Əli Həsənov: "Bir aya torpağımızı azad edə bilərdik, imkan vermədilər"

Əli Həsənov: Bir aya torpağımızı azad edə bilərdik, imkan vermədilər
Siyasət 2396
 

Biz bir aya torpaqlarımızı azad edə bilərdik, imkan vermədilər. Təəssüf ki, müasir dünyada bunun qarşısının alınması mexanizmi var.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, bu sözləri Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Dünya Azərbaycanlılarının IV Qurultayının yekun iclasındakı çıxışında deyib. Diaspor fəaliyyətinin insanın ürəyindən, Vətənə və torpağa bağlılıqdan qaynaqlandığını söyləyən Ə.Həsənov diaspor quruculuğunda iştirak edən hər bir azərbaycanlının Vətənini sevdiyini, onun problemləri ilə yaşadığını diqqətə çatdırıb:

"Dünya azərbaycanlılarının həmrəyliyi ideyası Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqları – Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə və digərləri tərəfindən irəli sürüldü, ancaq bu işi başa çatdıra bilmədilər”.  

Ə.Həsənov deyib ki, Heydər Əliyev hakimiyyətə qayıdandan azərbaycanlıların həmrəylik ideyasını yenidən gündəmə gətirib: 

"Azərbaycançılıq ideyası bir ideologiya kimi formalaşdı və bu gün dövlətçilik siyasətimizin əsasında dayanır. Heydər Əliyev Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsi ideyasını da gündəmə gətirdi və biz 3 il birinci qurultaya hazırlaşdıq. Biz diasporumuzun koordinasiyasını yaratmağa çalışırdıq. Bəzi dövlətlər düşünürdülər ki, azərbaycanlıların həmrəyliyi onların ərazi bütövlüyünə qarşı təhdidə çevriləcək. Heydər Əliyev ortaya qoydu ki, İranda, Rusiyada, Orta Asiyada yaşayan azərbaycanlılar o ölkələrin ən layiqli vətəndaşı statusuna qalxdıqdan sonra Azərbaycanın adını yüksəldə, Vətənə dəstək verə bilər. Azərbaycanlıları bir araya ona görə yığırıq ki, multikultural ənənələrimizi o ölkələrdə təbliğ edək. Məhz belə azərbaycanlılar həm vətəndaşları olduqları ölkələrə, həm də Azərbaycana xidmət edə bilər. O ölkələrin qanunverici və icra orqanlarında təmsil olunaraq o ölkənin firavanlığı üçün çalışa, Azərbaycanın uğurlarına da töhfə verə bilər. Yeri gəlmişkən, Qərb ölkələri başqa xalqların dininə, dilinə, mədəniyyətinə dözüm göstərir, biz isə başqa xalqların dininə, dilinə, mədəniyyətinə ehtiramla yanaşırıq. Bizim fərqimiz budur. Bəşəriyyətdə birgəyaşayışın ən yaxşı forması da budur. Biz qurultayda da dünyaya bu mesajı vermək istəyirik”.

Ə.Həsənov bildirib ki, dünya azərbaycanlıları ilk növbədə öz aralarında birliyə nail olmalıdır: "Xarici ölkələrdə diaspor təşkilatlarının birliyinə nail ola bilmiriksə, normal əməkdaşlığa, milli məsələlərdə həmrəyliyinə nail olmalıyıq. Dövlət başçısı da birliklə bağlı mesajında məhz bunu nəzərdə tuturdu. Beləliklə, xarici ölkələrlə soydaşlarımızın pozulan hüquqlarının bərpasına, mili maraqlarımızın təmini ilə bağlı aksiya və tədbirlərin keçirilməsinə nail ola bilərik. Biz bir aya torpaqlarımızı azad edə bilərdik, imkan vermədilər. Təəssüf ki, müasir dünyada bunun qarşısının alınması mexanizmi var. Ona görə də dünya informasiya məkanına çıxılması, virtual informasiya vasitələrinin yaradılması vacibdir. Dövlət başçısı çıxışında bu məsələyə xüsusi diqqət yetirdi”.

Ə.Həsənov vurğulayıb ki, bu il Dünya Azərbaycanlıları İş Adamları Birliyi yaradılması və Bakıda konfransının keçirilməsi zamanı çatıb: "Xarici ölkələrdə deputat kampaniyalarını maliyyələşdirmək imkanına malik iş adamlarımız var”.

Ə.Həsənov xarici ölkələrdə yaşayan azərbaycanlıların ailələrinin Azərbaycanda istirahət etməsinin önəmli olduğunu nəzərə çatdırıb: "Mən fəxr edirəm ki, azərbaycanlıyam” şüarı soydaşlarımız üçün əsas olmalıdır. Səfirliklər və Dövlət Komitəsi diasporumuzun koordinasiyasını təmin etməlidir”.  

BAKU.WS

Son xəbərlər