Elmira Süleymanova Avropa Ombudsmanlar İnstitutuna etiraz etdi

Elmira Süleymanova Avropa Ombudsmanlar İnstitutuna etiraz etdi
Siyasət 1064
 

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Avropa Ombudsmanlar İnstitutunun (AOİ) saytında ölkəmizlə bağlı qərəzli və böhtan dolu məlumatların yerləşdirilməsi ilə əlaqədar həmin qurumun baş katibi Yozef Zigelə etiraz məktubu göndərib. Bu barədə BAKU.WS-ə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Məktubda bildirilir: "Avropa Ombudsmanlar İnstitutunun 11.04.2016-cı il tarixli bəyanatında qeyd olunur ki, "AOİ Dağlıq Qarabağdakı mülki əhalinin insan hüquqlarının pozulmasını və mülki obyektlərə olan hücumları qınayır". Əslində isə Dağlıq Qarabağdakı mülki əhaliyə qarşı heç vaxt belə bir hücum olmamışdır. Məlum olduğu kimi, erməni hərbi qüvvələri öz torpaqlarından və Azərbaycanın işğal olunmuş ərazilərindən atəşkəsi mütəmadi olaraq pozur və onların əsas hədəfi yaxın şəhər və kəndlərdə yaşayan dinc əhalidir. Bunu sübut edən çoxsaylı faktlar var.

Yuxarıda göstərilən, düzgün ifadə olunmamış və həqiqəti əks etdirməyən bəyanatınızdakı cümləyə istinad edərək erməni informasiya saytları "AOİ Dağlıq Qarabağdakı mülki əhaliyə qarşı hücumlara görə Azərbaycanı qınayır" ifadəsi kimi dezinformasiya yayır və dünya ictimaiyyətinin fikrini çaşdırmağa çalışır. Buna görə də biz AOİ-nin 11.04.2016-cı il tarixli həmin bəyanatın saytdan götürülməsini və təkzib verilməsini tələb edirik. Eyni zamanda qondarma "Dağlıq Qarabağ respublikası"nın "insan hüquqları müdafiəçisinin" "2-5 aprel 2016-cı il tarixdə Azərbaycan hərbi qüvvələri tərəfindən "Dağlıq Qarabağ respublikası"nın mülki əhalisinə və "Dağlıq Qarabağ ordusu"nun hərbi qulluqçularına qarşı törədilən vəhşiliklər" adlı saxta aralıq hesabatı AOİ-nin rəsmi saytında yerləşdirilmişdir. Belə saxtalaşdırılmış məlumatların yayılmasının dayandırılması məqsədilə həmin məruzənin saytınızdan götürülməsi üçün zəruri tədbirlərin həyata keçirilməsini tələb edirik. AOİ tərəfindən dəstəkləndiyini öz səhifələrində qeyd etmiş www.euro-ombudsman.org saytı da Dağlıq Qarabağda mövcud vəziyyətlə bağlı həqiqətləri əks etdirməyən informasiyalar yayır".

Məktubda qeyd olunur: "Biz dəfələrlə müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən AOİ-yə bəyanatlar göndərərək bildirmişik ki, dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıyır, habelə BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələri Azərbaycanın işğal olunmuş ərazilərindən erməni hərbi birləşmələrinin dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir ki, bu da işğal faktını bir daha sübut edir. Bundan başqa, bu məsələlər dəfələrlə AOİ-nin üzvlərinin iştirakı ilə keçirilən Baş Assambleyanın sessiyalarında və müxtəlif görüşlərdə tərəfimizdən gündəmə gətirilmiş və müzakirə olunmuşdur. Biz həmişə AOİ-yə ünvanlanan məktublarda bu quruma beynəlxalq hüquqa uyğun olaraq insan hüquqlarının təmini və müdafiəsi eyni zamanda, onların pozulmasının qarşısının alınması istiqamətində fəaliyyət göstərən ciddi bir təşkilat kimi baxdığımızı qeyd etmişik. Lakin 25 ildən çox müddətdə mülki əhalinin insan hüquqlarının kütləvi pozulması ilə nəticələnən Azərbaycan ərazisinin 20 faizinin işğal faktını qınamayaraq, əksinə bu cür separatçı rejimin informasiya mənbələrindən göndərilmiş saxtalaşdırılmış hesabatların Sizin saytınızda yerləşdirilməsinə rəvac verməklə münaqişənin sülh yolu ilə həll olunmasına səy göstərmək əvəzinə, onun daha da gərginləşməsinə səbəb olursunuz.

Biz AOİ-yə ünvanlanmış bəyanat və məktublarımızın tərəfinizdən cavablandıracağınıza ümid edirik. Həmçinin biz inanırıq ki, Siz qeyd olunmuş hesabatı və məlumatı öz saytınızdan siləcək və gələcək fəaliyyətinizdə bu cür hərəkətlərin qarşısını alacaqsınız." Xüsusilə vurğulanmalıdır ki, qondarma "Dağlıq Qarabağ respublikası" adlı bir dövlətin mövcud olmadığını və həmin torpaqların Azərbaycan Respublikası əraziləri olduğunu sübut edərək, 2010-cu ildə Azərbaycan ombudsmanının hüquqi əsaslandırılmış haqlı təkidi və tələbi ilə o zaman AOİ-nin institusional üzvləri sırasında göstərilmiş "Dağlıq Qarabağ respublikası"nın "ombudsmanı" həmin təşkilatın üzvlüyündən çıxarılmışdır. Qeyd edilməlidir ki, artıq uzun illərdir Azərbaycan ombudsmanı bir çox beynəlxalq qurumların, o cümlədən AOİ-nin üzvü kimi bu qurumun Baş Assambleyasının sessiyalarında və müxtəlif görüşlərində iştirak edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri, ermənilər tərəfindən törədilən vəhşilikləri, təmas xəttində yaşayan dinc əhalinin, onların evlərinin, təsərrüfatlarının, habelə sosial obyektlərin hədəfə alındığı və bunun nəticəsində baş verən faciələr barədə məlumatları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmış, AOİ üzvləri arasında bu həqiqətləri əks etdirən xarici dillərdə kitabları, bukletləri və diskləri yaymışdır".

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər