Qərbi Azərbaycan Xronikası: "Azərbaycanlıların torpaqlarını erməniyə vermək üçün qurulan məhkəmə oyunu"

Qərbi Azərbaycan Xronikası: Azərbaycanlıların torpaqlarını erməniyə vermək üçün qurulan məhkəmə oyunu
Siyasət 18

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Xristianlıq dövrü abidələrimizə sahib çıxa bilmədik deyə, ermənilər öz adlarına çıxdılar" adlı veriliş efirə gedib.

BAKU.WS xəbər verir ki, verilişdə tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov hayların 19-cu əsrdə Qərbi Azərbaycana köçürülməsindən sonra Azərbaycan mülkədarlarına məxsus torpaqların məhkəmə qərarları ilə əllərindən alınıb ermənilərə verilməsindən bəhs edir.

O bildirib ki, Çar Rusiyası erməniləri Azərbaycanın xəzinə torpaqlarında yerləşdirmək adı ilə o vaxt saxta məhkəmələr qurub:

"Bununla da Azərbaycan mülkədarlarının torpaqlarını erməniyə vermək üçün böyük məhkəmə oyunu başlayıb. Azərbaycanlı torpaq sahibləri illərlə müqavimət göstərsə də, rusların məhkəmə sistemi ermənilərin xeyrinə qərarlar verib. Köçürülən ermənilərin torpaq tutmaq hiyləgərliyinə çar hakimiyyəti dəstək verib. Elə vəziyyət yaranıb ki, 12 il davam edən prosesdə məhkəmə sübut tapa bilməyib, əsas olmadan Azərbaycan mülkədarının əleyhinə qərarlar çıxarıb. Hətta ruslar köçürülən ermənilərə Azərbaycan əhalisini talayıb, dolanışıq qurmaq göstərişi də verib".

Onun sözlərinə görə, İrandan Dərələyəz mahalına köçürülən erməniləri rusların başqa adla təqdim etmək cəhdini Həsənalı Sultan ifşa edib:

"Rus işğalından qorunmaq üçün Cənubi Azərbaycana keçən azərbaycanlıların evlərinə qanunsuz yolla ermənilər yerləşdirilirdi".

B.Həsənov bəzi qaranlıq məqamlara da aydınlıq gətirib və deyib ki, Qərbi Azərbaycanda 200-dən çox məscidin olmasını sübut edən sənədlər var: "Xristianlıq dövrü abidələrimizə sahib çıxa bilmədiyimiz üçün ermənilər öz adlarına çıxdılar".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 16-da saat 20:30-da "Baku Tv"nin efirində və saat 21:30-da "Youtube" kanalında yayımlanıb.

Son xəbərlər