Post-neft dövrünə keçid: reallıq, perspektiv və hədəflər - TƏHLİL

Post-neft dövrünə keçid: reallıq, perspektiv və hədəflər - TƏHLİL
Siyasət 585

Ümumdünya iqtisadi böhranının başlandığı 2008-ci ildən sonrakı qısa mərhələdə dövrün tələbinə uyğun olaraq adekvat addımlar atıldı. Bu mühüm qərarlardan biri neft asılılığından çıxmaq üçün alternativ sahələrə böyük yatırımlar qoyulması ilə bağlı idi. İxracın artırılması, kənd təsərrüfatının gücləndirilməsi, turizm potensialının artırılması bu addımlardan bir neçəsi idi. Bu addımlarla iqtisadi böhranın milli iqtisadiyyata mənfi təsirini azaltmaq mümkün olmuşdu. Bu, faktiki olaraq Azərbaycanda post-neft dövrünün başlanması demək idi.

Post neft dövrünün başlamasına zərurət

Lakin 2015-ci ildən etibarən dünyada neft qiymətlərinin aşağı düşməsi və dəyişən makroiqtisadi amillər iqtisadi islahatların keyfiyyətcə yeni mərhələyə yüksəlməsini vacib etdi. Məhz bu dövrdən sonra ölkədə həm struktur, həm də kadr islahatları ardıcıl və sistemli xarakter almağa başladı. Qarşıya qoyulan əsas vəzifə qeyri-neft sektorundakı mövcud potensialın hərəkətə gətirilməsi, bu sahədə dinamik inkişafın təmin edilməsi üçün yeni iqtisadi islahatların həyata keçirilməsi idi.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, neft-qaz sahəsi üzrə ekspert İlham Şaban BAKU.WS-ə açıqlamasında bildirib ki, Azərbaycan 2010-cu ilin sentyabrından sonra post-neft dövrünə qədəm qoyub:

“Çünki Azərbaycanda neft pik həddi həmin dövrə təsadüf etmişdi. O dövrdə hamıya məlum idi ki, Azərbaycan bir daha bu həcmdə nefti hasil edə bilməyəcək”.

Qeyri-neft sektorunda müşahidə edilən proseslərə çevik adaptasiya, habelə postneft iqtisadi inkişaf modelinin dəstəklənməsi üçün Prezident İlham Əliyev 2016-cı il 6 dekabr tarixli fərmanı ilə Strateji Yol Xəritəsi təsdiq edib. Həmin xəritə 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Hazırda strateji yol xəritələrinin tədbirlər planı icra edilir və 2020-ci ildə həmin tədbirlərin icrası yekunlaşacaq. Beləliklə, post-2020-ci il üçün iqtisadiyyatın yeni inkişaf strategiyasının hazırlanması zərurəti yaranıb.

Reallıq və hədəflər

Cari ilin birinci yarısında iqtisadiyyatın qeyri-neft sektorunun əksər aparıcı sahələrində nəticələr pozitivdir. Əgər keçən illə müqayisədə qeyri-neft sənayesi, kənd təsərrüfatı istehsalı, nəqliyyat, informasiya və rabitə xidmətləri, pərakəndə ticarət və s. sahələr üzrə ciddi irəliləyişlər ola bilibsə, bu, o deməkdir ki, dövlətimiz postneft dövrünün nəbzini vaxtında və çox dəqiq tuta bilib və onun bu dövrdə apardığı islahatlar mövcud vəziyyətə tam adekvat islahatlardır.

İlham Əliyevin qeyd etdiyi kimi, islahatların əsas hədəfi bir neçə il ərzində dövlət büdcəmizin gəlirlərini qeyri-neft sektoru hesabına təmin etmək olmalıdır. Bu baş verdikdən sonra isə dünya bazarlarında neftin qiymətlərinin dəyişməsinin heç bir əhəmiyyəti olmayacaq.

Azərbaycanda post-neft dövrü və yaxın gələcəkdə daha da inkişaf etdirilməsi planlanan sahələr bunlardır:

  1. Qeyri-neft sənayesi (neft-kimya, polad, alüminium, ərzaq, müdafiə sənayesi və s.);
  2. Aqrar sahə (pambıq, tütün, kartof, meyvə-tərəvəz, üzüm və s.);
  3. Xidmət sektoru (turizm, nəqliyyat, logistika, İKT, kosmik xidmətlər və s.);
  4. Tikinti. Post-neft dövründə iqtisadiyyatın yeni strukturunun (yeni drayverlərin müəyyənləşməsi fonunda) formalaşması əsasən tamamlanır.

Təsdiq edilmiş xəritədə bütövlükdə milli iqtisadiyyat və 11 sektor üzrə yaxın orta və uzunmüddətli perspektivlər öz əksini tapıb. Strateji Yol Xəritəsində sənayenin strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən birinə çevrilməsi və sair hədəflər nəzərdə tutulmuşdu. Qarşıya qoyulan məqsədlərin bir hissəsinə nail olunub və qarşıdakı illər ərzində proqram çərçivəsində mühüm işlərin görülməsi nəzərdə tutulub.

