Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayılda olublar - FOTO - VİDEO

Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayılda olublar - FOTO - VİDEO
Foto Video
Siyasət 217

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.

BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoymaq üçün Füzuli rayonuna gəldi.

Məlumat verildi ki, ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.

Dövlətimizin başçısı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu.

X X X

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Zəngilan rayonunun Üçüncü Ağalı kəndində olublar.

Zəngilana gedərkən avtomobili özü idarə edən Prezident İlham Əliyev dedi:

- Zəngilan rayonuna gəlmişik. Yolumuz Laçın rayonunadır. Yol boyunca Zəngilan rayonunda da tədbirlər var. Yenə də azad edilmiş torpaqlardayıq. Torpaqların bərpası prosesi artıq başlamışdır.

Bura Zəngilan şəhəridir. Biz burada artıq olmuşuq, yenə də gəlmişik. Zəngilan şəhəri də digər şəhərlər kimi düşmən tərəfindən demək olar tamamilə dağıdılmışdır. Bir neçə ev qalmışdır. Burada onların hərbi hissəsi, polis bölməsi yerləşirdi. Bir də ki, xaricdən gələn ermənilər, burada qanunsuz yaşayan ermənilər. Zəngilanı bax bu günə qoyub mənfur düşmən.

Bütün şəhərlərimizin baş planları hazırlanır. Təqdim olunacaq, müzakirə ediləcək. Ondan sonra bərpa işlərinə start veriləcək. Keçən dəfə Zəngilan şəhərinə gələndə bu bayrağı burada mən ucaltdım.

Zəngilan rayonunda birinci “ağıllı kənd” layihəsi icra ediləcək. Bu gün layihəyə start verilir. Artıq ilkin araşdırmalar aparılıb. Bu, dağılmış Ağalı kəndidir. Bərpa ediləcək birinci kənd məhz bu kənddir.

Dövlətimizin başçısına Zəngilan rayonunun Üçüncü Ağalı kəndində icra olunacaq “ağıllı kənd” layihəsi barədə məlumat verildi.

Bildirildi ki, kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir.

Qeyd edək ki, Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. Erməni işğalından azad olunmuş ərazilərin dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə nəinki bərpa edilməsi və yenidən qurulması planlaşdırılır, hətta orada “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Hazırkı pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin bu təşəbbüsü bir daha dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.

Dövlətimizin başçısı görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verdi.

X X X

Daha sonra dövlətimizin başçısı, birinci xanım və qızları Leyla Laçın rayonuna yola düşdülər.

Yol boyunca Qubadlı rayonunun işğaldan azad edilən kəndləri barədə danışan Prezident İlham Əliyev dedi:

- Bura Qubadlı rayonunun Xəndək kəndidir. Burada da şiddətli döyüşlər gedib. Ordumuz düşməni buradan qovaraq, məhv edərək bu əraziləri də azad etmişdir. Düşmən burada da qanunsuz olaraq məskunlaşmışdı. Çox ağır şəraitdə yaşayıblar. Baxın, görün, onların yaşadıqları evlər it damından artıq deyil. Mən deyəndə ki, o vaxt işğal edilmiş torpaqlarda ermənilər səfalət içində yaşayırlar, bax bunu nəzərdə tuturdum. Aclıq, səfalət, qanunsuzluq hökm sürürdü. Belə bərbad yollardan istifadə edirdilər. Bu işıq dirəklərini biz torpaqları azad edəndən sonra quraşdırdıq.

Qubadlı rayonunun Muradxanlı kəndi, ermənilər burada yaşayıblar, buranı da dağıdıblar. Artıq bərpa işləri gedir. Bu da Həkəri kəndidir. Baxın nə gündədir, ermənilər bu it damında yaşayıblar. Dağıdılmış bu evlər erməni faşizminin törətdiyi əməllərdir. Bütün dünya görsün bunları. Bu da onların traktorudur.

