General-mayor Yücel Karauz: "Türkiyə-Azərbaycan münasibətlərini pozmaq cəhdləri bağışlanmazdır"

"Eyni tarixi kökdən gəldiyimiz stratejik müttəfiqimiz olan Azərbaycan Türkiyə ilə bir-birindən ayrılmayan ətlə dırnaq kimidir.
Dolayısı ilə Türkiyə və Azərbaycan münasibətlərini bilərəkdən və ya bilmədən, yaxud başqalarının maşası olaraq pozmağa çalışan şəxslər, qruplar, sosial medya qrupları, qəzet və televiziyalar bu dostluğa, strateji müttəfiqliyə zərər verə bilməzlər.
Çünki biz Balkan müharibəsində, Çanakkaledə çiyin-çiyinə idik. Qafqaz İslam Ordusu və Azərbaycanın Vətən uğrunda şəhid olan əsgərləri bir yerdə uyuyurlar. 44 günlük Vətən müharibəsində mənəvi olaraq bərabər idik, yanğında, zəlzələdə bir yerdəyik.

Mənəvi və tarixi dəyərlərimizlə birlikdə, cənab Rəcəb Tayyib Ərdoğan və cənab İlham Əliyevin münasibətləri ən yüksək səviyyəyə çıxardıqları Şuşa Bəyannaməsi ruhu ilə hərəkət edildiyi bir vaxtda heç kimin bunu pozmasına, buna fitnə qarışdırmasına və başqa ölkələrin beşinci kolonu olaraq zərbə vurmasına imkan verə bilmərik"
Bu sözləri Oxu.Az-a son vaxtlar Azərbaycana qarşı başladılan dezinformasiya, qarayaxma kampaniyası ilə bağlı danışan Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.
General-mayor sözügedən kampaniyanı başladan güclərin məqsədlərindən bəhs edərək bildirib ki, Türkiyə ilə Azərbaycanın bəzi məsələlərdə fərqli siyasət yürütmələri tamamilə təbiidir:
"Bunları edənlər Rusiya və İranda bəzi çevrələrə və fərqli imperialist qüvvələrə xidmət edənlərdir. Ələlxüsus da sosial mediada yayılan iftiralar və bunlara nəzarət edilməməsi belə təsir agentlərinin zaman-zaman ön plana çıxmasına və gündəm formalaşdırmasına şərait yaradır. Təbii ki, bu kimi halların qarşısını almaq vəzifəsi Türkiyə və Azərbaycandakı səlahiyyətli şəxslərin öhdəsinə düşür. Çünki hadisə baş verəndən sonra tədbir görmək bəzən böyük çətinliklər yaradır. Bu problemlər həm də daha çox hər bir ölkənin suveren hüququ kimi öz milli maraqlarına uyğun hərəkət etmək hüququ və mühakimələrindən, xüsusən də Yaxın Şərqdə baş verən son proseslərdə başqa ölkələrin və dövlətlərin siyasətlərində yalnız öz düşüncələrini və ya perspektivlərini görmək istəyindən irəli gəlir.
Türkiyə və Azərbaycan müstəqil ölkələrdir. Şəksiz ki, müttəfiq ölkələrik, qardaşıq, qlobal, regional və ikitərəfli münasibətlərimizin 90 faizinə dair eyni mövqedən çıxış edirik, lakin bəzi məsələlərdə fərqli düşünmək və hərəkət etmək hüququna malikik. Yəni öz baxışlarını yeritməyə çalışan, başqaları üçün beşinci kolon rolunu oynayan, sosial medianın sərhədsiz boşluğunda fikir bildirmək imkanı əldə edənlərin bu münasibətləri pozmağa, başqa ölkələrin maraqlarına xidmət etməyə cəhd etməsi qəbuledilməz, bağışlanmaz və dözülməz haldır. Ermənistanın, İranın, Rusiyanın Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyən qüvvələrinin maraqlarına xidmət etmək heç kimə fayda verməz".
Yücel Karauz bu cür fəaliyyətlə məşğul olanların öz mənfur məqsədlərinə çata bilməyəcəklərini vurğulayaraq deyib:
"Bu baxımdan belə halların qarşısının alınması, ictimaiyyətin yetərincə məlumatlandırılması, insanların bilərəkdən və ya bilməyərəkdən yanlış yola düşməmələri üçün təmkinli davranmaq, bir növ zərgər dəqiqliyi ilə hərəkət etmək lazımdır. Bunlar keçici hallar, boş fəaliyyətlərdir. Yuxarıda vurğuladığım kimi, Türkiyə-Azərbaycan qardaşlığı əzəldən əbədiyyətə qədər sarsılmaz qalacaqdır. Bu cür nifaq toxumu səpmək cəhdləri, məqsədli fəaliyyətlər nə ölkələrimizin liderləri arasında münasibətləri, nə dövlətlərarası münasibətləri, nə də xalqlarımız arasındakı qardaşlıq, müttəfiqlik münasibətlərini poza bilər"
Oxşar xəbərlər
ADY sədri: "Zəngəzur dəhlizi BTQ ilə birgə tranzit imkanlarını artıracaq"
"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyə arasında yükdaşımaların əsas xətti olaraq regional nəqliyyat sistemində mühüm rol oynayır"....
