İlham Əliyevdən Ermənistanı qorxuya salan sözlər: "Bütün strateji əhəmiyyətli məntəqələr məhv edilə bilər"
27
iyn
2018
11:06
"Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi, iki min hektar ərazi təmizləndi. Uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. Ermənilərin torpaqlarımızda, işğal edilmiş torpaqlarda qazdıqları səngərlərdə bu gün bizim əsgərlərimiz xidmət göstərir. Lələtəpədə bizim bayrağımız dalğalanır. Ağdərə dağlarında bizim bayrağımız dalğalanır". BAKU.WS-in məlumatına görə, bu sözləri Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradda çıxışı zamanı deyib. Dövlət başçısı qeyd edib ki, biz strateji yüksəklikləri əldə etmişik və bu, bizə çox böyük üstünlük verir: "Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan əsgəri, zabiti, generalı - Azərbaycan Ordusu əsl qəhrəmanlıq, peşəkarlıq, rəşadət göstərmişdir. Bir daha göstərmişdir ki, Azərbaycan xalqı bu işğalla barışmayacaq. Bir daha göstərmişdir ki, Ermənistan tərəfindən onların ordusu ilə bağlı uzun illər ərzində yayılan nağıllar mif idi. Biz bu mifi darmadağın etdik. Biz onların illər boyu yaratdıqları dırnaqarası möhkəm müdafiə xəttini bir neçə gün ərzində yardıq, məhv etdik. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir".Prezident əlavə edib ki, Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı bu bayram ərəfəsində - keçən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi: "Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərmişdir. Biz strateji yüksəklikləri zəbt etdik. Biz indi strateji kommunikasiya yollarını nəzarət altında saxlayırıq. Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur. Bir daha onu göstərdi ki, biz istənilən vəzifəni icra edə bilərik və icra edirik, böyük məharətlə və peşəkarlıqla. Bundan sonra Azərbaycan Ordusu hər an hazır olmalıdır ki, öz ərazi bütövlüyünü bərpa etsin. Biz istəyirik ki, münaqişə sülh yolu ilə həll olunsun və Azərbaycanın apardığı siyasət bunun əyani sübutudur. Ancaq bir daha demək istəyirəm ki, biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Biz çox güclü ordu yaratmışıq. Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər. Bizim bu gün nümayiş etdirəcəyimiz silahlar həm Azərbaycan xalqına, həm düşmənə, həm də bütün dünyaya bunu göstərəcək. Ona görə, hesab edirəm ki, məsələnin tezliklə danışıqlar yolu ilə ədalətli həlli, Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi qarşı tərəfin də marağında olmalıdır".BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev Naxçıvan əməliyyatından danışdı
Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi.Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İ...