Bala Soltanlı kəndi. Burada evlərin böyük hissəsi dağıdılıb, amma bəzi evlərdə düşmən qanunsuz məskunlaşma aparmışdı. Bu da hərbi cinayət sayılır. Bütün bu cinayətlərə görə düşmən artıq öz payını alıb, cavabını verib, beynəlxalq müstəvidə də cavabını verəcəkdir. Bizim şanlı ordumuz bax bu yolla Laçın rayonuna keçmişdir və Laçın rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. O cümlədən Güləbird kəndi də ordumuz tərəfindən işğalçılardan azad edilmişdir. Bura Laçın rayonunun cənub hissəsidir. Ordumuz işğalçılardan azad etmişdir. Şimal hissəsi isə Ermənistanın kapitulyasiyasından sonra bizə qaytarıldı.

Bu da Padar kəndidir.

Qubadlı rayonunun Yusifbəyli kəndi. Bu kənd də düşmən tərəfindən tamamilə dağıdılıb. Biz indi Laçın rayonuna gedirik. Laçın rayonunun Güləbird kəndinə. Zəngilan rayonunun İkinci Ağalı kəndində olduq, kəndin inkişafı ilə bağlı təqdimat edildi. Bir neçə aydan sonra İkinci Ağalı kəndinin yenidən qurulması prosesinə start veriləcək. Bu, bərpa ediləcək birinci kənd olacaq. İkinci Ağalı kəndi “ağıllı kənd” konsepsiyası əsasında qurulacaq. Eyni zamanda, Birinci və Üçüncü Ağalı kəndlərinə qayıdacaq soydaşlarımız da eyni imkanlardan istifadə edəcəklər.

İndi isə Mərdanlı kəndinə daxil oluruq. Günəş də çıxır, yolumuzu işıqlandırır. Mən demişdim ki, azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq. Dağılmış bütün bu kəndləri biz bərpa edəcəyik. Baxın mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi nə günə salıb. Vandallar, barbarlar işğal dövründə bütün binaları söküblər, talayıblar, daşları oğurlayıblar. Hamısını bərpa edəcəyik.

Bura artıq Laçın rayonunun ərazisidir. Bu, Həkəri çayıdır. Görün nə gözəl çaydır. Çayımızı da düşmən istismar etmişdir, təbiətimizi də istismar etmişdir. Biz buna son qoyduq, düşməni rədd etdik.

Artıq Güləbird kəndindəyik. Güləbird kəndini də düşmən dağıdıb, talan edib. Güləbird kəndinə gəlməyimizin səbəbi qısa müddət ərzində inşa edilmiş su elektrik stansiyasının açılışıdır və bu layihə azad edilmiş torpaqlarda birinci elektrik stansiyası olacaq, digər stansiyalar da tikiləcək. Azad edilmiş bütün torpaqlarda su, Günəş, külək enerjisindən istifadə edəcəyik.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş komandanı İlham Əliyev Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı və çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Bu gün mən azad edilmiş torpaqlara yenidən gəlmişəm. Bu gün bu torpaqlarda bir neçə tədbir keçirilir. Bu tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa etməkdir ki, insanlar buraya qayıtsınlar və bu torpaqlara həyat gəlsin. Bərpa işləri arasında elektrik enerjisi təchizatı, əlbəttə ki, xüsusi yer tutur. Bu məqsədlə müharibədən dərhal sonra ilk günlərdən biz bu işlərlə məşğul olmağa başlamışıq. İlk növbədə, Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verilmişdir və birinci mərhələ başa çatıb. “Azərişıq” artıq Şuşa şəhərinə elektrik xətlərini çəkib. Şuşa şəhərini dayanıqlı elektrik enerjisi ilə təmin etmək və ondan sonra şəhərin inkişafını təmin etmək üçün “Azərenerji” Səhmdar Cəmiyyəti də Şuşa şəhərinə yüksəkgərginlikli xətləri çəkir və Şuşa şəhərində elektrik yarımstansiyası inşa edir.

Bu gün isə Laçın rayonunun cənub hissəsindəyik, Güləbird kəndinin ərazisində. Bu gün Güləbird kəndində Su Elektrik Stansiyasının açılışıdır. Laçın rayonu işğaldan azad olunandan heç iki ay keçməmiş – ay yarımdan sonra artıq burada Su Elektrik Stansiyası istismara verilir. Bu Su Elektrik Stansiyasının generasiya gücü 8 meqavatdır. Kiçik su elektrik stansiyaları arasında 8 meqavatlıq stansiya orta həcmli stansiya sayıla bilər. Əsas məsələ ondadır ki, bu stansiya işə düşəndən sonra artıq burada generasiya gücləri yaranır və beləliklə, biz təbiətimizdən - Həkəri çayından səmərəli şəkildə istifadə edəcəyik.

