Mətbuat Şurası Mariya Zaxarova ilə bağlı bəyanat yaydı: "Yolverilməzdir"

Mətbuat Şurası Mariya Zaxarova ilə bağlı bəyanat yaydı: Yolverilməzdir
Siyasət 1020
 

Azərbaycan Mətbuat Şurası (MŞ) Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın Azərbaycan jurnalistlərinin ünvanına söylədiyi fikirlərlə bağlı bəyanat yayıb.

Şuradan BAKU.WS-ə verilən məlumata görə, bəyanatda bildirilib ki, M. Zaxarovanın azərbaycanlı jurnalistin Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən girov saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualına münasibəti, bu xüsusda Azərbaycan jurnalistlərinə ünvanladığı aşağılayıcı fikirlər təəssüf doğurur. Şura Zaxarovanın bu mövqeyini qətiyyətlə pisləyir.

Təşkilat hesab edir ki, M. Zaxarovanın fikirlərində aşkar nəzərə çarpan təzyiq, təhdid və təhqir meylləri onun ümumən Dağlıq Qarabağ həqiqətlərinə biganəliyindən, məsələnin həssaslığına əhəmiyyətsiz yanaşmasından və öz baxışlarını diktə etmək iddiasından irəli gəlir: "Belə mahiyyət obyektivlik axtarışında olan və bunun üçün peşə borcunu yerinə yetirən azərbaycanlı jurnalistin sualına nalayiq reaksiyanı doğurub. Azərbaycan Mətbuat Şurası bu qənaətdədir ki, hər bir jurnalist fikirlərini ifadə etməkdə, sualını ünvanlamaqda sərbəstdir. Erməni əsirliyində saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyi isə Azərbaycanı düşündürdüyü qədər Rusiyanı və bu ölkənin cəmiyyətini də düşündürməlidir. Azərbaycanlı jurnalist sualını məhz bu ictimai motivi əsas tutaraq ünvanlayıb".

Bəyanatda qeyd olunur ki, M. Zaxarovanın əslən azərbaycanlı olan Rusiya vətəndaşının taleyinə biganəlik kimi qiymətləndiriləcək düşüncəsi heç bir diplomatik davranış tərzinə və mənəvi normalara uyğun deyil: "Bu, yaxşı halda qeyri-peşəkarlıq və naşılıqdır. Ən böyük qeyri-peşəkarlıq və naşılıq isə xanım diplomatın bir suala cavab kontekstində bütövlükdə Azərbaycan jurnalistikasını hədəf seçməsidir. Rusiyanın mühüm dövlət qurumunda yüksək vəzifə tutan adam jurnalistlərlə adi ünsiyyəti bacarmalıdır. Onun şəxsi hiss və baxışlarını peşəkar müstəviyə daşıması əsla yolverilməzdir. Nəzərə alsaq ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı durum ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın da maraq dairəsindədir, ölkənin münaqişəyə dair həssaslığı Mariya Zaxarovanın leksikonundakı tonda olmamalıdır. Azərbaycan və Rusiya dövlətləri arasındakı əlaqələr yüksək səviyyədədir. Rusiya XİN-in mətbuat xidmətinin rəhbərinin azərbaycanlı jurnalistin Dilqəm Əsgərovun taleyi qismində Azərbaycanın haqq işi ilə bağlı sualına münasibətdə ortaya qoyduğu mövqe ikitərəfli münasibətlərin hazırkı ahənginə də heç cür uyğun deyil. İstərdik ki, Rusiyanın Xarici İşlər Nazirliyi və digər müvafiq dairələri bütün bunları mütləq qaydada nəzərə alaraq müvafiq ölçü tədbiri götürsünlər".

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər