Mirzoyanın Tehran səfərində nələr oldu? - VİDEO

Mirzoyanın Tehran səfərində nələr oldu? - VİDEO
Video
Siyasət 68

İyulun 24-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Hüseyn Əmir-Abdullahianın dəvəti əsasında Tehrana səfər edib.

Nazirlər nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar apardıqdan sonra birgə mətbuat konfransı keçiriblər və bir sıra diqqətçəkən açıqlamalar veriblər.

Hüseyn Əmir-Abdullahian bəyan edib ki, Ermənistan xarici işlər nazirinin Tehrana səfərinin əsas məqsədi İran prezidenti ilə Ermənistan baş nazirinin son görüşündə əldə olunmuş razılaşmaların icra vəziyyətinin nəzərdən keçirilməsi olub.

Əlbəttə, danışıqlarda ikitərəfli əlaqələrə dair məsələlər də müzakirə obyekti olub. Lakin İran Xarici İşlər Nazirliyinin yaydığı məlumatdan da aydın olur ki, Mirzoyanın Tehran səfərində hər halda Cənubi Qafqazda baş verən proseslər, o cümlədən Azərbaycanla Ermənistan arasında sülh danışıqları diqqət mərkəzində dayanan əsas mövzu olub.

Təsadüfi deyil ki, Ermənistan xarici işlər nazirinin İrana səfəri başlamazdan bir neçə saat öncə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani də Cənubi Qafqazla bağlı məsələlərin ölkəsi üçün fövqəladə əhəmiyyət daşıdığını bildirib və İranın qonşular arasında ixtilafların dinc yolla həlli prosesinə dəstəyini ifadə edib. Ermənistanlı həmkarı ilə birgə mətbuat konfransında Hüseyn Əmir-Abdullahian Ermənistanla Azərbaycan arasında sülh danışıqlarını alqışladıqlarını bildirərək deyib:

“Qafqaz böyük güclər arasında mübarizə və çəkişmə meydanına çevrilməməlidir. Qafqazın böyük güclər arasında rəqabət səhnəsinə çevrilməsi regionumuzda sülhə imkan verməyəcək və bölgədə ciddi çağırışlar doğuracaq.

Bu gün Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları barədə həmkarımla söhbət etdik. Əminik ki, bölgədə müharibəyə əsaslanan nizamın sonu çatıb və indi Qafqaz regionunda sülhə əsaslanan nizamın bərqərar olması zamanı yetişib”.

Əmir-Abdullahian əlavə edib ki, bu sülhün yaranması üçün dövlətlər və xalqlar arasında münasibətlərdə dostluq və əməkdaşlıq dilindən istifadə olunmasına ehtiyac var.

O həmçinin İranın “üç üstəgəl üç” formatını dəstəklədiyini, Ermənistan və Azərbaycanın da iştirak edəcəyi bu görüşün baş tutması üçün səylərini davam etdirəcəyini bəyan edib.

“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Son xəbərlər