Neft gəlirləri daha da azalacaq

İlham Şaban BAKU.WS-ə açıqlamasında qeyd edib ki, 9 ildən çoxdur Azərbaycanda neftin azalması müşahidə edilir:

“2008-ci ilin sonunda neftin qiyməti kəskin surətdə ucuzlaşdı. Neftin barreli 148 dollardan 39 dollara qədər endi. 2009-cu ilin dövlət büdcəsi hazırlanarkən bu faktor nəzərə alınmışdı. Artıq 10 ildir neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi və Azərbaycanda iqtisadiyyatının neftdən asılılığının azaldılması istiqamətində hökumət səviyyəsində tədbirlər həyata keçirilir.

Bir məqamı qeyd edək ki, Azərbaycan ərazisində 1871-ci ildən bu günə qədər 2 milyard tondan çox neft çıxarılıb. 1921-ci ildən 1991-ci ilə qədər olan 70 illik sovet dövrdə 1 milyard tonda bir qədər artıq nevt hasil edilib. Müstəqillik qazandığımızdan sonrakı dövrdə isə 700 milyon ton neft çıxarılıb. Təxmin etmək olar ki, Azərbaycanın bundan sonra 750-800 milyon ton çıxardıla biləcək rezerv nefti var. Bu isə 2050-ci ilə qədər çıxarılacaq. Bu da ildə ortalama 25 milyon tona bərabərdir. Nəzərinizə çatdırım ki, 9 il bundan öncə bu rəqəm 50 milyon ton idi”.

Neftin alternativləri ön plana çıxarılır

Ekspert sözlərinə əlavə edib ki, artıq bundan sonra təbii qaz daha ön plana keçəcək.

“Hazırda post-neft dövrünün birinci mərhələsindəyik. 2030-cu ildə ikinci, 2040-cı ildə isə 3-cü mərhələsində olacağıq. Neftdən gələn gəlirlərin azalmasını 2030-cu ilə qədər kompensasiya etmək imkanlarımız var.

Bu ilin sonuna qədər Azərbaycan neft məhsullarının ixracından 400 milyon ton gəlir əldə etməyi planlaşdırır. Əgər bizim “Avro-5” standartlarında məhsul almaq imkanımız olsaydı, bu gəlir 1,5-2 milyard civarında ola bilərdi.

Bir məqamı qeyd edim ki, 2022-ci ilin sonunda Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizə olunması başa çatacaq. Biz bu göstəricini zavod tam işə düşdükdən sonra əldə edə biləcəyik”.

İlham Şabam dünya üzrə hasil edilən neftin üçdə iki hissəsinin avtonəqliyyat vasitələrində istifadə edildiyini xatırladaraq bu tendensiya hələ bir müddət qalacağını və tədricən azalmağa başlayacağını vurğulayıb:

“Neft hasilatı və gəlirləri azaldıqca, azalan gəlirlər neft məhsulları ilə kompensasiya ediləcək. Bundan başqa, təbii qazdan da mənfəətlə qazanılacaq. Həmçinin, elektrik enerjisinin satışı da artırılacaq. Növbəti 10 illikdə neft məhsulları, elektrik enerjisi, kimyəvi məhsullar, karbomid azalan gəlirləri kompensasiya etməkdə əsas rol oynayacaqlar.

İndi Azərbaycan üçün fürsət yaranıb ki, hansısa sahəni sıfırdan götürüb işləsin və 10 il ərzində onu mükəmməl səviyyəyə çatdırsın. 40-50 il bundan öncə dünyada elə tanınmayan Sinqapur, Malayziya kimi ölkələr buna nümunədir. Onlar hazırda dünya iqtisadiyyatında önəmli yerləri tuturlar. Ümumiyyətlə, hara investisiya qoyulursa, orada inkişaf olmalıdır. Azərbaycan da bir çox sahədən milyardlar qazana bilər”.

Uzunmüddətli baxış və hədəflər

Sonda qeyd edək ki, 2025-ci ilədək uzunmüddətli baxış ölkə müəssisələrinin regional baxımdan tam rəqabətqabiliyyətli vəziyyətə gətirilməsi və Azərbaycanın regionun ağır sənaye və maşınqayırma mərkəzinə çevrilməsidir.

2025-ci ildən sonrakı dövr üçün hədəf baxış Azərbaycanın ağır sənaye və maşınqayırma müəssisələrinin qlobal bazarın tərkib hissəsinə çevrilərək məşhur brendlərin istehsalında iştirak etməsidir. Göstərilən hədəf baxışların həyata keçirilməsi ağır sənaye və maşınqayırma sahəsində aralıq və son məhsulların istehsalı və idxalının yerli məhsulla əvəzlənməsinə, qara metallurgiya kompleksindən tam həcmdə istifadə edilməsinə imkan verəcək.

Son xəbərlər