Putin: "Rusiya Dağlıq Qarabağ münaqişəsini həll etməyə çalışacaq"

Putin: Rusiya Dağlıq Qarabağ münaqişəsini həll etməyə çalışacaq
Siyasət 801
 

"Rusiya çalışacaq ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin kompromisli və tərəflər üçün məqbul həll variantını tapsın".

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin bu gün Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə deyib.

O bu problemin Azərbaycan və Ermənistan üçün nə qədər ağrılı məsələ olduğunu anladığını bildirib: "Biz çalışacağıq ki, hər iki ölkə kompromisli, lakin hər ikisi üçün məqbul olan həll yolunu tapsın. Bu məsələnin həllində qalib iki ölkənin xalqı olsun, hər iki ölkə hiss eləsin ki, bu çətin məsələni bu günün və gələcək nəslin maraqları çərçivəsində həll edib”.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

 

BAKU.WS

Oxşar xəbərlər

Həmsədr Qarabağdan danışdı

Həmsədr Qarabağdan danışdı

"ATƏT-in Minsk qrupu tərəflərin Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair öhdəliklərə əməl etməsini gözləyir”. APA-nın xəbərinə görə, bunu ATƏT-in Minsk...

865 Siyasət 17:46 03 avqust 2016

Son xəbərlər