Məcburi köçkünlər Dağlıq Qarabağ ərazisinə qayıdacaq - TƏHLİL

Məcburi köçkünlər Dağlıq Qarabağ ərazisinə qayıdacaq - TƏHLİL
Siyasət 2668

30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu. Sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz.

Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. İnzibati ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın şəhid vermədən, qan tökülmədən geri qaytarılır. Sülhməramlıların gəlişi Ermənistan hərbi birləşmələrinin çıxarılması ilə paralel şəkildə həyata keçirilir ki, bu da Ermənistan hərbçilərinin regionda qalmasını istisna edir.

Razılaşmaya əsasən, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. Bu da o deməkdir ki, azərbaycanlı məcburi köçkünlər Dağlıq Qarabağ ərazisinə qayıdacaqlar.

Yaddan çıxarmaq lazım deyil ki, danışıqlar prosesi imitasiya edilirdi, mahiyyət etibarilə “for long occupation”a (uzun müddətli işğala) hesablanmışdı və müxtəlif sayda rayonların gah əvvəl, gah sonra qaytarılmasının müzakirə mövzusuna çevrilməsi ilə “baş altına yastıq” qoyulmasına çalışılırdı. Azərbaycan uzun illər beynəlxalq ictimaiyyəti ədalətli olmağa, BMT Təhlükəsizlik şurasının, digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra olunmasına çağırsa da, 30 ilə yaxın müddətdə ölkəmizin haqq səsi qulaq ardına vuruldu. Bunun əksinə olaraq həmsədrlər “münaqişənin hərb yolu ilə həll variantı yoxdu”, “münaqişə ancaq sülh yolu ilə həll oluna bilər” kimi bəyanatlar verir, ATƏT-in MQ həmsədrlərinin fəaliyyəti və regiona səfərləri isə daha çox qeydiyyat xarakteri daşıyırdı.

Azərbaycanda da Ukraynaya, Gürcüstana münasibətdə tətbiq edilən ssenariləri işə salmaq cəhdləri var idi, Azərbaycan Prezidenti diplomatik səriştəsi, liderlik keyfiyyətləri, Rusiya ilə qurduğu yüksək səviyyəli münasibətlər nəticəsində bu planları da pozmağa nail oldu. Fransadan və digər ölkələrdən Ermənistana silah daşınması ilə əlaqədar çoxsaylı faktlar var idi, ancaq müxtəlif kanallarla bütün siyasi təzyiqlərə və Ermənistana olan hərbi yardımlara baxmayaraq, Azərbaycan Prezidenti ölkəmizin diktə etdiyi şərtlərlə münaqişənin həlli mümkün oldu.

Azərbaycanda güclü “prezident-xalq-ordu” vəhdəti bu təzyiqləri dəf etməyə imkan verdi, Azərbaycan Prezidenti xalqının qürurunun tapdanmasına imkan vermədi, Azərbaycan əsgəri canı-qanı bahasına torpaqlarını azad etdi.

Xalqımızın tarixi qələbəsindən sonra radikal müxalifətin məsələyə yanaşmasında və ritorikasında açıq şəkildə dəyişikliklər müşahidə olunmağa başlayıb. Sentyabrın 27-dən siyasi fəaliyyətində moratorium elan etdiyini deyən müxalifət indi Fransa və digər ermənipərəst ölkələrin Azərbaycana qarşı mövqeyinə uyğun tezislərlə çıxış etməyə başlayıb. Bu isə onların yeni təlimat almasına işarədir. Radikal müxalifətin məlum davranışı heç də təsadüfi xarakter daşımır. Kampaniyanın əvvəlində özlərini xalqı vətənpərvər kimi təqdim edənlər indi müxtəlif bəhanələrlə əldə olunan möhtəşəm qələbənin əhəmiyyətini azaltmağa, cəmiyyətdə zərərli müzakirələrə yol açmağa və bununla da həm öz himayədarlarının sifarişlərini yerinə yetirməyə, həm də gündəmdə qalmağa cəhd göstərirlər.

Ölkəmizin hərb tarixinə yenilik kimi düşən strategiya tətbiq edərək ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi.

Son xəbərlər