Qərbi Azərbaycan Xronikası: "Bizim üçün Böyük Məzrə kəndi Vətənin başladığı yerdir"

Qərbi Azərbaycan Xronikası: Bizim üçün Böyük Məzrə kəndi Vətənin başladığı yerdir
Video
Siyasət 23

Bu gün "Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi Sumqayıt Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Sona Məhərrəmova olub.

O, doğulub boya-başa çatdığı Basarkeçər rayonunun Böyük Məzrə kəndindən danışıb. Bildirib ki, Böyük Məzrədə albanlara məxsus IX əsrə aid tarixi abidə olub. Üzərində "881-ci il" yazılmış bu abidə, eyni zamanda kəndin yaxınlığında oğuzlara məxsus qəbiristanlıq da mövcud olub ki, bu da Böyük Məzrədə tarixən oğuz türklərinin yaşadığını sübut edir.

Tarixçi-alimin sözlərinə görə, kəndin adı Azərbaycan dilinə məxsus "böyük" sözü ilə ərəb dilində "əkilmiş yer, sürülüb toxum səpilmiş tarla" mənasında işlənən "məzrə" sözünün birləşməsindən əmələ gəlib. Hətta Səfəvilər dövrünə aid tarixi mənbələrdə bu yaşayış məntəqəsi Quluağalı kimi qeyd olunub.

"Bizim üçün Böyük Məzrə kəndi Vətənin başladığı yerdir", - söyləyən S.Məhərrəmova 12 yaşına qədər bu qədim yurd yerində yaşadığını, orada orta məktəbə getdiyini bildirib. Alimin sözlərinə görə, Böyük Məzrənin iqtisadi və ictimai mühiti insanların yaxşı həyat tərzi keçirməsinə şərait yaradıb. Sovetlər dövründə bu yaşayış məntəqəsi hərtərəfli inkişaf edib. Kənddə milli-mənəvi dəyərlər və Novruz adət-ənənələri qorunub saxlanılıb, sakinlər bayramı xüsusi təmtəraqla qeyd ediblər.

Son iki yüz il ərzində Qərbi azərbaycanlılara qarşı törədilən soyqırımı və deportasiyalardan danışan tarixçi-alim bildirib ki, indiyədək soydaşlarımız beş dəfə deportasiya olunublar. Bu hadisələr Böyük Məzrə kəndində kütləvi qırğınlarla və qətliamlarla müşayiət olunub. 1987-1991-ci illəri əhatə edən sonuncu deportasiyada da kənd sakinləri ermənilərin fiziki və mənəvi təzyiqləri ilə üzləşiblər.

S.Məhərrəmova deyib ki, həmin dövrdə ermənilər Böyük Məzrə sakini Əvəz Quliyevi güllələyiblər, sonradan o, Azərbaycanda dünyasını dəyişib. Bundan başqa, kənd sakinləri Əvəz Orucov, Tahir İsgəndərov və İbrahim İsgəndərov rus əsgərlərinin gözləri qarşısında vəhşicəsinə döyülüblər. Böyük Məzrə sakini Vaqif Babayevi də ermənilər amansızlıqla döyüblər, ardınca onu diri-diri torpağa basdırıblar. Müəyyən zaman keçəndən sonra o, torpağı qazaraq öz canını qurtara bilib.

Müsahib vurğulayıb ki, bu kimi çoxsaylı faktlar erməni vəhşiliyini və soydaşlarımıza qarşı Ermənistan dövləti səviyyəsində həyata keçirilən etnik təmizləmə siyasətini açıq şəkildə nümayiş etdirir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Son xəbərlər