Kəlbəcər-Laçın zonasında su elektrik stansiyaları üçün təbii şərait çox əlverişlidir və vaxtilə burada bir çox stansiyalar olub. Mənfur düşmən də işğal dövründə bu stansiyalardan istifadə edib. Ancaq Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində - dekabrın 1-nə qədər demək olar ki, bütün bu su elektrik stansiyalarını darmadağın edib, avadanlığı buradan çıxarıb, stansiyaların binalarını da dağıdıb. O cümlədən Güləbird Su Elektrik Stansiyası düşmən tərəfindən dağıdılmışdır. Əks-təqdirdə, bu stansiya elə dekabrın 1-dən bizə xidmət göstərəcəkdi. Ancaq verilən tapşırıqlarım qısa müddət ərzində yerinə yetirildi və bu gün biz 8 meqavat gücündə Güləbird Su Elektrik Stansiyasının açılışını qeyd edirik. Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var.

Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək. Kəlbəcər rayonunun ərazisində isə 12 su elektrik stansiyası yenidən qurulacaq. Beləliklə, yalnız Kəlbəcər və Laçın rayonlarında dağıdılmış və bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaqdır. Bu, çox böyük generasiya gücüdür. Bu generasiya gücü ilə biz bu əraziləri bərpa edəcəyik, dayanıqlı enerji ilə təmin edəcəyik.

Əgər biz nəzərdə tutduğumuz digər layihələrə də nəzər salsaq görərik ki, bərpaolunan enerji növlərinin bu bölgədə çox böyük potensialı var. Onların arasında ən böyük potensiala “Xudafərin” və “Qız qalası” su elektrik stansiyaları malik olacaqdır. Bu stansiyaların tikintisi ilə bağlı İran İslam Respublikası ilə razılığa gəlmişik. Yaxın gələcəkdə bu su elektrik stansiyaları tikiləcək və beləliklə, Azərbaycan tərəfinə bu stansiyaların fəaliyyətindən düşən generasiya gücü 120 meqavat olacaqdır. Yəni, biz bir neçə ildən sonra 120 meqavat “Xudafərin” və “Qız qalası” stansiyalarından, 120 meqavat isə Kəlbəcər və Laçın rayonlarındakı su elektrik stansiyalarından alacağıq.

Bu, 240 meqavat generasiya gücü deməkdir və bunun üstünlüyü odur ki, bu, su elektrik stansiyalarıdır və enerjinin maya dəyəri çox aşağıdır. Bununla paralel olaraq, artıq göstəriş vermişəm ki, bizim azad edilmiş bütün digər torpaqlarda bərpaolunan enerji növlərinin və yerlərin müəyyənləşdirilməsi prosesinə start verilsin. Belə bir göstəriş verildi və bu gün Zəngilan rayonunda birinci pilot “ağıllı kənd” layihəsi də məhz bərpaolunan enerji ilə təchiz ediləcəkdir.

Mən bəyan etmişdim ki, azad edilmiş torpaqlar “yaşıl enerji” zonası olacaq. Mən artıq xarici və yerli investorları dəvət etmişəm. Onu da bildirməliyəm ki, bütün əsas işləri dövlət olaraq biz özümüz görürük və görəcəyik. Xarici və yerli investorlar investisiya qoymaqla həm öz biznes maraqlarını təmin edə bilərlər və həm də Azərbaycanı uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin etmək üçün öz sözlərini deyə bilərlər.

Bizim planlarımız bundan ibarətdir. Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin çox böyük potensialı var. Zəngilan, Cəbrayıl rayonlarında daha çox Günəş enerjisinin böyük potensialı var. Artıq ilkin tədqiqatlar aparılıb və beləliklə, biz enerji generasiya güclərimizi, ötürücü xətlərimizi yenidən quraraq Qarabağı “yaşıl enerji” zonasına çevirəcəyik.

Mən bu proqramı elan edəndə bunu nəzərdə tuturdum və bu gün birinci layihə - bax, orada gördüyünüz Güləbird Su Elektrik Stansiyası artıq istismara verilir.

