Gürcüstan parlamentinin sədri Buçaya səfər dəvəti ilə bağlı: “Bu, yersizdir”
Ukrayna Ali Radasının rəhbəri Ruslan Stefançuk Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilini Rusiya ordusunun nəzarətindən çıxan Buça və İrpen şəhərlərinə səfərə dəvət edib. Ancaq gürcü rəsmi bundan imtina edib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, Stefançuk özünün “Facebook” səhifəsində parlament sədrinin cavabını şərh edib.
“Yersizdir. Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Buça və İrpenə səfər etmək dəvətimi məhz belə xarakterizə etdi. O, Ukrayna hökumətinin bəzi nümayəndələrinin (Gürcüstanın) bizə güclü dəstəyini tam dərk etmədən buraya gəlməyi qeyri-mümkün hesab edir”, - deyə Ali Radanın rəhbəri yazır.
Stefançuk vurğulayb ki, həmkarı Gürcüstanın BMT kimi beynəlxalq platformalarda Ukraynanın lehinə səs verməsini nəzərdə tutur.
Ali Radanın rəhbəri gürcü xalqına ukraynalılarla həmrəyliyinə görə təşəkkür edib, həmçinin xatırladıb ki, 2008-ci ildə Ukrayna Gürcüstana ilk hərbi və humanitar yardım göstərənlərdən biri olub. Bununla belə, o vurğulayıb ki, bu, “kim daha çox kömək edib” yarışması deyil, çünki hər kəs şərait, vicdan və vəzifə hissi ona imkan verdiyi kimi hərəkət edir.
“Məndə təsviri mümkün olmayan narahatlıq hissi yaradan yeganə məsələ budur: dost ölkəyə gəlmək və onun bədbəxtliyini görmək, dərdinə şərik olmaq, dəstək sözləri söyləmək üçün dəvəti “yersizdir” adlandırmaq nə dərəcədə düzgündür? Mənə elə gəlir ki, dost bunu dəvətsiz də etməlidir”, - deyə Ruslan Stefançuk sözlərini yekunlaşdırıb.
Xatırladaq ki, BMT Baş Assambleyasında Rusiyanın BMT-nin İnsan Haqları Şurasından çıxarılmasına dair səsvermə zamanı Gürcüstan Ukraynanı dəstəkləmişdi.
Oxşar xəbərlər
Britaniya kəşfiyyatı: “Mariupolun mərkəzi Ukraynanın nəzarəti altındadır”
“Ukrayna qüvvələri Kiyevin şimal-qərbində, o cümlədən İrpen, Buça və Qostomeldə lokal əks-hücumlar keçirməyə davam edir. Bu hücumlar müəyyən uğur qazanıb və rus...