İlham Əliyev ABŞ-da Ermənistanı ifşa etdi
Ermənistanın atom elektrik stansiyası region üçün birbaşa təhlükə doğurur. BAKU.WS-in məlumatına görə, bunu Prezident İlham Əliyev Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammitində çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, 1976-cı ildə inşa edilmiş, köhnəlmiş atom elektrik stansiyası köhnələn reaktorunu soyutmaq üçün su qıtlığı yaşanan çox seysmik bir zonada yerləşir və region üçün birbaşa təhlükə doğurur.
İlham Əliyev bildirib ki, elektrik stansiyasını istismardan çıxarmaq əvəzinə, Ermənistan onu 2026-cı ilə qədər istismar etməyi planlaşdırır: "Bu isə o deməkdir ki, bütöv region, o cümlədən Ermənistanın özü də növbəti on il ərzində təhlükə içində yaşayacaqdır. Mən beynəlxalq birliyin diqqətini bu məsələyə yönəltmək istəyirəm ki, elektrik stansiyasının fəaliyyətinin dayandırılması və beynəlxalq ictimaiyyətin gözlədiyi qayda və prosedurlara əməl edilməsi üçün Ermənistana təzyiq göstərsin".
İlham Əliyev çıxışında işğal olunmuş Azərbaycan torpaqlarından da bəhs edib. Prezident deyib ki, Ermənistan işğal edilmiş Azərbaycan ərazilərini boşaltmaq üçün həmişə şərtlər irəli sürür.
"Bu işğal 20 ildən çoxdur ki, davam edir. Həmçinin beynəlxalq səviyyədə tanınan sərhədlərimizin bir hissəsi işğal altındadır. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Amma bu qətnamələr kağız üzərində qalmaqdadır. Bir daha təkrar edirəm, bu qətnamələr Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin torpaqlarımızın işğalı 20 ildən çoxdur ki, davam edir".
Prezident İlham Əliyev vurğulayıb ki, əfsuslar olsun ki, Ermənistan işğal edilmiş əraziləri boşaltmaq üçün həmişə şərtlər irəli sürür: "Biz münaqişənin sülh yolu ilə nizamlanması üçün səylərimizi davam etdirəcəyik. Lakin münaqişə Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tapmalıdır".
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak edir - FOTO
Aprelin 1-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti öz işinə başlayıb. BAKU.WS Azərbaycan Respublikasının Prezidenti...