Bizim böyük planlarımız var. Biz bərpa işlərinə start verdik. Çalışacağıq ki, minalardan təmizləmə işləri qısa müddət ərzində başa çatsın, dəymiş ziyanın qiymətləndirilməsi aparılsın və bununla paralel olaraq, artıq infrastruktur layihələrinə start verildi. Bu gün Horadizdə Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməl daşı qoyuldu. Bu dəmir yolunun çox böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq.

Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu işlərə start verildi. Bizim təşəbbüsümüzlə həyata keçirilən bu layihə, əminəm ki, icra ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək.

Vətən müharibəsinin çoxşaxəli əhəmiyyəti bundan ibarətdir - biz həm doğma torpaqlarımızı işğalçılardan azad etdik, düşməni torpaqlarımızdan qovduq, həm də ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. Bütün dünyaya xalqımızın, dövlətimizin qüdrətini göstərdik, xalqımızın əyilməz ruhunu göstərdik. Eyni zamanda, ölkəmizin gələcəyi ilə bağlı strateji hədəflərə çatmaq üçün əməli addımlar ataraq önəmli sənədləri imzaladıq. Noyabrın 10-da imzalanmış Birgə Bəyanat, əlbəttə ki, Laçın, Kəlbəcər və Ağdam rayonunun qaytarılmasını təmin etdi, bir güllə atmadan biz bu torpaqlara qayıtdıq.

Eyni zamanda, Azərbaycanın onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşməsi də məhz o Bəyanatda təsbit olunur. Həmçinin bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaqdır. Biz üç il yarım bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunu istismara verdik. Bu da tarixi nailiyyət idi. Tarixdə ilk dəfə biz Azərbaycanı və Türkiyəni dəmir yolu ilə birləşdirdik. İndi isə ikinci dəmir yolu çəkiləcək və eyni zamanda, bu yoldan bütün bölgə ölkələri istifadə edə bilərlər. Bölgə ölkələri bu yolun tikintisinə də böyük maraqla yanaşırlar. Demək olar ki, bizim bölgəmizdə yerləşən ölkələr bu layihəyə öz müsbət qiymətini vermişlər.

Biz təklif etmişdik ki, bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsi üçün bölgədə nəqliyyat layihələrinin xüsusi rolu vardır və burada iştirak edən bütün ölkələr ancaq xeyir götürəcək, fayda götürəcək. Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda, Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni, bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər.

Onu da bildirməliyəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində artıq Rusiya ilə Türkiyə arasında bu dəmir yolundan istifadə edərək yüklər daşınmağa başlamışdır. Görün, biz nə qədər böyük uzaqgörənlik göstərmişdik, böyük iradə göstərmişdik. Eyni zamanda, maliyyə resurslarını səfərbər etmişdik və bu dəmir yolları bağlantılarını biz təmin edirik. Bu, ölkəmiz üçün lazımdır. Çünki bu, ölkəmizin geosiyasi əhəmiyyətini artırır, iqtisadi gücünü artırır. Çünki biz etibarlı tranzit ölkəsi kimi bundan böyük maliyyə gəliri əldə edəcəyik, eyni zamanda, bölgədə sabitliyin və sülhün təmin edilməsi üçün də bunun çox böyük əhəmiyyəti var.

Bu, eyni zamanda, ona görə önəmlidir ki, bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Onları torpaqlarımızdan rədd etmişik. Ermənistan ordusunu demək olar ki, məhv etmişik. Ermənistan ordusu yoxdur, dağılıb. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb. Özləri etiraf edirlər ki, müharibə zamanı onların 10 min fərarisi olubdur. Azərbaycan Ordusunda bir dənə də fərari olmayıbdır. Bu, xalqımızın, Ordumuzun yüksək mənəvi ruhunun təzahürüdür.

Aparılan siyasətin təzahürüdür. Biz döyüş meydanında Qələbə qazandıq. Biz bu torpaqları vuruşaraq işğalçılardan azad etmişik. Ermənistanı məğlub edib məcbur etdik ki, noyabrın 10-da kapitulyasiya aktına imza atsın və Laçın, Kəlbəcər, Ağdam rayonlarını məcbur olub bizə qaytarsın. Çünki danışıqlar zamanı heç vaxt Laçın və Kəlbəcər rayonlarını bizə qaytarmaq istəmirdi. Danışıqlarda razılığa gəlməməsinin əsas səbəbi də məhz bunda idi. Əfsuslar olsun ki, Ermənistanın və onun bəzi xarici havadarlarının mövqeyi ondan ibarət idi ki, beş rayon Azərbaycana qaytarılsın, Azərbaycan bununla kifayətlənsin və Dağlıq Qarabağa nə vaxtsa müstəqillik verilsin, Kəlbəcər və Laçın rayonları Ermənistanın əbədi nəzarəti altında qalsın. Mən bu təklifi rədd etdim.

Həyat göstərdi ki, biz güclü iradə, cəsarət göstərərək istədiyimizə nail ola bildik. Laçın rayonunu qaytarmaq fikirləri belə yox idi onların. Biz gəldiyim yolla gələrək, yol boyunca yerləşən bütün rayonları, kəndləri, şəhərləri azad edərək bax, buralara gəldik. Laçın rayonunun cənub hissəsini işğalçılardan azad etdik, Güləbird kəndini azad etdik. Burada Səfiyan və Türklər kəndləri yerləşir, onları da azad etdik və Laçın dəhlizinə nəzarət etmək üçün hərbi plasdarm yaratdıq və artıq Laçın dəhlizi atəşimiz altında idi. Faktiki olaraq bu istiqamətdən hərəkət edərək biz strateji əməliyyatlarımızı aparmışdıq. Eyni zamanda, əks tərəfdən - Xocavənd rayonundan Şuşa şəhərinə gedərək, dağlardan, dərələrdən keçərək uğurlu əməliyyat apara bilmişik. Laçın rayonunun bax, bu cənub hissəsi hərbi əməliyyat nəticəsində azad edilmişdir. Biz döyüş meydanında düşməni məğlub etdik və tarixi ədaləti bərpa etdik.

Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. Halbuki sovet vaxtında bu bağlantı yox idi. 1992-ci il mayın 8-də Şuşanın işğalından 10 gün keçəndən sonra Laçın rayonu işğal altına düşdü. Bu, böyük faciə idi. Hər bir rayonun itirilməsi böyük faciə idi. İnsanlar həlak olub, insanların əmlakı dağıdılıb, insanlar öz dədə-baba torpaqlarından didərgin salınıb. Eyni zamanda, Laçın rayonunun işğal altına düşməsi strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyətimiz idi. Laçın rayonunu satanlar, Şuşanı satanlar eyni adamlardır. Mən bunu demişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın.

AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb. O vaxt hakimiyyəti yıxmaq üçün Bakıda mitinqlər təşkil edirdilər, çaxnaşma təşkil edirdilər, hakimiyyətə gəlmək üçün istənilən satqınlığa hazır idilər və bu satqınlığı etdilər. Şuşanı boşaltdılar. Halbuki onların nəzarəti altında qüvvələr var idi. Şuşa ermənilər oraya girəndə, faktiki olaraq, boş idi. Şuşanı heç kim müdafiə etmirdi. Sonra Laçın rayonunu da satdılar və ondan sonra heç bir ay keçməmiş hakimiyyətə gəldilər. AXC-Müsavat cütlüyü bu satqınlığı, bu xəyanəti edib, bu cinayəti törədib. 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşəndən sonra qorxaqcasına qaçıb gizlənib, fərarilik edib. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır, bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır! Onlar satıblar bizim torpaqlarımızı. Biz qaytarmışıq bu torpaqları, qayıtmışıq. Bax, durmuşam burada - Laçın rayonunda.

Bu torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm. Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

X X X

Sonra Prezident İlham Əliyev Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasının açılışında iştirak etdi.

Erməni qəsbkarlar işğal dövründə xislətlərinə uyğun olaraq digər yerlərdəki kimi, bu stansiyanı da darmadağın ediblər. Dövlətimizin başçısının tapşırığı ilə qısa müddət ərzində istismara verilən bu stansiya işğaldan azad olunmuş ərazilərdə infrastrukturun yaradılması və nəzərdə tutulan digər işlərin həyata keçirilməsi baxımından böyük önəm daşıyır.

Prezident İlham Əliyev “Güləbird” Su Elektrik Stansiyasını işə saldı.

Qeyd edək ki, “Güləbird” Su Elektrik Stansiyasının istifadəyə verilməsi tarixi və əlamətdar hadisədir. Bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

X X X

Sonra dövlətimizin başçısı, birinci xanım və qızları Leyla Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisinə gəldilər.

Erməni qəsbkarlar işğal altında saxladıqları dövrdə digər ərazilərdə olduğu kimi, Bəsitçay qoruğunda da ekoloji terror törədiblər. Mənfur düşmən qoruğun meşəlik ərazisinin demək olar ki, yarısını məhv edib, ağacların kökünü, oduncağını yandırıb. Burada illərlə formalaşmış təbii ekosistemin tarazlığına erməni vandalizmi nəticəsində ciddi zərbə vurulub.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bəsitçay qoruğunda çinar ağacları əkdilər.

Sonra dövlətimizin başçısı, birinci xanım və qızları Bəsitçaya balıq buraxdılar.

Prezident İlham Əliyev: Bəsitçay Dövlət Təbiət Qoruğunda çinar ağacları əkdik. Bəsitçay qoruğu 1974-cü ildə ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmışdır. Burada 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. Bu, nadir çinar ağacları meşəsi idi. İşğaldan sonra mənfur düşmən çinarların böyük hissəsini kəsib, doğrayıb, talayıb və yandırıb. Bu, erməni vandalizminin növbəti əlamətidir. Bu gün Bəsitçay təbiət qoruğunun bərpasına start verildi.

Biz bu qoruğu bərpa edəcəyik. Əlbəttə ki, burada kəsilmiş ağacların yaşı təqribən 200-300 ilə bərabər idi. Ancaq hər halda öz borcumuzu yerinə yetirdik.

Eyni zamanda, Bəsitçaya balıqlar da buraxdıq. Bəsitçay da çox gözəl çaydır. Ümumiyyətlə, bu bölgə çaylarla zəngindir. Tərtərçay, Xaçınçay, Bəsitçay, Bazarçay, Həkəri çayı və digər çaylar bundan sonra Azərbaycan xalqına xidmət edəcək. Mənfur düşmən işğal dövründə Tərtərçayın da suyunun qabağını kəsmişdir və bir neçə rayonumuzda yüz min hektardan çox torpaq susuz qalmışdır. Bizə qarşı ekoloji terror törədilmişdir.

X X X

Sonra dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cəbrayıl rayonunun Soltanlı kəndinə yola düşdülər.

Prezident İlham Əliyev: Tapşırıq verilib tədbirlər görülsün ki, bu günə qədər suvarılmayan 100 min hektar torpaq sahələrinə su verilsin. Beləliklə, 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq, fermerlər, kəndlilər daha çox pul qazanacaqlar. Evləri də, təbiəti də bərpa edəcəyik. Eyni zamanda, göstəriş vermişdim ki, vaxt itirmədən payızlıq əkin də aparılsın. Biz qısa müddət ərzində bütün imkanlarımızı, texnikanı, işçi qüvvəsini səfərbər etmişik və 7 min hektarda əkin işləri aparılmışdır.

O əkin sahələrinə də baxacağam. Builki mövsümdə təqribən 20-25 min hektarda əkin işləri aparılacaq. Yəni, biz vaxt itirmədən kənd təsərrüfatını dirçəldəcəyik. Əlbəttə ki, azad edilmiş torpaqların kənd təsərrüfatı potensialı çox böyükdür. İşğalçılar bizim torpağımızdan da istifadə edib qanunsuz gəlirlər əldə etmişdilər. İşğal dövründə ən azı 90 min hektarda taxıl əkilmişdi. Buna da son qoyuldu. Azad edilmiş torpaqlarda bitkiçilik, meyvəçilik, heyvandarlıq sürətlə inkişaf edəcək.

Cəbrayıl rayonunun Soltanlı kəndinin ərazisinə gələn Prezident İlham Əliyevə işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, hazırda əkin sahələrinin monitorinqi davam etdirilir. Əlavə əkin sahələri müəyyən olunduqca yenilənmiş təkliflər verilir.

Son xəbərlər