Ermənistan KTMT-dən çıxıb?

Ermənistan KTMT-dən çıxıb?
Siyasət 12

Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvan qarşısında öhdəliklərini yerinə yetirməməsi Ermənistanı müstəqil edib:

"2022-ci ildə biz anlayanda ki, KTMT bizim qarşımızda öhdəliklərini yerinə yetirməyib, yetirmir və yetirməyəcək, o an müstəqil olduq, çünki anladıq ki, yalnız özümüzə arxalana bilərik".

Bəs "müstəqillik" deyəndə bu, əslində, Ermənistanın de-fakto olaraq təşkilatdan çıxdığını elan etməsi sayıla bilər? Amma belə olan halda proses de-yure necə olmalıdır? Ümumiyyətlə, hazırda KTMT-nin fəaliyyətinə nə ehtiyac var?

Mövzu ilə bağlı Oxu.Az-a danışan politoloq Rəşad Bayramov bildirib ki, Paşinyanın nə deməsindən asılı olmayaraq, Ermənistan nə iqtisadi cəhətdən, nə təhlükəsizlik təminatı tərəfindən, nə də müxtəlif sahələrdə siyasi qərarların qəbul olunması baxımından hələ də müstəqil ölkə deyil:

Ermənistan KTMT-dən çıxıb?

"Təbii ki, Azərbaycanla sülh və Zəngəzur dəhlizinin açılması, nəticədə Ermənistanın regional layihələrdə iştirak imkanı əldə etməsi zamanla onun da müstəqil ölkə ola bilməsini şərtləndirəcək. Amma nə qədər ki ölkə ərazisinin sərhədləri başqa bir ölkənin hərbçiləri tərəfindən qorunacaq, ölkənin müstəqil iqtisadiyyatı mövcud olmayacaq, ölkə ərazisində baş nazirin bəyənmədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına faktiki olaraq rəhbərlik edən bir ölkənin hərbi bazası fəaliyyət göstərəcək, demək ki, belə bir ölkə haqqında müstəqillikdən danışmaq olmaz. Ona görə də Paşinyanın belə bir açıqlama verməsi KTMT-dəki fəaliyyətini sonlandırması anlamına gəlmir. Çünki o, 2020-ci ildə, 44 günlük müharibədən sonra da oxşar bəyanatlarla çıxış edir və təşkilatın Ermənistan qarşısında götürdüyü öhdəlikləri icra etməməsi, faktiki olaraq Ermənistanın da bu qurumda iştirakını əhəmiyyətsiz etdiyini deyirdi. Ondan sonra da biz İrəvanın qurumun tədbirlərini boykot etməsinin, təlimlərdə iştirakdan imtina və ən nəhayət, təşkilatın maliyyələşməsindən uzaq durmasının şahidi olduq. Amma bütün bunlara baxmayaraq, Ermənistan KTMT-dən çıxmaqla bağlı qərar qəbul etməyib".

"Parlament seçkisi öncəsi Paşinyan hakimiyyətinin belə bir cəsarətli addım atacağı inandırıcı deyil. Çünki onun son səfərlərinə nəzər salanda görürük ki, baş nazir seçkidən əvvəl Rusiyadan gələn təzyiqləri neytrallaşdırmaq üçün mövqe ortaya qoyur. Amma belə bir şəraitdə KTMT-dən çıxmaq haqqında qərar qəbul edib, Moskvadan gələn təzyiqləri artırmaq Ermənistanın maraqlarına cavab vermir. Paşinyan çox istəyərdi ki, KTMT müvafiq öhdəlikləri yerinə yetirmədiyini əsas gətirərək Ermənistanın qurumdan çıxması haqqında qərar qəbul etsin. Ancaq Rusiya da belə bir addım atmağa tələsmir və düşünür ki, Ermənistanın özünün müraciəti olmadığı halda onun KTMT-də qalması İrəvanı bu və ya digər şəkildə özünə bağlamaq üçün vasitədir. Ona görə də bu istiqamətdə qərar qəbul etmir", - deyə müsahibimiz vurğulayıb.

Onun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsinə uyğun olaraq, üzv ölkələrin qurumun tədbirlərində iştirakı öhdəlikdir:

"O cümlədən də təşkilatın maliyyələşməsi, yəni üzvlük haqqının ödənilməsi kimi məsuliyyətlər var. Amma bu öhdəliklər icra edilmədiyi halda hansı qərarların qəbul ediləcəyi, yaxud da ölkənin qurumdan çıxarılacağı barədə müddəa yoxdur. Bir müddət əvvəl KTMT rəhbərliyinin Ermənistana xəbərdarlıq etdiyinin şahidi olmuşduq. Bildirilmişdi ki, bu ilin sonuna qədər müvafiq üzvlük haqqının ödənilməməsi Ermənistanla bağlı addımların atılmasına gətirib çıxara bilər. Lakin hansı addımların nəzərdə tutulduğundan söz düşəndə bunun Ermənistanın təşkilatdan çıxarılması ilə bağlı olmadığı bəyan edilmişdi. Yəni səs hüququ əlindən alına bilər, tədbirlərdə iştirakına icazə verilməz və s. Lakin Ermənistan, onsuz da, qurumun tədbirlərində iştirak etmir ki, bu da böyük ölçüdə İrəvanın fəaliyyətinə hər hansı bir təsir göstərmir. Odur ki, indiki halda nə Ermənistan KTMT-dən çıxmaq haqqında qərar verməyə hazırdır, nə də təşkilatın Ermənistanı öz sıralarından uzaqlaşdırması inandırıcı deyil".

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı formal bir qurumdur. Rusiya Qərb institutlarına alternativlər yaratmaq məqsədilə belə təşkilatlar formalaşdırmışdı. Məsələn, necə ki Avropa İttifaqına alternativ kimi Avrasiya İqtisadi İttifaqı yarandı, eləcə də KTMT-də NATO-nun alternativi idi. Buna baxmayaraq, qurum bu günə qədər hər hansı bir formada nəyəsə nail olmayıb. Ona görə də təşkilatın qorunub-saxlanılmasına böyük ölçüdə ehtiyac yoxdur. Düşünürəm ki, zamanla bu qurumun buraxılması haqqında qərara şahidlik edəcəyik", - Bayramov diqqətə çatdırıb.

Ekspert əlavə edib ki, Paşinyanın belə bir bəyanatla çıxış etməsi, bir tərəfdən, Qərbə Rusiya ilə arasında məsafə qoyduğunu göstərmək kimi qəbul oluna bilər:

"Digər tərəfdən isə qurumdan çıxmamaq Rusiyadan gələn təzyiqləri neytrallaşdırmağa, xüsusilə də seçki dönəmində loyal münasibətlərin saxlanılmasına hesablanıb".

Son xəbərlər