bilmirdilər ki, azərbaycanlılar, türklər erməniləri udur. Hər yerdə millətçiliklərini göstərirdilər. Hər şeyi azərbaycanlılardan gizlədir, ərzaq, əşyaları vermək istəmirdilər. Camaat həmişə onlardan gileylənirdi. 1975-ci ildə ermənilər kənddə təbliğat aparırdılar ki, soyqrımı günü rayona, mağazalara getməyin. Onlar camaatı qorxudurdular, şikayətlərə baxmırdılar. Deyirdilər, Azərbaycana gedin. İnsanları məcbur edirdilər ki, oradan köçsünlər, kənd yavaş-yavaş boşalsın".
Polad kənd sakini bildirib ki, 1987-ci ildə bütün vəzifələr erməniləşdirilmişdi: "Bizim kənd sırf azərbaycanlılar idi. Erməni ailəsi yox idi. Buna baxmayaraq, bütün vəzifələrə ermənilər qoyulurdu. Bunu düşünülmüş halda edirdilər ki, insanlar oradan çıxsınlar. 1988-ci ilin dekabr ayında, səhər tezdən rus qoşunlarının müşayiəti ilə rayon rəhbərliyi maşınlarla, avtobuslarla kəndə gəlib insanlara deyirlər ki, ancaq paltarınızı götürüb kəndi tərk etməlisiniz. Sizi müvəqqəti olaraq Azərbaycana, Ağdərə rayonuna göndəririk. Əlavə heç nə götürməmək şərti ilə insanları maşınlara doldurub, yolda öldürülməklə hədələyiblər. Camaatı avtobusla gətirib Qazaxda düşürüblər ki, Vətəninizə gedin. Onlar camaatı aldadıblar".
Vətən həsrətinə görə həmişə kövrəldiyini vurğulayan S.Mirzəyev deyib: "Ulu öndər deyirdi ki, hər insana öz Vətəni, öz milləti əzizdir. Mənim üçün də o Vətən, ata Vətən, ata yurdu əzizdir, həmişə yuxularıma girir, oranı görmək arzusu ilə yaşayıram. Ata-baba yurdlarımıza qayıdıb, ocaqlarımızı, çıraqlarımızı yandırmalıyıq. İnanıram ki, ora qayıdacağıq, o günü gözləyirəm. Ömürdən möhlət istəyirəm ki, o yerləri yenidən görüm".
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Oxşar xəbərlər
Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib
Bakıda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirə gecəsi keçirilib. BAKU.WS xəbər verir ki, tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliy...