Bakıda GlobE Network-un 6-cı plenar iclası keçirilir

2025-ci il 19–23 may tarixlərində Bakı şəhəri Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində Altıncı Plenar İclasa ev sahibliyi edir.
Bu barədə BAKU.WS-ə Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.
Bu mötəbər tədbirdə 92 ölkəni təmsil edən 120-dən artıq dövlət qurumunun nümayəndələri, o cümlədən prokurorluqlar, müstəqil antikorrupsiya təşkilatları və beynəlxalq institutlar iştirak edir.
Ümumilikdə 300-dən çox nümayəndə tədbirə fiziki olaraq qatılıb, 60-dan artıq iştirakçı isə onlayn formatda tədbiri izləyir.
Tədbirin açılış mərasimində Prezident İlham Əliyev Bakıda keçirilən bu mötəbər beynəlxalq tədbirin iştirakçılarına müraciət ünvanlayıb.
Müraciəti Azərbaycanın Baş prokuroru Kamran Əliyev səsləndirib.
Tədbirin açılış mərasimindən sonra isə GlobE şəbəkəsinin Katibliyi tərəfindən qurumun fəaliyyəti ilə bağlı geniş hesabat təqdim olunub.
Hesabatda yeni üzv qurumlarla bağlı məlumat, şəbəkənin işçi qruplarının fəaliyyəti, regional ofislərin rolu, qarşılıqlı hüquqi yardım alətləri və texnoloji kommunikasiya mexanizmlərinin istifadəsi ətraflı şəkildə iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Həmçinin, GlobE şəbəkəsinin İcraçı Katibi Neil Walsh-ın iştirakçılara ünvanladığı videomüraciət nümayiş etdirilib.
Daha sonra Çin Xalq Respublikasının Milli Nəzarət Komissiyasının təşəbbüsü ilə "Korrupsiyaya qarşı hüquq mühafizə orqanlarının əməkdaşlığı" mövzusunda sessiya baş tutub. Sessiya Pekin Konsensusunun icrasına həsr olunub və burada Azərbaycanla yanaşı Çin, Malayziya, Rusiya və İndoneziyanın müvafiq qurumlarının nümayəndələri çıxış edərək öz ölkələrinin təcrübələrini bölüşüblər. Azərbaycanı bu sessiyada təmsil edən Natiq Eyvazov cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahəsində əldə olunmuş təcrübə və qarşıya çıxan çətinliklər barədə danışıb.
Tədbirin davamında "Korrupsiya cinayətlərinin istintaqında texnoloji alətlərin praktiki tətbiqi" mövzusunda sessiya keçirilib. Burada çıxış edən nümayəndəmiz Elşən Orucov süni intellekt və rəqəmsal texnologiyaların istintaq prosesində istifadəsinin üstün və zəif cəhətləri barədə fikirlərini bölüşüb. Sessiyada Qətər, Çili, Sinqapur, Rusiya və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri də öz ölkələrinin təcrübələri ilə çıxış ediblər.
GlobE Network-un Bakı Plenar İclası beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübə mübadiləsi və korrupsiyaya qarşı mübarizədə effektiv yanaşmaların formalaşdırılması baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilir.
***09:39
Prezident İlham Əliyev Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin - "GlobE Network"un altıncı plenar iclasının iştirakçılarına müraciət ünvanlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, müraciəti Azərbaycanın Baş prokuroru Kamran Əliyev səsləndirib.
"Hörmətli tədbir iştirakçıları,
Sizi BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin Bakı şəhərində keçirilən 6-cı Plenar iclasında səmimi-qəlbdən salamlayıram.
Bu mühüm tədbirin məhz ölkəmizdə keçirilməsi Azərbaycana göstərilən yüksək etimadın və beynəlxalq aləmdə artan nüfuzumuzun bariz nümunəsidir. Dünyanın müxtəlif hüquq sistemlərini təmsil edən çoxsaylı peşəkarları bir araya gətirən bu toplantı korrupsiyaya qarşı mübarizədə ortaq iradənin və beynəlxalq həmrəyliyin təcəssümüdür.
Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizəni hər zaman həm milli, həm də beynəlxalq prioritet kimi qəbul etmişdir. Bu istiqamətdə hüquqi və institusional çərçivəmiz Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əsasında formalaşmışdır. Bu qurumlar rəqəmsal transformasiya, açıq hökumət prinsipləri və beynəlxalq əməkdaşlıq vasitəsilə şəffaflıq və hesabatlılığın möhkəmləndirilməsində mühüm rol oynayır.
Azərbaycan uzun illər ərzində Ermənistanın hərbi təcavüzünə və işğalına məruz qalmışdır. İşğal dövründə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmış, çoxsaylı müharibə və insanlığa qarşı cinayətlər törədilmişdir. Bu faktlar beynəlxalq hüququn fundamental prinsiplərinə və insan haqlarına qarşı açıq hörmətsizlik nümunəsi idi.
İşğal olunmuş ərazilərdə illər ərzində resurslarımızın qanunsuz istismarı, genişmiqyaslı korrupsiya və infrastrukturun məqsədli şəkildə dağıdılması hökm sürmüşdür. Nəhayət 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunmuşdur. İşğala son qoyulması suverenliyin və ədalətin bərpası ilə yanaşı həmin ərazilərə həyatın qayıdışı ilə müşayiət olunan yeni bir mərhələnin başlanğıcı olmuşdur. Azad edilmiş torpaqların tərəqqi və sülhün hökm sürdüyü məkana çevrilməsi dövlət siyasətimizin əsas sütunlarından biridir. Azərbaycan bu gün də regionda davamlı sülh və sabitliyə nail olmaq üçün öz konstruktiv səylərini qətiyyətlə davam etdirir.
Hörmətli qonaqlar,
Biz BMT-nin və onun təsisatları ilə əməkdaşlığımızı yüksək qiymətləndiririk. Azərbaycan ötən ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmişdir. Bu mötəbər tədbir dünya liderlərini, siyasətçiləri, beynəlxalq təşkilatların nümayəndələrini və müvafiq sahələrin peşəkarlarını bir araya gətirməklə qlobal çağırışlara qarşı həmrəylik nümayiş etdirmiş, ölkəmizin çoxtərəfli diplomatiyaya sadiqliyini bir daha təsdiqləmişdir.
Biz, həmçinin BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Qlobal Əməliyyat Şəbəkəsi ilə əməkdaşlığımıza xüsusi önəm veririk. Nisbətən gənc platforma olmasına baxmayaraq, GLOBE Şəbəkəsi qısa müddətdə müxtəlif ölkələrdən anti-korrupsiya sahəsində çalışan peşəkarları birləşdirən səmərəli və inklüziv beynəlxalq mexanizmə çevrilmişdir. Bu platformanın artan əhəmiyyəti korrupsiyaya qarşı beynəlxalq əməkdaşlığın və hüquqi yardımın nə qədər vacib olduğunu bir daha nümayiş etdirir.
Azərbaycanda prokurorluq orqanlarında geniş və mütərəqqi islahatlar həyata keçirilmiş, qanunun aliliyi, insan hüquq və azadlıqlarının qorunması təmin olunmuşdur. Hüquq-mühafizə orqanlarımız korrupsiya, transmilli cinayətkarlıq, terrorçuluq, separatçılıq, insan alveri, çirkli pulların yuyulması, narkotiklərin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, qeyri-qanuni miqrasiya və digər təhdidlərə qarşı beynəlxalq səviyyədə fəal iştirak edir və bu sahələrdə əməkdaşlığa töhfə verir.
Bunun bariz nümunəsidir ki, ötən ilin payızında beynəlxalq əməkdaşlıq sahəsində mühüm məsələlərinin müzakirə edildiyi Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik Konfransı və Ümumi Yığıncağı dünyanın müxtəlif yerlərindən gəlmiş hüquqşünasların iştirakı ilə ölkəmizdə keçirilmişdir.
Eyni zamanda, süni intellekt, rəqəmsal maliyyə sistemləri və kiber mühitlə bağlı texnoloji inkişaf korrupsiya və digər cinayətlərin yeni formalarının yaranmasına səbəb olmuşdur. Bu mürəkkəb və sürətlə dəyişən çağırışlar hüquq-mühafizə orqanları üçün qlobal miqyasda yeni və çoxşaxəli vəzifələr müəyyən edir. Azərbaycan bu təhlükələrin qarşısını almaq üçün beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq çərçivəsində öz imkanlarını gücləndirməyə sadiqdir.
Əminəm ki, bu üçgünlük plenar iclas ortaq məqsədlərimizin reallaşmasına əhəmiyyətli töhfə verəcək və korrupsiyaya qarşı beynəlxalq əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açacaqdır.
Mən sizləri bir daha Azərbaycanda salamlayır, ən xoş arzularımı yetirir, tədbirin işinə isə uğurlar diləyirəm".


***09:32
Prezident İlham Əliyev BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin – GlobE Network VI Plenar iclasının iştirakçılarına müraciət edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, müraciətin mətnini Baş Prokuror Kamran Əliyev oxuyub.
Qeyd edək ki, bu gün Bakıda BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində Altıncı Plenar İclası keçirilir.
Tədbirdə 92 ölkədən 120-dən çox dövlət qurumu – o cümlədən 21 prokurorluq, 53 müstəqil antikorrupsiya qurumu və 16 beynəlxalq təşkilatdan – ümumilikdə 300-dən artıq nümayəndə fiziki, 60-dan artıq iştirakçı isə onlayn formatda iştirak edir.
Oxşar xəbərlər
Qərbi Azərbaycan İcması dəstəyə görə İƏT üzv dövlətlərinə təşəkkür edib
Qərbi Azərbaycana qayıdış məsələsinə beynəlxalq dəstəyin əldə edilməsi istiqamətində növbəti böyük uğur əldə edilib. Belə ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT...
