Eldar Mahmudovla bağlı şok ittiham: "dövlət çevrilişinə cəhd"

Eldar Mahmudovla bağlı şok ittiham: dövlət çevrilişinə cəhd
Siyasət 4654

 

Milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən uzaqlaşdırılmasında daha bir maraqlı məqam diqqət çəkir. Hazırkı situasiya və hakimiyyət daxilində yaşananlar düz 10 il əvvəli xatırladır. 2005-ci ildə də parlament seçkilərinə bir neçə həftə qalmış - məhz 17 oktyabrda iki qüdrətli nazirin həbsi həyata keçirilmişdi.

O zaman iqtisadi inkişaf naziri olan Fərhad Əliyev və səhiyyə naziri Əli İnsanov həbs olunduqdan dərhal sonra geniş kampaniya başladı. Nazirlərin xarici kəşfiyyatla əlaqəli olduğu və ölkədə "narıncı inqilab" etmək istədikləri iddiası irəli sürüldü. Həmin dövrdə Azərbaycan hakimiyyətinə belə bir əməliyyatı keçirmək əmrinin məhz Rusiyadan gəldiyi deyilirdi. Səslənən fərziyyələrdə vurğulanırdı ki, hakimiyyət atdığı bu addımla iqtidar daxilində mərkəzdənqaçmanı dayandırmağa çalışıb.

Maraqlıdır ki, hazırda da E.Mahmudovun vəzifəsindən kənarlaşdırılması prezident İlham Əliyevin MDB dövlət başçılarının zirvə toplantısından qayıtmasından dərhal sonra baş verdi. Həmin sammitdə Putinlə görüşən İlham Əliyevə çox ciddi informasiyaların da verilməsi istisna edilmir.

Bəs 2005-ci ildə baş verənlərlə indi baş verənlərin arasında oxşar və fərqli tərəflər hansılardır?

BAKU.WS "Yeni Müsavat"a istinadən bildirir ki, ADP sədri Sərdar Cəlaloğlu açıqlamasında deyib ki, 2005-ci ildə baş verən hadisələrlə 2015-ci ildə indi baş verən hadisələrin oxşar tərəfi odur ki, 10 il əvvəl də Azərbaycan iqtidarının daxilində dövlət çevrilişinə hazırlaşan qüvvələr aşkarlanmışdı, indi də dövlət çevrilişinə hazırlıq görən qüvvələr aşkarlanıb: "Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad olunması, MTN zabitlərinə cinayət işinin açılması, həyata keçirilən həbslər, Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin azaldılması, xüsusən də nazirliyin qoçu dəstələrinin ləğvi dövlət çevrilişinə hazırlıq içində olanların ifşası və zərərsizləşdirilməsi prosesinin tərkib hissəsidir. Azərbaycan hakimiyyətinin daxilində çevrilişə hazırlaşan qüvvələr ifşa olunub. 2005-ci ildəkindən fərqli cəhət isə odur ki, o dövrdə Azərbaycan müxalifətinin güclü olması və fəallığı nəticəsində iqtidar daxilində bəzi qüvvələr içəridən çevriliş eləməyə çalışırdılar. İndi isə Azərbaycanda ciddi iqtisadi, sosial böhran yaranmağa başladığı üçün hakimiyyətin zəiflədiyini düşünən iqtidardaxili qruplar gözlənilən hadisələrdən bəhrələnmək istəyinə düşüb çevrilişə hazırlıq görürmüşlər. Bir aksiomdur ki, ağır sosial-iqtisadi böhran olan ölkələrdə birinci siyasi böhran başlayır, siyasi böhranın əlaməti dövlət çevrilişləridir, əgər bunlar baş tutmursa, arxasınca sosial böhran gəlir. Bu da vətəndaş qarşıdurması, xarici müdaxilələr kimi arzuolunmaz hadisələrin inkişaf eləməsidir. Siyasi böhran odur ki, yaranmış iqtisadi durumdan ya müxalifət bəhrələnib hakimiyyəti dəyişmək istəyəcək, ya da hakimiyyətin öz içində olan qüvvələr müxalifətsiz hakimiyyəti dəyişdirmək istəyəcək. 2005-ci ildə Əli İnsanovla Fərhad Əliyev Rəsul Quliyevlə bizim apardığımız mübarizənin üstündə təşəbbüsü ələ almaq istəyirdilər. İndi müxalifətdə ovaxtkı güc və hərəkat yoxdur. Deməli, indiki halda iqtidarın içindəki qüvvələr müxalifətdən yox, yaranmış iqtisadi böhrandan və beynəlxalq situasiyadan istifadə edib hakimiyyəti ələ almaq istəyiblər. Bunun isə üstü açılıb və İlham Əliyev bu şəbəkəyə qarşı tədbirlərə başlayıb".

S.Cəlaloğlu bəyan etdi ki, çevrilişə hazırlıq görən qüvvələr təkcə MTN naziri və bu strukturda işləyənlər deyil, bu şəbəkənin digər strukturlarda da güclü üzvləri var: "Çox güman ki, digər bəzi nazirlər və bəzi komitə sədrləri də bu işin içindədirlər. Onların sıradan çıxarılması növbəsi çatacaq. Yeni həbs olunan MNT-çilər, çox güman ki, əlavə ip ucları verəcəklər və həmin iplərin bir ucu gedib başqa nazirlərin, komitə sədrlərinin, məmurların, deputatların boğazına ilişəcək. Böyük ehtimalla proses Eldar Mahmudovun və digər iri fiqurların da həbsinə gətirib çıxaracaq. Hansı dövlətlərin dövlət çevrilişi hazırlığına xeyir-dua verdiyi də məlum olacaq".

S.Cəlaloğlu vurğuladı ki, dövlət başçısı İlham Əliyevin Qazaxıstandan gələndən dərhal sonra Eldar Mahmudovla bağlı atdığı addım göstərir ki, bəzi məlumatlar Rusiyanın kəşfiyyat orqanları, bəlkə də şəxsən Putin tərəfindən ona çatdırılıb: "Vaxtilə Tansu Çillərin Azərbaycanda dövlət çevrilişi hazırladığı barədə Heydər Əliyevə Süleyman Dəmirəl tərəfindən məlumat verilmişdi. Yəni bir çox hallarda hakimiyyət özünün içində dövlət çevrilişinə hazırlıq getdiyi barədə informasiyaları məhz xaricdəki mötəbər mənbədən alır".

BAKU.WS

Oxşar xəbərlər

MTN generalının evində axtarış aparılıb

MTN generalının evində axtarış aparılıb

Oktyabrın 17-də prezident sərəncamı ilə milli təhlükəsizlik naziri postundan azad olunan Eldar Mahmudovun 1-ci müavini, general-leytenant Hilal Əsədovun evlərin...

3499 Hadisə 15:28 20 oktyabr 2015

Son xəbərlər