Qərbi Azərbaycan həqiqətləri: Əkərək kəndinin tarixi və demoqrafiyası
Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur.
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır.
"Qərbi Azərbaycanın yaddaş məkanları" "AZfront" və Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə "Yoxa çıxmış sivilizasiya - Gözə dəyməyən fəlakət" tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə yaxın kənd üzrə foto və videomateriallar toplanıb, həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları - qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar kənd-kənd mərhələli şəkildə təqdim ediləcək.
BAKU.WS xəbər verir ki, layihə çərçivəsində növbəti material Əkərək kəndi haqqındadır.
Kənd 1995-ci ildən Ermənistan Respublikasının Araqatsotn vilayətinin tərkibindədir.
Kənd haqqında qeydlərə XVI və XVIII əsrlər Osmanlı mənbələrində rast gəlinir.
XVIII əsrin ortalarından Rusiya işğalına qədər kənd İrəvan xanlığının Karbibasar mahalının tərkibində olub.
1827-ci ildə Rusiya İrəvan xanlığının ərazisini işğal edib, 1828-ci il Türkmənçay müqaviləsi isə onun Rusiya imperiyası tərkibinə birləşdirilməsini təsbit edib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Eçmiədzin qəzasının tərkibində olub.
1829-1832-ci illərdə Rusiya hakimiyyətinin tapşırığı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqları ərazilərinin kameral təsviri tərtib edilib. Sənədə salınmış məlumatlara əsasən, Əkərək kəndində 318 nəfər yaşayıb: 166 yerli türk və 152 İrandan köçürülmüş erməni.
Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara əsasən, 1914-cü ilə qədər müxtəlif dövrlərdə kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
Qafqaz haqqında məlumat toplusu:
1873-cü ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 388 nəfər yaşayıb.
1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu:
1886-cı ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 536 nəfər yaşayıb.
Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1897-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 603 nəfər yaşayıb.
1899-cu il "Zaqafqaziya diyarının beş quberniyasında torpaq mülkiyyəti və təsərrüfat üsulları haqqında statistik məlumatlar toplusu"na əsasən, kənddə torpaq mülkiyyətinə yalnız azərbaycanlıların əcdadları sahib olublar.
İrəvan quberniyasının 1908-ci ilə olan yaddaş kitabçası:
1908-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 629 nəfər yaşayıb.
1912-ci ilə olan Qafqaz təqvimi:
1911-ci ildə kənddə 542 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
1915-ci ilə olan Qafqaz təqvimi:
1914-cü ildə kənddə 720 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.
1918-1920-ci illərdə Ermənistan Respublikasında hakimiyyətdə olan millətçi Daşnaksütyun Partiyası İrəvan quberniyasında, o cümlədən digər bölgələrdə, xüsusən də Zəngəzur, Qarabağ və Naxçıvanda türk əhaliyə qarşı etnik təmizləmə keçirib.
Arxiv məlumatlarına əsasən, 1918-ci ildə kənd dağıdılıb, sakinlər isə evlərini tərk ediblər.
Elə həmin vaxt kənddə Türkiyənin Van və Bitlis əyalətlərindən olan ermənilər yerləşdiriliblər.
Etnik təmizləmənin nəticələri əvvəlki illərdə kəndin türk sakinlərinin sayını onların 1922-ci il Sovet Ermənistanı əhalisinin siyahıyaalınması məlumatlarındakı sayı ilə müqayisə etdikdə görünür.
Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1922-ci ildə kənddə 483 nəfər yaşayıb, onlardan 72 nəfəri azərbaycanlı olub.
1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub. 1930-cu ildə Əştərək rayonu yaradılıb və kənd onun tərkibinə daxil olub.
Sovet dövrünün erməni və Azərbaycan mənbələrinin məlumatına əsasən, azərbaycanlılar kənddə 1940-cı illərin sonlarınadək yaşayıblar.
Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1926-cı ildə kənddə 550 nəfər yaşayıb, onlardan 74 nəfəri azərbaycanlı olub.
1931-ci ildə kənddə 607 nəfər yaşayıb, onlardan 32 nəfəri azərbaycanlı olub.
1948-1953-cü illərdə sovet hakimiyyəti azərbaycanlıların Ermənistan SSR-dən Azərbaycan SSR-ə deportasiyasını həyata keçirib. 1949-cu ildə Əkərək kəndinin 56 azərbaycanlı sakini zorla Azərbaycan SSR-ə köçürülüb.
Deportasiyadan sonra Əkərəkin azərbaycanlı əhalisi haqqında qeydlər itir.
Çar dövrünün mənbələrində kənddə fəaliyyətdə olan məscidin adı çəkilir.
2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlər zamanı kənddə XVII əsr məscidinin xarabalıqları aşkar edilib və xarabalıqların arasında xristian simvollu əşyalar tapılıb. Bizim günlərdə Ermənistan tərəfi onu fars abidəsi kimi təqdim edir.
Materialın hazırlanması zamanı istifadə olunan mənbələr:
Yuxarıdakı məlumatların əsaslandırılması üçün 28 ayrıca mənbə istifadə edilib. Bunların sırasında Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədləri, İrəvan əyalətinin icmal dəftəri, Riçard Hovannisyanın "The Republic of Armenia" əsəri və digər sənədlər var. Bundan əlavə, Ağudi ilə bağlı 18 vizual material yerləşdirilib.
Xüsusi qeyd: Bu layihənin videomaterialları eksklüziv olaraq Baku TV-də yayımlanacaq.
Oxşar xəbərlər
XRİTDX rəis müavini: "Rəqəmsal təhdidlərə qarşı beynəlxalq əməkdaşlıq vacibdir"
Azərbaycanda süni intellekt texnologiyalarının dövlət idarəetməsində istifadəsi, rəqəmsal potensialın artırılması və bu sahədə uyğun idarəetmə mexanizmlərinin y...